Məhkəmə qərarları › İş №2(051)-1646/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1646/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1646/2021 04.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və X2 qarşı cəmi 1540.64 manat kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cəmi 637.15 manat kredit borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxıb iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.12.2019-cu il tarixli 1046micMNG/19-EM saylı kredit müqaviləsi əsasında Cavabdeh1 120 ay müddətinə 150.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 06.12.2019-cu il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 12 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 2500 manat kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq X3 ilə 06.12.2019-cu il tarixli 1046micMNG/19 №li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh1 tərəfindən pozulmuş, nəticədə kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1 və X1 iddiaçının xeyrinə 635.71 manat əsas borc və 1.44 manat faiz borc olmaqla, cəmi 637.15 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də, "xxxx" KB ASC-dən 06.12.2019-cu il tarixli əlavə kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 2500 manat məbləğində kredit almışdır. Lakin həmin krediti o, özü üçün deyil, başqa bir adamın xahişi ilə alıb ona vermişdir. Həmin adam da onu inandırmışdır ki, kredit borcunu o, özü ödəyəcəkdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.12.2019-cu il tarixli, 1046micMNG/19-EM №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 120 ay müddətinə 150000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.12.2019-cu il tarixli, 1046micMNG/19 №li əlavə kredit müqaviləsindən görünür ki iddiaçı cavabdehə 12 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 2500 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan "xxxx" KB ASC ilə cavabdeh X3 arasında bağlanmış 06.12.2019-cu il tarixli, 1046micMNG/19 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış 06.12.2019-cu il tarixli, 1046micMNG/19 №li müqaviləyə əsaəsn cavabdehin banka 635.71 manat əsas borc və 1.44 manat cərimə olmaqla, cəmi 637.15 manat kredit borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 635.71 manat əsas borc və 1.44 manat cərimə olmaqla, cəmi 637.15 manat kredit borcu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 635.71 (altı yüz otuz beş manat yetmiş bir qəpik) manat əsas borc və 1.44 (bir manat qırx dörd qəpik) manat cərimə olmaqla, cəmi 637.15 (altı yüz otuz yeddi manat on beş qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb iddiaçı "xxxx" KB ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar