Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1675/2021 14.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərərk, cavabdehdən onların xeyrinə 1192.92 manat əsas, 260.87 manat faiz, 4.76 manat cərimə olmaqla, cəmi 1458.55 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(051)-1675/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında 25.08.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 25% ödəmək şərti ilə 1193 manat məbləğində kredit vermişdir. Cavabdeh öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. Nəticədə, onun 1192.92 manat əsas kredit borcu, 260.87 manat faiz borcu, 4.76 manat cərimə hesablanmaqla, cəmi 1458.55 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinə onların iştirakı olmadan baxaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25.08.2020-ci il tarixli kredit və bank hesabı müqaviləsindən görünür ki, bank cavabdehə 24 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 1193 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh ödəniş cədvəlində göstərilən məbləğlərdə (24.90-81 manat) aylıq ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış 07 may 2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə 10 iyul 2021-ci il tarixə olan borcu 1192.92 manat əsas kredit borcu, 260.87 manat faiz borcu, 4.76 manat cərimə borcu olmaqla, cəmi 1458.55 manat məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında 25.08.2020-ci il tarixli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 1193 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun banka 1192.92 manat əsas, 260.87 manat faiz, öhdəliyini vaxtında icra etmədiyinə görə 4.76 manat cərimə borcu, cəmi 1458.55 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında 25.08.2020-ci il tarixdə predmeti pul məbləği olan kredit və bank hesabı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə 1193 manat məbləğində kredit vermişdir. Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 1192.92 manat əsas kredit borcu, 260.87 manat faiz borcu, 4.76 manat cərimə olmaqla, cəmi 1458.55 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 1192.92 manat əsas, 260.87 manat faiz, 4.76 manat cərimə olmaqla, cəmi 1458.55 manat borc alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas kredit borcu üzrə 1192 (bir min yüz doxsan iki) manat 92 qəpik, faiz borcu üzrə 260 (iki yüz altımış) manat 87 qəpik, hesablanmış cərimə üzrə 4 (dörd manat) manat 76 qəpik olmaqla, cəmi 1458 (bir min dörd yüz əlli səkkiz) manat 55 qəpik məbləğində pul alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1675/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1675/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver