Məhkəmə qərarları › İş №2(051)-159/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-159/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-159/2022 03.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar həmid qızının katibliyi İddiaçı və Cavabdeh Əhliman qızının iştirakı ilə, İddiaçı və Cavabdeh Əhliman qızına qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, Mingəçevir şəhərində yerləşən ona məxsus “Galaxy Telekom” mağazasından Cavabdeh ilə aralarında bağlanmış 10.08.2020ci il tarixli, 436 №li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 840 manat dəyərində “Samsung” A 51 2020 Ağ markalı telefon verilmişdir. Cavabdeh müqavilənin şərtinə əsasən 11 ay müddətinə hər ay 70 manat ödəməli idi. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilə şərtələrini pozmuşdur. Hazırda cavabdehin 10.08.2020-ci il tarixli müqavilə üzrə 700 manat borc yaranmışdır. Dəfələrlə Cavabdeh pulun qaytarmasını tələb etmiş, lakin o, müxtəlif bəhanələrlə pulun qaytamasından imtina etmişdir. İddianın təmin olunmasını, Cavabdeh 700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, 10.08.2020-ci il tarixdə “Galaxy Telekom” mağazasından “Samsung” A 51 2020 Ağ markalı telefon almışdır. Lakin maddi imkanı olmadığına görə borcunu tam ödəməmişdir. Borcunu hissə-hissə ödəyəcəkdir. İşə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.08.2020-ci il tarixli 436 №li müqavilədən görünür ki, iddiaçı dəyərini hissə-hissə, hər ay 70 manat olmaqla, 11 ay müddətində ödəmək şərti ilə 840 manat dəyərində “Samsung” A 51 2020 Ağ markalı mobil telefonu cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıdan “Samsung” A51 2020 Ağ markalı mobil telefonu almış, lakin ödənişi vaxtında qaytarmamaış və 700 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 700 manat alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçlya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 700 (yeddi yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar