Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1578/2021 25.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı « alimentin məbləğinin həcminin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 13.08.2009-cu il təvəllüdlü X6, 04.10.2011-ci il təvəllüdlü X2, 05.12.2012-ci il təvəllüdlü X1 üçün onlar, yetkinlik yaşına çatana qədər Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər hər birinə 200 manat, cəmi 600 manat sabit pul məbləğinin cavabdeh X3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 2008-ci il tarixdə Cavabdeh ilə qeri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə onların birgə qeyri-rəsmi nikahlarından üç övladları:13.08.2009-cu il təvəllüdlü X10, 05.10.2011-ci il təvəllüdlü X5 və 05.12.2012-ci il təvəllüdlü X11 olmuşdur. Cavabdehlə yeddi ildən artıq müddətdir ki, xasiyyətlərinin bir-birinə uyğun gəlməməsi səbəbindən münasibətləri soyumuş və ailə münasibətlərini kəsmişlər. Ailələri faktiki olaraq dağılmışdır və bərpası mümkün olmamışdır. O, 2015-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqların saxlanılması üçün formal olaraq hər birinə 40 manat, cəmi 120 manat aliment tutulmasını xahiş etmişdir. Hesab etmişdir ki, özü uşalara baxa bilər. Uşaqların atası özü köməklik göstərəcəkdir. Lakin hazırki günədək cavabadeh sadəcə Mingəçevir Şəhər Məhkəməsinin 21.01.2020-ci il tarixli 2(051)-240/2020 saylı qətnaməsinə əsasən qəbul edilmiş, cəmi 330 manat alimenti ona göndərmiş və digər heç bir köməklik göstərməmişdir. Məlum məsələdir ki, indiki zəmanədə uşağın gündəlik tələbatı yüksəkdir, alimentdə qeyd olunan 110 manat uşağın saxlanılması üçün heç yetərli deyil. Uşaqlarının hər üçü məktəbdə oxuyur. Onların gündəlik kifayət qədərdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Heç bir köməklik göstərmir. Uşağın maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. O özü heç bir yerdə işləmir. Məcburi köçkün olduğu üçün 60 manat çörək pulu alır. Birdə cavabdehdən cəmi 330 manat aliment alır. Bu da cəmi 390 manat təşkil edir. Bu məbləğlə o hər üç uşağının saxlanmasını təmin etməkdə çox çətinlik çəkir. Uşaqların ataları yerli qeydiyyat olduğu üçün uşaqlara çörək pulu da ala bilmir. Maddi imkanı olduqca çətindir. Cavabdeh Rusiya Federasiyasında daim biznes fəaliyyəti ilə məşğul olur, yüksək gəliri var, lakin qazancı dəyişkən və qeyri-müntəzəmdir. Cavabdeh avtomobil idarə etməsi barədə sübut olaraq borclunun barəsində DİN tərəfindən EQ3213929 saylı 25.02.2020-ci il tarixli protokol, EQ3017294 saylı 24.01.2020-ci il tarixli protokol, EQ3068112 saylı 01.02.2020-ci il tarixli protokollardan görünür ki, borclu yol hərəkəti qaydalarını pozduğu üçün barəsində inzibati protokol tərtib edilmişdir. İmkanı yüksəkdir. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq uşaqların hər birinə hər ay 200 manata, cəmi 600 manata çatdırılmalıdır. Ona görə də məhkəmədən bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 13.08.2009-cu il təvəllüdlü X6, 04.10.2011-ci il təvəllüdlü X2, 05.12.2012-ci il təvəllüdlü X1 üçün onlar, yetkinlik yaşına çatana qədər Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər hər birinə 200 manat, cəmi 600 manat sabit pul məbləğinin cavabdeh X3 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqələrinin (şəkilsiz) surətlərindən görünür ki, 13.08.2009-cu il təvəllüdlü X10, 05.10.2011-ci il təvəllüdlü X5 və 05.12.2012-ci il təvəllüdlü X11 adlı uşaqların ataları Cavabdeh anaları isə İddiaçıdır. İşə əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, xx xxx 1991-ci il təvəllüdlü İddiaçı doğulmuş 13.08.2009-cu il təvəllüdlü X10, 05.10.2011-ci il təvəllüdlü X5 və 05.12.2012-ci il təvəllüdlü X11 adlı uşaqların ataları xx xxxx 1981-ci il təvəllüdlü Cavabdeh olduğu müəyyən edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2304/2021 saylı Qiyabi qətnaməsindən görünür ki, Cavabdeh 13.08.2009-cu il təvəllüdlü X6, 05.10.2011-ci il təvəllüdlü X4 və 05.12.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər birinə 40 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin 07.07.2015-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, 13.08.2009-cu il təvəllüdlü X10, 05.10.2011-ci il təvəllüdlü X5 və 05.12.2012-ci il təvəllüdlü X11 adlı uşaqlar iddiaçının yanındadırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış 13.08.2009-cu il təvəllüdlü X10, 05.10.2011-ci il təvəllüdlü X5 və 05.12.2012-ci il təvəllüdlü X11 adlı uşaqlar böyüyərək maddi tələbləri artmışdır. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşağın alimentinin artırılaraq hər ay hər uşağa 150 manat, cəmi 450 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2304/2021 saylı Qiyabi qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, 13.08.2009-cu il təvəllüdlü X10, 05.10.2011-ci il təvəllüdlü X5 və 05.12.2012-ci il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat miqdarında aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin olunsun. Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2304/2021 saylı Qiyabi qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, 13.08.2009-cu il təvəllüdlü X10, 05.10.2011-ci il təvəllüdlü X5 və 05.12.2012-ci il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat miqdarında aliment tutulub İddiaçı verilsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1578/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1578/2021
25.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver