Məhkəmə qərarları › İş №2(051)-1663/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1663/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1663/2020 11.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı pultələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildiridi ki, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzində qızıl-zinət əşyaların alveri ilə məşğul olmuşdur. Cavabdeh ondan 25000 manat dəyərində qızıl-zinət əşyaları almış, borcundan 9000 manat qaytarmış, qalan 14000 manatı isə qaytarmamışdır. O, cavabdehin hərəkətləri barədə Bakı şəhər Nizami rayon Pİ-nə şikayət ərizəsi ilə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, cavabdehdən 14000 (on dörd min) manat borcun, əsas borcdan hesablanmaqla 3 illik 5 faiz olmaqla 2100(iki min bir yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi16130 (on altı min bir yüz otuz) manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəməyə teleqaram göndərərək məhkəməyə gələ bilmədiyi üçün üzrlü sayılmasını göstərmişdir. Məhkəmə hesab edir ki, işə cavabdehn iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş Bakı şəhəri Nizami RPİ İŞ-nin baş müstəntiqi X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərarında göstərilir ki, İddiaçı və digərlərinin Cavabdeh şikayət ərizələri mülki xarakterlidir. Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış xx xxx 2018-ci il tarixli qəbzdə göstərilir ki, Zeynəbə 8340 manat borcu var. İşə əlavə olunmuş Cavabdeh Nizami RPİ-ə verdiyi xx xxxxxx 2019-cu il tarixli izahatında göstərilir ki, Zeynəbə 6500 manat borcu var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddiaçı tələbində cavabdehin ondan 25000 manat qiymətində qızıl-zinət əşyaları aldığını, həmin puldan cəmi 9000 manat qaytardığını, 14000 manat pulu isə tələb etməsinə baxmayaraq qaytarmaqdan imtina etdiyini bildirmişdir. Lakin iddiaçı öz tələbini əsaslandıran mötəbər sübutu məhkəməyə təqdim etmədi. İddiaçının məhkəməyə təqdim etdiyi xx xxx 2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh Zeynəbə 8340 manat borcu var. Cavabdehin polis idarəsinə yazmış olduğu xx xxxxxx 2019-cu il tarixli izahatında isə onun iddiaçıya cəmi 6500 manat borcu olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş və iddiaçıya borclu olduğu 8340 manat borcundan ödənişlər etməsinin, cəmi 6500 manat borcu qalmasını təsdiq sübutu məhkəməyə təqdim etməmişdi. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia əsas borc tələbinə dair hissədə qismən təmin olunmalı 8340 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, lazımi sübutlar təqdim edilmədiyinə görə iddia 3 illik 5 faiz olmaqla 2100 (iki min bir yüz) manat faiz tələbinə dair hissədə təmin olunmamalıdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 8340 (səkkiz min üç yüz qırx) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar