Məhkəmə qərarları › İş №2(051)-1578/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1578/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1578/2020 02.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, Cavabdeh 2018-ci ildən tanıyır. Belə ki, həmin vaxt cavabdeh onun həyat yoldaşını Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində mama işinə düzəldəcəyinə söz verərək ondan 5000 manat məbləğdə pul istəmişdir. Cavabdehin xəstəxanada işlədiyini, bir neçə adama işə düzəldilməsinə kömək etməsini eşitmişdir. O da xx xxxxxx 2018-ci ildə 5000 manat məbləğində pulu X3 iştirakı ilə cavabdehə vermişdir. Cavabdeh da bu barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh onun həyat yoldaşını işə düzəltmədi. Bundan sonra cavabdehin ona qarşı dələduzluq etdiyini başa düşmüş və verdiyi pulu geri istəmişdir. Ancaq cavabdeh ona olan borcunu qaytarmaqdan imtina etdi. Bundan sonra o cavabdehin əməlində cinayət tərkibinin əlamətlərinin olması ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmiş, Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinin xx xxxx 2020-ci il tarixli qərarında Cavabdeh əməlində cinayət tərkibinin əlamətlərinin olduğunu, lakin müddət keçdiyinə görə cinayət məsuliyyətinə cəlb edilə bilmədiyindən onun barəsində cinayət işi başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdu. Dəfələrlə cavabdehə ona olan borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. İddianın təmin olunmasını, Cavabdeh 5000 (beş min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, İddiaçı həyat yoldaşını işə düzəltmək məqsədi ilə 2018-ci ildə 5000 manat məbləğində pul almışdır. Həmin pulu hissə-hissə ödəyəcəkdir. X2 məhkəmə iclasında ifadəsində bildirdi ki, həqiqətən də, Cavabdeh onun yanında həyat yoldaşını Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində mama işinə düzəldəcəyinə söz verərək İddiaçı 5000 manat məbləğində pul almışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Cavabdeh, Ə.O. Hüseynov və E.N.Əhmədov tərəfindən imzalanmış yazıda göstərilir ki, M.Ə.X1 iştirakı ilə İddiaçı həyat yoldaşının Mingəçevir şəhər xəstəxanasının doğum evinə mama işinə düzəltmək üçün xx.xx.2018-ci ildə 5000(beş min) manat pul almışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər PŞ-nin İB-nin müstəntiqi S.Balayevin “Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh əməlində Cinayət Məcəlləsinin 178-1-ci maddəsinin tərkibi vardır, lakin müddət keçdiyinə görə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilə bilməyəcəyindən cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı həyat yoldaşını işə düzəltmək adı ilə 2018-ci ilin fevral ayında 5000 manat məbləğində pul almış və iddiaçıya maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 5000 (beş min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 5000 (beş min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar