Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1586/2023 10.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 26 mart 2008-ci il tarixdə doğulmuş Leyla və 05 aprel 2010-cu il tarixdə doğulmuş Ləman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2012-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay, hər uşağın saxlanması üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan 26 mart 2008-ci il tarixdə Leyla, 05 aprel 2010-cu il tarixdə Ləman adlı övladları olmuşdur. Ailə münasibətləri pozulduğundan, aralarındakı nikah 11 noyabr 2012-ci il tarixdə məhkəmə qaydasında ləğv edilmişdir. Nikah pozulduqdan sonra uşaqların hər ikisi onun yanında qalmışdır. Cavabdehdən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. Uşaqlar böyüdükcə onların saxlanması üçün vəsait tələb olunur. Belə ki, cavabdehin ödədiyi alimentlə uşaqların maddi ehtyaclarını, məktəb ləvazimatlarının alınması, təhsil haqqının ödənilməsi mümkün deyil. Halbuki, cavabdehin maddi vəziyyəti yaxşıdır, hazırda Bakı şəhərində tikinti şirkətlərindən birində işləyir və yüksək əmək haqqı alır. Bununla yanaşı uşaqları üçün ayda 100 manat alimentdən savayı heç bir əlavə köməklik göstərmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 26 mart 2008-ci il tarixdə Leyla və 05 aprel 2010-cu il tarixdə Ləman adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X2 ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2012-ci ilin aprel ayının 19 günündə 73 № ilə qeyd edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2012-ci il tarixli 2(051)-750/2012 saylı qətnaməsindən görünür ki, Cavabdeh 26 mart 2008-ci il təvəllüdlü X3 və 05 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan 26 mart 2008-ci il tarixdə Leyla və 05 aprel 2010-cu il tarixdə Ləman adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan boşanmışlar. Ayrıldıqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2012-ci il tarixli 2(051)-750/2012 saylı qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda İddiaçı təyin edilmiş alimentin məbləğinin artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq yaşayış minumumu həddi daxilində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, Leyla və Ləman adlı uşaqlar iddiaçının yanında yaşayırlar və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Nəzərə alsaq ki, 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, onda ödənilən cəmi 100 manat aliment məbləği uşaqların əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin artırılması ilə iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşağın üstün mənafeyi və iddiaçının himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaqlar üçün ödənilən alimentin miqdarı, onlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay cavabdehdən hər uşaq üçün 50 manat alimentin alınmasının müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 150 manat sabit pul məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur, həmçinin yuxarıda qeyd olunduğu kimi uşağı saxlamaq hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Bununla yanaşı, məhkəmə iddia tələbinin hər uşaq üçün 220 manat məbləğində müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəmə iclası zamanı cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay tələb etdiyi məbləğdə alimenti ödəmək üçün kifayət qədər qazanc əldə etməsini sübuta yetirə bilməmiş və yaxud öz tələbinin əsası kimi istinad hallara dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Ona görə də iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, həmçinin məhkəmə xərclərinə aid olan dövlət rüsumunun bölüşdürülməsi ilə bağlı qeyd edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 112.1.3-cü maddəsinə əsasən dövlət rüsumunun məbləği aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehdən bir il ərzində 2 uşağa görə tutulmalı olan alimentin məbləği hər ay 300 manat olmaqla, cəmi 3600 manat olduğundan, həmin məbləğdə tutulmalı olan dövlət rüsumunun miqdarı 56 (əlli altı)manat təşkil edir. Azərbaycan Respublikası MPM–in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 26 mart 2008-ci il tarixdə doğulmuş Leyla və 05 aprel 2010-cu il tarixdə doğulmuş Ləman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 24 may 2012-ci il tarixli 2(051)-750/2012 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay, hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1586/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1586/2023
10.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver