Məhkəmə qərarları › İş №2(051)-1613/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1613/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1613/2024 05.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 6000 manat pulun və 80 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin məhkəmə baxışına hazırlanması zamanı müəyyən etdi ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh (VÖEN: **********) fəaliyyətini müvəqqəti dayandırmışdır. Fəaliyyət istiqaməti haqqında informasiya hissəsində Kodu: 41100, Növü: Əsas, Adı: Təcrübə-tikinti işləri göstərilmişdir. Eləcə də İddiaçı (VÖEN: **********) VÖEN statusu aktivdir. Fəaliyyət istiqaməti haqqında informasiya hissəsində Kodu: 68200, Növü: Əsas, Adı: Çoxmənzilli binalar və digər yaşayış evlərinin istismara və kirayəyə verilməsi göstərilmişdir. Göründüyü kimi tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Onlar arasında yaranmış mübahisə də bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır mübahisədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, tərəflər arasında mülki hüquq münasibətləri yaranan vaxt hər iki tərəf fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmışdır. Eləcə də, tərəflərin mülki hüquq və vəzifələrinin yaranmasına borc müqaviləsi əsas olmuşdur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Hazırda cavabdeh tərəfin sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırması, tərəflər arasında yaranmış mübahisənin kommersiya məhkəməsinə aidiyyətini istisna etmir. Belə ki, Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(051)-1613/2024 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar