Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1570/2025 07.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 3628.70 manat əsas, 790.79 manat faiz borcu, 386.89 manat cərimə borcu olmaqla, cəmi 4806.38 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, MƏ 2(051)- 5738/2016 saylı məhkəmə əmrinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3628.70 (üç min altı yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat əsas borc, 790.79 (yeddi yüz doxsan manat yetmiş doqquz qəpik) manat faiz borcu, 386.89 (üç yüz səksən altı manat səksən doqquz qəpik) manat cərimə olmaqla, cəmi 4806.38 (dörd min səkkiz yüz altı manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun alınıb kreditor "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh2 23 yanvar 2023-cü il tarixdə məhkəmə əmrinin ləğvi barədə ərizə verərək 04 noyabr 2016-cı il tarixli, MƏ 2(051)-5738/2016 saylı məhkəmə əmrinin ləğv olunmasını, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(051)-5738/2016 saylı qərardadı ilə Mingəçevir şəhər məhkəməsinin 04 noyabr 2016-cı il tarixli, MƏ 2(051)-5738/2016 saylı məhkəmə əmrinin ləğv edilməsi, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək 2(051)-711/2023 saylı mülki iş üzrə iddiaçının İddiaçı ASC ilə əvəz edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-711/2023 saylı qərardadı ilə ərizə Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-711/2023 saylı qərardadının ləğv edilməsini və mülki iş üzrə icraatı təzələyərək işə mahiyyəti üzrə baxılmasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 04 iyul 2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-711/2023 saylı qərardadı ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və göstərdi ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 27% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş, lakin cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Nəticədə, onların kredit müqaviləsi üzrə 3628.70 manat əsas, 790.79 manat faiz və 386.89 manat cərimə olmaqla, cəmi 4806.38 manat borcları yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Odur ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 3628.70 manat əsas, 790.79 manat faiz borcu, 386.89 manat cərimə borcu olmaqla, cəmi 4806.38 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, o, 2016-cı ildə Cavabdeh1 Unibank tərəfindən verilmiş kredit üzrə zamin olmuşdur. Həmin kreditin müqavilə üzrə müəyyən olunmuş müddəti 2019-cu ildə başa çatmağına baxmayaraq, ona bu illər ərzində borcun ödənilməməsi və ya hər hansısa gecikmə barəsində heç bir rəsmi bildiriş və xəbərdarlıq təqdim olunmamışdır. Hazırda kredit müqaviləsinin bağlandığı tarixdən 9 il müddət keçmişdir və bu illər ərzində Unibank tərəfindən krediti götürən Cavabdeh1 qarşı heç bir hüquqi addım atılmamışdır. Bunu nəzərə alaraq zaminliyə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmiş, Cavabdeh1 isə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 05 saylı MİS-ə məhkəmə bildirişi ünvanlanmış və qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 27% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin banka olan borcu 3628.70 manat əsas, 790.79 manat faiz və 386.89 manat cərimə olmaqla, cəmi 4806.38 manat təşkil edir. İş materiallarına tələbkar "xxxx" KB ASC ilə yeni tələbkar “X2” MMC arasında bağlanmış tələb hüququnun satılması haqqında xx.xx.2021-ci il tarixli müqavilə və eyni tarixli təhvil-təslim aktı əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Çıxarışdan görünür ki, qurumun adı (əvvəlki) “X2” MMC, qurumun adı (hazırki) İddiaçı ASC göstərilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 27% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti və faizlərini qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-711/2023 saylı qərardadı ilə ərizə Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-711/2023 saylı qərardadının ləğv edilməsini və mülki iş üzrə icraatı təzələyərək işə mahiyyəti üzrə baxılmasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən, məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə illik 27% ödəmək şərtilə 4500 manat məbləğində pul (kredit) verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının Cavabdeh1 qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, zaminə münasibətdə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından da aydın görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi 48 ay müddətinə bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-711/2023 saylı qərardadı ilə ərizə Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı isə 2 ildən də artıq müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-711/2023 saylı qərardadının ləğv edilməsini və mülki iş üzrə icraatı təzələyərək işə mahiyyəti üzrə baxılmasının təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi zamin, iş üzrə Cavabdeh2 münasibətdə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı (kreditor) ona qarşı iddia irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə, həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində əks olunan müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir. Bu halda hüquqi hadisə kimi zaminliyin xitamı məhkəmə aktı əsasında deyil, qanuna əsasən baş tutur. Ona görə də həmin normada zaminliyə xitam verən müddətin keçməsi müəyyən olunduqda, zaminə qarşı yönəlmiş tələb məhkəmənin ayrıca akt şəklində qərardadı ilə deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə rədd edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh (zamin) Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 3628.70 manat əsas borc, 790.79 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən azaldılaraq, 15 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 15 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh1 3628.70 manat əsas, 790.79 manat faiz və 15 manat cərimə olmaqla, cəmi 4434.49 manat pul alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğdə pul vəsaiti də Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3628.70 (üç min altı yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat əsas borc, 790.79 (yeddi yüz doxsan manat yetmiş doqquz qəpik) manat faiz borcu, 15 (on beş) manat cərimə olmaqla, cəmi 4434.49 (dörd min dörd yüz otuz dörd manat qırx doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC-yə verilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1570/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1570/2025
07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver