Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1590/2020 16.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Şəfiyeva Könül Səməd qızının katibliyi İddiaçı: Mingəçevir şəhər X4 Hüquqi Şəxsin nümayəndəsi X1, Cavabdeh: Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Mingəçevir şəhər X4 Hüquqi Şəxsin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Mingəçevir şəhər X4 Hüquqi Şəxs Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən məcburi iş buraxma dövrü üçün müəssisə tərəfindən cavabdehə ödənilmiş 7000,08 (yeddi min manat 8qəpik) manat və əsassız məhkəmə çəkişmələrinə cəlb edildiyi üçün X8 Xəstəxanasına dəymiş 1500 (bir min beş yüz) manat, ümumilikdə 8500,08 (səkkiz min beş yüz 8 qəpik) manat maddi ziyanın cavabdehdən alınıb müəssisənin hesabına ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə X8 Xəstəxanası arasında xx.xx.1977- ci ildən əmək müqaviləsi bağlanaraq həkim kimi əmək fəaliyyətinə başlamışdır. Cavabdeh 2013-cü ildən başlayaraq AR Əmək Məcəlləsinin 10-1.1; 10-1.2 maddəsinin tələblərinə əsasən ərizə ilə işəgötürənə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinənin müddətinin 1 (bir) il müddətinə uzadılmasını xahiş etmiş, 2017-ci ilə qədər hər il (2014; 2015;2016; 2017-ci illərdə) 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmışdır. 2018-ci ildə 30 mart tarixində, “dövlət müəssələrində çalışmanın yaş həddi” haqqında qanunun tələbinə əsasən H. N. Əhməd oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2017-ci il 1 yanvardan başlayaraq ölkə ərazisində “X9” tətbiqinə start verilmişdir. İlkin olaraq Mingəçevir və Yevlax şəhərlərində pilot lahiyə tətbiqə başlanılan dövrdə, AR Əmək Məcəlləsinin 63 maddəsinin tələblərinə əsasən bütün işçilərlərlə əmək müqaviləsi yenilənərkən, İnsan Resusları Şöbəsinin işçisinin texniki səhvi nəticəsində cavabdehlə olan əmək müqaviləsi müddətsiz olaraq göstərilmişdir. Əmək müqaviləsinə xitam verilmiş Terapiya şöbəsinin müdiri həkim kardioloq H. Novruz. xx.xx.2018-ci il tarixdə “İşə bərpa tələbi” ilə məhkəməyə müraciət etmiş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-1737/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, digər instansiyalarda həmin qətnaməni qüvvədə saxlamışdır. Yaş həddi haqqında qanunun tələbləri pozularaq cavabdehin elmi adının olması və insan resusları şöbəsinin işçisinin texniki səhvi əsas götürülərək tərəflə müddətsiz əmək müqaviləsinin qüvvədə saxlanılması haqqında qərar qəbul olunmuşdur. Cavabdeh işə bərpa olunduqdan sonra terapiya şöbəsinin həkimlərinin kollektiv müraciətlərini və digər şöbə həkimləri tərəfindən yazılmış məlumatları, əsas götürərək işəgötürən cavabdehi şöbə müdiri vəzifəsindən azad edərək, əmək münasibətlərini həkim-kardioloq kimi davam etdirilməsi barədə cavabdehə bildiriş təqdim etmişdir. Lakin cavabdeh yenidən məhkəməyə üz tutaraq şöbə müdiri kimi işə bərpa olunması və məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi tələbi ilə iddia qaldırmışdır. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)- 1665/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 17 dekabr 2(107)-3231/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X3” PHŞ-in xx.xx.2019-cu il tarixli, 850 saylı əmri ləğv edilmiş, şöbə müdiri kimi Terapiya şöbəsinə işə bərpa olunmuş, qanunsuz işdən çıxarma nəticəsində məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 2917/2020 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmış və verildiyi gündən qüvvəyə minmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 2917/2020 saylı qərarı X8 Xəstəxanası PHŞ-nə daxil olduqdan sonra, qərarın hüquqi qüvvəyə minməsini təmin etmək məqsədilə işəgötürən iddiaçını xəstəxanaya dəvət edərək, xx.xx.2020-ci il tarixdə işə bərpa olunması barədə 675 saylı əmr imzalamişdır. Lakin iddiaçı yalnız xx.xx.2020 ci il tarixdə təxminən 1 saat müddətinə işə gəlmiş, sonra əvvəlki illər üçün olan əmək məzuniyyəti hüququndan istifadə emək istəməsi barədə ərizəni Katiblik bölməsinə təqdim edərək, ərizəyə cavab verilməsini gözləmədən iş yerini tərk etmişdir. Müəssisə tərəfindən ərizəsinə cavab olaraq əmək məzuniyyətinin verilmə qaydası AR Əmək Məcəlləsinin 133-cü maddəsi ilə digər hallar isə işəgötürənlə işçinin qarşılıqlı razılaşması ilə yaranmış əmək məzuniyyəti hüququndan ilin sonuna qədər istifadə edə biləcəyi izah edilmiş və məktub yaşadığı ünvana göndərilmişdir, iddiaçı müəssisəyə ünvanladığı digər məktubda son hadisələrin səhhətində mənfi izlər buraxdığını qeyd edir, lakin işə bərpa, olunanadək olan dövrdə cavabdeh özəl klinikalarda həkim fəaliyyəti göstərməsi hər kəsə məlumdur. Azərbaycan Respulikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən X8 Xəstəxanası PHŞ-yə daxil olmuş xx.xx.2020-ci il tarixli, **********9 saylı məktubda cavabdehin adına elektron informasiya sistemində digər işəgötürən tərəfindən yeni əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi mövcud olduğu göstərilmişdir. Yəqin ki, səhhətində problem yaranmış insan sağlamlığının bərpası ilə məşğul olar, əmək fəaliyyəti ilə yox. Bu gün dünyanın gündəmi koronavirusa qarşı mübarizədir. Hər gün bu virusa yoluxanların, onun qurbanlarının sayı barədə dəhşətli rəqəmlər açıqlanır. Bu pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Bütün dünyada olduğu kimi respubiikamızdada pandemiya ilə əlaqədar istər xəstəliklə mübarizədə, istərsə də, karantin rejimiminin səbəb olduğu bir çox sahələrin fəaliyyətinin dayanması ilə bağlı işsizlərə sosial yardımların edilməsi istiqamətində dövlətimiz milyonlarla pul xərclədiyi, müxtəlif sahələrdə çalışan insanların "Güc birlikdədir” şüarı altında birləşərək dövlətə dəstək olduğu bir dövrdə, yalnız öz mənafeyi üçün 2 ölkənin elm adamı olduğunu əsas gətirərək, işə bərpa olunaraq, lakin bu günkü gün elm adamlarının bilik və təcrübələrinə ehtiyac yarandığı vaxt öz vəzifəsini yerinə yetirməkdən, xalqa xidmət etməkdən imtina edərək yalnız öz mənəfeyi ugrunda işləmədiyi dövr üçün külli miqdarda pul alması dövlət büdcəsinin acıq-aşkar talanmasıdır. Ölkəmizdə müəyyən edilmiş yaş həddinə çatmış, kifayət qədər əmək stajına malik olan insanlar üçün əmək pensiyası üçün təminat hüququ verilir və iddiaçının 2 ölkənin elm adamı olması ilə bağlı müəyyən müavinət almaq hüququ yaranmışdır. Dövlət tərəfindən məcburi iş buraxma dövründə də kifayət qədər maddi cəhətdən təmin olunan, və məqsəd olaraq bu günkü vəziyyətə qiymət verən zaman gəlinən nəticəyə əsasən cavabdehin məqsədi heç də xalqa xidmət etmək yox, qanunlar qarşısında özünü acindiraraq külli miqdarda pul əldə etmək istəməsi qənaətinə gəlinir. Çünki hər bir halda 73 yaşı tamam olmuş bir şəxs fiziki cəhətdən 8 şöbənin birləşməsindən yaranmış Terapiya şöbəsinə rəhbərliyi, bununla yanaşı, diğər şöbələrlə əlaqəli şəkildə fəaliyyətini qurması mümkün deyildir. Buna misal olaraq məhkəmələr tərəfindən birinci dəfə işə bərpa olunmuş şöbə müdirinin ilk 10-cu günündə müəssisə rəhbərinə işin axsaması barədə həkimlər tərəfindən ünvanlanmış kollektiv müraciətləri göstərmək olar. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 2917/2020 saylı qərarının icrası ilə bağlı məcburi iş buraxma dövrü üçün iddiaçıya 7000,08 (yeddi min manat, səkkiz qəpik) pul ödənilmişdir. Məhkəmələr qarşısında şöbə müdiri kimi işə bərpa olunması haqqında iddia qaldıran cavabdeh bu günkü gündə öz əmək funksiyalarını yerinə yetirməkdən imtina edir və demək olar ki, xəstəxananın fəaliyyətinin təxminən 40 faizini təşkil edən bir şöbənin şöbə müdiri olmadan fəaliyyət göstərməsi nə dərəcədə doğrudu? Məlum olduğu kimi dövlət büdcəsindən maliyyələşən təşkilatlarin illik büdcəsi ilin əvvəlində sərf olunmuş illik xərclərə əsasən proqnazlaşdırılır. Hər dəfə işdən azad olunmuş, heç bir xidmət göstərməyən vətəndaşa bu cür ödənişlərin edilməsi, müəssisənin yaranmış problemlərin həllində çətinliklər törətməsinə səbəb olur. Hətta verildiyi andan hüquqi qüvvəyə minmiş Ali məhkəmənin qərarını İcra və Probasiya şöbəsinin qərarı olmadan icra edilməsinə belə etiraz edən cavabdehin məqsədinin vaxtı uzadaraq heç bir iş görmədən daha çox gəlir əldə etmək istədiyinə gətirib çıxarır. Həmçinin cavabdeh ilə 2018-ci ildən başlamış əsassız məhkəmə çəkişmələrində iştirakı müəssisə üçün xeyli əlavə xərclərə səbəb olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilərək, işə bərpa olunduğu halda müxtəlif bəhanələrlə əmək fəaliyyəti göstərməkdən imtina edən (özəl müəssələrdə əmək fəaliyyəti göstərir) məcburi iş buraxma dövrü üçün müəssə tərəfindən ödənilmiş 7000,08 (yeddi min manat 8qəpik) manat və əsassız məhkəmə çəkişmələrinə cəlb edildiyi üçün X8 Xəstəxanasına dəymiş 1500 (bir min beş yüz) manat, ümumilikdə 8500,08 (səkkiz min beş yüz manat 8 qəpik) manat maddi ziyanın ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Publik hüquqi şəxsin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təqdim etdiyi etiraz ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etmədi, həmçinin əlavə olaraq göstərdi ki, iddia ərizəsində "əmək müqaviləsi yenilənərkən İnsan Resursları Şöbəsinin işçisinin texniki səhvi nəticəsində cavabdehlə olan əmək müqaviləsi müddətsiz olaraq göstərilmişdir". İnsan Resursları Şöbəsinin işçisinin (müdir İbrahim müəllim idi) "texniki səhvi" fikri K.Ələkbərov tərəfindən uydurmadır. Çünki, həmin müqavilə tərtib olanda ibrahim müəllim onu yanına dəvət elədi və ondan Azərbaycan Respublikası Prezidentinin (dövlət büdcəsindən maliyələşən müəsisələrdə çalışmanın yaş həddinə çatmış işçinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusu xidmətlərin meyarları olan insanlar barədə) xx xxxx 2011 tarixli 460 saylı fərmanına və həmin fərmanın icrasına yönəlmiş Nazirlər kabinetinin 180 saylı qərarının surətini və onun tibb elmləri doktorluğu üzrə həm Rusiya Federasiyasının həm də Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyalarının diplomlarının surətini gətirməyini xahiş etdi və o, həmin gün deyilən sənədləri çatdırmışdır. Soruşmuş ki, bunlar nə üçündür, demişdir ki, digər işçilərdən fərqli olaraq Sizin müddətsiz müqavilə bağlamaq hüququnuz yaranır. Odur ki, bu İnsan Resursları Şöbəsi işçisinin texniki səhvi yox məsələyə ədalətli yanaşmasıdır. Bu məsələ Mingəçevir şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-1737/2018 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilmiş və digər instansiyalarda (Şəki Apellyasiya və Ali məhkəmələrdə) həmin qətnaməni qüvvədə saxlamışdır. İddia ərizəsində qeyd olunmuş, "Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən MŞX-sı PHŞ-nə daxil olmuş xx.xx.2020-ci il tarixli **********9 saylı məktubda H.N.Əhməd oğlunun adına elektron % informasiya sistemində digər işəgötürən tərəfindən yeni əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi mövcud olduğu göstərilmişdir" ifadəsinə açıqlama olaraq bildirir ki, əlavə iş yeri olaraq Regional Hospital MMC ilə 1 aylıq CORONA-19 epidemiyası ilə əlaqədar həkim olaraq rayonlar arası gedişgəlişi təmin etmək üçün xx.xx.2020-xx.xx.2020 tarixədək müddətli əmək müqaviləsi olmuşdur. Həmin müqaviləyə xx.xx.2020 tarixdən xitam verilmişdir. Müqavilənin qüvvəyə minməsi və xitam verilməsi barədə rəsmi sənəd əlavə olunur. İddiaçı iddiasında onun dövlət büdcəsindən Ali Məhkəmənin qətnaməsinə müvafiq olaraq "külli miqdarda pul almağını açıq aşkar dövlət büdcəsini taladığını" qeyd edərək onun ləyaqətini şərəfini təhqir etmiş olur. Odur ki, əgər K.Ələkbərovun dedikləri həqiqətdirsə o mühakimə edilsin, yox əgər ona qarşı növbəti şər, böhtan kompaniyasını işə salırsa, o zaman xahiş edir ki, K.Ələkbərovun bu ifadələrinə hüquqi qiymət verilsin. Onun illik gəliri iki respublikanın X10raq 7000 manat olduğu halda K.Ələkbərovun illik gəliri (iclasların birində özünün dediyinə görə aylıq əmək haqqı 7000 manat təşkil edir) 84000 manat təşkil edir, yəni Ələkbərovun illik gəliri mənim illik gəlirimdən 12 dəfə çoxdur. Əgər doğrudan da dövlətin Ali Məhkəməsinin təyin etdiyi 7000 manat talançılıq hesab olunursa, Ələkbərovun il ərzində aldığı bonuslarından əlavə, illik gəlirinin 84000 manat olmasını necə adlandırmaq olar? İddiaçı iddia ərizəsinin 3-cü səhifəsində yazır: "Çünki hər bir halda 73 (yanlış 73 yox 72 yaş) yaşı tamam olmuş bir şəxs fiziki cəhətdən 8 şöbənin birləşməsindən yaranmış Terapiya şöbəsinə rəhbərliyi, bununla yanaşı digər şöbələrlə əlaqəli şəkildə fəaliyyətini qurması mümkün deyildir. Ona ünvanladığı xx.xx.2020 N90 saylı məktubunda isə yazır: "Hal-hazırda respublikada pandemiya dövri olduğu üçün və xəstəxanada sizin kimi ixtisaslı həkimlərə böyük ehtiyac yarandığına görə müəssisədə kadr çatışmazlığı yaranıb. Onda sual meydana çıxır, o hansı kateqoriyaya aid olur bacarıqsız, fəaliyyətsiz, yaxud bacarıqlı, ixtisaslı mütəxəssis kimi? K.Ələkbərovun digər iddialarından biri də "Məhkəmələr qarşısında şöbə müdiri kimi işə bərpa olunması haqqında iddia qaldıran H.N.Əhməd oğlu bu günkü gündə öz əmək funksiyalarını yerinə yetirməkdən imtina edir" ifadəsidir. Bu K.Ələkbərov tərəfindən yaradılan növbəti uydurmadır. xx.xx.2020 tarixdə K.Ələkbərova poçt vasitəsi ilə (çünki, başqa cür mümkün deyildi, dəfələrlə K.Ələkbərovun qəbuluna düşmək istəsə də, qəti şəkildə etiraz etmişdi) rəsmi məktub ünvanlayaraq onun iddialarına yazdığı cavablarla yanaşı, bildirmişdir ki, bir halda ki, ona iş şəraiti yaradılmır, şöbə müdiri otağı verilmir o zaman o, qanuni yolla, yəni Mingəçevir şəhər icra və Probasiya şöbəsinin iştirakı ilə öz işinə bərpa olunacaqdır. Sonra isə X5 ittifaqı Rəyasət heyətinin sədri Allahverdi Alıyevə bütün hadisələri olduğu kimi açıqlayaraq poçt vasitəsi ilə rəsmi şəkildə məlumat göndərmişdir. Qarşı tərəf nəhayət təşkilatın illik büdcəsinin proqnozlaıdırılmasındakı çətinlikdən şikayət edir. O, yalnız məsləhət verə bilər ki, «hörmətli K.Ələkbərov bu gedişlə çox böyük ehtimalla Mingəçevir səhiyyəsinin işçilərinə qarşı hələ çox haqsızlıq edəcəksiniz. Ona görə büdcəni proqnozlaşdıranda ehtiyyat üçün bir neçə belə halları: Cavabdeh kimi, tibb bacısı Gülnarə Haqverdiyevə kimi insanları nəzərinizdə saxlayın». Bütün bunları qeyd edərək bildirir ki, xəstəxa-nanın direktoru Könül Ələkbərovun məktubunda ona qarşı irəli sürdüyü yersiz ittihamların heç bir hüquqi və məntiqi əsası yoxdur. Bu, Könül Ələkbərovun şəxsi ambisiyalarından irəli gələn qərəzli, uydurma və quraşdırmadan ibarət olan, dövlətin adından çıxarılan məhkəmə qərarlarını ayaqlar altına atmaqdan başqa bir şey deyildir. Məhkəmə qərarlarına qarşı, xüsusən də Ali Məhkəminin çıxardığı qətnamənin tələblərinə qarşı çıxmaq isə birbaşa cinayət məsuliyyəti yaradır. Hesab edir ki, iddia tələbi əsaslı deyildir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının məhkəmə iclası zamanı tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdehlə iddiaçı X8 Xəstəxanası arasında xx.xx.1977- ci ildən əmək müqaviləsi bağlanmış, həmin vaxtdan da cavabdeh həkim kimi əmək fəaliyyətinə başlamışdır. Cavabdeh pensiya yaşına çatdığına görə 2013-cü ildən başlayaraq, AR Əmək Məcəlləsinin 10-1.1; 10-1.2 maddəsinin tələblərinə əsasən ərizə ilə işəgötürənə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinənin müddətinin 1 (bir) il müddətinə uzadılmasını xahiş etmişdir. 2017-ci ilə qədər hər il (2014; 2015;2016;2017-ci illərdə) 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmışdır. xx xxxx 2018-ci il tarixdə, “dövlət müəssələrində çalışmanın yaş həddi” haqqında qanunun tələbinə əsasən cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə “İşə bərpa tələbi” ilə məhkəməyə müraciət etmiş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-1737/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı tərəfindən şikayətlər verilsə də, qətnamə yuxarı instansiyalarda dəyişdirilmədən saxlanmışdrı. Qətnaməyə əsasən cavabdeh işə bərpa olunduqdan sonra terapiya şöbəsinin həkimlərinin kollektiv müraciətlərini və digər şöbə həkimləri tərəfindən yazılmış məlumatları, əsas götürərək işəgötürən cavabdehi söbə müdiri vəzifəsindən azad edərək, əmək münasibətlərini həkim-kardioloq kimi davam etdirilməsi barədə cavabdehə bildiriş təqdim etmişdir. Lakin cavabdeh yenidən şöbə müdiri kimi işə bərpa olunmasını və məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)-1665/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 17 dekabr 2(107)-3231/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “X3” PHŞ-in xx.xx.2019-cu il tarixli, 850 saylı əmri ləğv edilmiş, şöbə müdiri kimi cavabdeh Terapiya şöbəsinə işə bərpa olunmuş, qanunsuz işdən çıxarma nəticəsində məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 2917/2020 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmış və verildiyi gündən qüvvəyə minmişdir. İddiaçı Publik hüquqi şəxs tərəfindən icra sənədinin icrası ilə bağlı məcburi iş buraxma dövrü üçün cavabdehin hesabına 7000,08 (yeddi min manat, səkkiz qəpik) manat pul ödənilmişdir. Məhkəmə ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterinin müəyyən edilməsinin zəruriliyini nəzərə alaraq qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibəti işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətin həlli qaydaları ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən edən halları və Mülki Məcəllənin qanundan əmələ gələn öhdəlikləri tənzimləyən maddi hüquq normalarının əlaqəli şəkildə tətbiqi əsasında həll edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, məhkəmə qətnaməsinə əsasən məcburi iş buraxma müddəti üçün iddiaçı tərəfindən cavabdehə 7000,08 manat məbləğində pul ödənilmiş, lakin iddiaçı tərəf cavabdehin məcburi iş buraxma müddətində özəl müəssisələrdə işləyib gəlir əldə etdiyinə istinad edərək, ödənilmiş 7000,09 manatın və əsassız məhkəmə çəkişmələrinə cəlb olunduğuna görə çəkilmiş 1500 manat xərcin işçinin işəgötürənə vurduğu ziyan qismində ödənilməsi tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərində iddiaçıya maddi ziyan vurulmasına əsas olan hallar müəyyən edilmədiyindən, iddiaçının istinad etdiyi dəlillər işin həm hüquqi, həm də həqiqi hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsaən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə görə bu şərtlərin eyni zamanda hər üçü olduqda, yəni ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; [193] ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Göründüyü kimi iddia tələbinin hüququ əsasını təşkil edən Əmək Məcəlləsinin 191-ci maddəsinin tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, işçinin işəgötürənə maddi ziyan vurması faktı həqiqətən aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalı, ən başlıcası isə həmin şərtlər məcmu halında mövcud olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcudd deyildir. Ona görə də həmin norma iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, tərəflər arasında yaranmış əmək mübahisəsini həll edən məhkəmə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə cavabdehin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qət etmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyi gündən dərhal icra edilməlıidir. Əmək qanunvericiliyində fərdi əmək mübahisələrinin həlli zamanı işçinin məcburi iş buraxma müddətində işləməsinin qadağan olunması və ya işlədiyi halda ona məhkəmə qətnaməsində məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməməsi və yaxud ödənilmiş əmək haqqının qaytarılması nəzərdə tutulmamışdır. Çünki həmin hərəkətin edilməsi hüquqa zidd olmamışdır. Əksinə, qanunverici işçiyə dəymiş zərərin dairəsinə, məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilməsi ilə yanaşı, işçinin qanunsuz işdən çıxarılması ilə bağlı çəkdiyi digər xərcləri də əlavə etmişdir. Göründüyü kimi iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmişdir. Belə olan halda iddiaçı öz vəzifəsini yerinə yetirmiş, lakin həmin qətnamədə cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı 8500 manat məbləğində pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsində müəyyən olunmuşdur ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Göründüyü kimi qanunverici məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini və fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarının dərhal icra edilməsini imperativ qaydada müəyyən etmişdir. Cavabdehin fərdi əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməsi, məhkəmənin qərarı ilə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün orta əmək haqqı alması qanunda nəzərdə tutulduğundan, cavabdehin hərəkətləri qanuni olmuşdur. Bu halda cavabdeh iddiaçıya zərər vurmamış, ona görə də cavabdeh iddiaçı qarşısında maddi məsuliyyət daşımır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007–ci il tarixli qərarında X11 Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə ki, iddiaçı məhkəmə iclasında vurulmuş maddi ziyanın nədən ifadə olunmasını konkret şəkildə göstərə bilməmiş, yalnız formal mülhizələr şəklində öz tələbini əsslandırmağa çalışmışdır. Bu hal da onu deməyə əsas verir ki, iddiaçıya maddi ziyan dəyməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının 8500 manat real zərərə məruz qalması faktı, məhkəmə iclasında öz təsdiqini tapmadığından, cavabdehin də iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd hərkətlər etməsi istisna edilir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Mingəçevir şəhər X4 Hüquqi Şəxsin Cavabdeh qarşı məcburi iş buraxma dövrü üçün müəssisə tərəfindən cavabdehə ödənilmiş 7000,08 (yeddi min manat 8 qəpik) manat və əsassız məhkəmə çəkişmələrinə cəlb edildiyi üçün X8 Xəstəxanasına dəymiş 1500 (bir min beş yüz) manat, ümumilikdə 8500,08 (səkkiz min beş yüz manat 8 qəpik ) manat maddi ziyanın cavabdehdən alınıb müəssisənin hesabına ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1590/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1590/2020
16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver