Məhkəmə qərarları › İş №2(051)-1607/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1607/2022

01.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1607/2022 01.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi-vəkili X1 və Cavabdeh iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh qarşı «Ümumi borcun bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, birgə nikah müddətində yaranmış 6400 manat kredit borcunun onunla Cavabdeh arasında bölünməsi, uşaqların onun yanında qalması ilə əlaqədar həmin kredit borcunun 5000 manatının, həmçinin 50 manat mediasiya xərcinin və 20 manat dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə 04 iyun 2016-cı ildə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Birgə evlilikdən onların 12 mart 2017-ci il təvəllüdlü İnci, 19 yanvar 2019-cu il təvəllüdlü Zəhra adlı iki nəfər uşaqları olmuşdur. Nikaha isə onlar 09 iyun 2021-ci ildə daxil olmuşlar. Cavabdehlə onlar nikaha girənə qədər də qohum idilər. Bu səbəbdən aralarında böyük etimad olmuşdur. Onun rəsmi iş yeri olduğundan cavabdehin təklifi ilə 01 mart 2020-ci ildə "xxxx" ASC-dən 7000 manat kredit götürmüşdür. Həmin vaxt Cavabdeh Onun zamini olmuşdur. Ancaq krediti hər ay o, özü ödəmişdir. 19 iyun 2021-ci ildə isə yenidən pul tələb olunduğundan əvvəlki krediti bağlamaqla 8000 manat kredit götürmüşdür. Həmin pulların 2000 manatı Cavabdeh anası Ramidə Məmmədovanın göz əməliyyatı, cavabdehə İrşad Telekomdan alınmış telefonun 500 manat borcunun ödənilməsinə xərclənmişdir. Həmin vəsaitdən 10 ay 282 manat olmaqla kredit borcunu qaytarmışdır. Ancaq aralarında münasqişə olduğundan 16 may 2022-ci ildə ona boşanma aliment uşaqların yaşayış yeri əmlak bölgüsü ilə əlaqədar təklif göndərmişdir. Alimentlə bağlı aralarında barışıq sazişi bağlansa da digər məsələlərlə bağlı aralarında razılaşma baş tutmamışdır. Ona görə də birgə nikah müddətində yaranmış 6400 manat kredit borcunun onunla Cavabdeh arasında bölünməsi, uşaqların onun yanında qalması ilə əlaqədar həmin kredit borcunun 5000 manatının, həmçinin 50 manat mediasiya xərcinin və 20 manat dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçı ilə 04 iyun 2016-cı ildə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşlar. Nikhalarını isə 09 iyun 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə evlilikdən onların 12 mart 2017-ci il təvəllüdlü İnci, 19 yanvar 2019-cu il təvəllüdlü Zəhra adlı iki nəfər uşaqları olmuşdur. Həqiqətəndə İddiaçı ilə birgə nikah dövründə “Expressbankdan” kredit götürmüşdür. Həmin pulu ailə ehtiyacları üçün xərcləmişlər. Qeyd olunan borcun aralarında bərabər bölünməsinə etiraz etmir. İşə əlavə olunmuş 25 may 2022-ci il tarixli barışıq sazişindən görünür ki, ikinci tərəf birinci tərəfin qəəyyumluğunda olan övladlarına hər uşaq üçün hər ay 130 manat olmaqla cəmi 260 manat məbləğində aliment ödəyəcək. İşə əlavə olunmuş 10 mart 2020-ci il tarixli 600804-870126/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 36 ay müddətinə, illik 15,5 faiz olmaqla 7000 manat kredit götürmüşdür. İşə əlavə olunmuş 10 mart 2020-ci il tarixli 600804-870126/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən götürdüyü kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikah dövründə İddiaçı 10 mart 2020-cu il tarixdə "xxxx" ASC-dən təyinatı istehlak olan 36 ay müddətinə 7000 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin təmiatı olaraq Cavabdeh ilə zaminlik müqaviləsi bağlanmışdır. Göründüyü kimi götürülən kredit öhdəliyi üzrə 6400 manat borc öhdəliyi yaranmış, həmçinin uşaqların ananın yanında qalmasını nəzərə alaraq həmin kredit borcundan 5000 manatında iddiaçıya qaytarılması öhdəliyi yaranmışdır. Göründüyü kimi iddiaçı məhkəməyə təqdim etdiyi sübutlar təkzib edilməz faktlarla öz təsdqini tapmışdır. Cavabdeh isə iddiaçının təqdim etdiyi faktların əksinə olaraq öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddiaçı öz tələbində haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Şəxsə mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir. Qanunverici Mülki Məcəllənin 225ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia tələbi təmin edilsin. Birgə nikah dövründə yaranmış 6400 manat məbləğində kredit borcu İddiaçı ilə Cavabdeh arasında 1/2 hissədə bölünsün, həmin kredit borcunun 5000 manatının, həmçinin ödənilmiş 50 manat mediasiya xərcinin və 20 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar