Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1675/2023 01.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3765 ABŞ dolları əsas, kreditdən istifadəyə görə 783 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4548 ABŞ dolları pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(051)-2747/2016 saylı məhkəmə əmri borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixli etiraz ərizəsinə əsasən ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ASC-nin «Mingəçevir» filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MF-EX/149 nömrəli kredit müqaviləsi üzrə cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, cavabdeh kredit məbləğinin kredit ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün hər ay bərabər hissələrlə «kredit alan» tərəfdən «kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə qaytarılmasını öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə "xxxx" ASC ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2015-ci il tarixli, AB MGF/K 08-00073 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Nəticədə, onların 3765 ABŞ dolları əsas, kreditdən istifadəyə görə 783 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4548 ABŞ dolları kredit borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməmişlər və kredit müqaviləsi üzrə borclarını ödəməmişlər. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-2747/2016 saylı məhkəmə əmri ilə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3765 ABŞ dolları əsas, kreditdən istifadəyə görə 783 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4548 ABŞ dolları pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb kreditor İddiaçı ASC-yə verilməsi əmr edilmişdir. Odur ki, məhkəmədən qanunamüvafiq qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etmiş və əlavə olaraq göstərmişdir ki, həqiqətən İddiaçı ASC-nin «Mingəçevir» filialı ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli MF-EX/149 nömrəli kredit müqaviləsi üzrə ona şəxsi məqsədlər üçün 36 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-2747/2016 saylı məhkəmə əmri ilə ondan və Cavabdeh2 müştərək qaydada 3765 ABŞ dolları əsas, kreditdən istifadəyə görə 783 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4548 ABŞ dolları pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb kreditor İddiaçı ASC-yə verilməsi əmr edilmişdir. Onun bu məhkəmə əmrindən xəbəri olmamışdır. Əmrin surətini 06 iyun 2023-cü il tarixdə almışdır. Hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ona şamil edilməli olduğu halda, edilməmişdir. Bununla bağlı müraciətlərinə baxmayaraq, müraciətləri cavablandırılmamışdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MF-EX/149 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Həsənov X1 Mehman Ənvər oğlunun kreditor qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-2747/2016 saylı məhkəmə əmrindən görünür ki, cavabdehlərdən müştərək qaydada 3765 ABŞ dolları əsas, kreditdən istifadəyə görə 783 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4548 ABŞ dolları pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi əmr edilmişdir. İşə əlavə edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2023-cü il tarixinə olan borcu 3717.56 ABŞ dolları əsas, 679.2 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan balansdankənar faiz, 80.5 ABŞ dolları müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə, 1170.52 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 5647.78 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş Problemli kredit məlumatlarının sorğulanması üzrə xx.xx.2023-cü il tarixli çıxarışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi əsasında axtarış verilmiş və axtarış üzrə məlumat tapılmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların məhkəmə iclası zamanı tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli MF-EX/149 nömrəli kredit müqaviləsi üzrə cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə iddiaçı "xxxx" ASC ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməmişlər, ödəməli olduqları əsas kredit məbləğini və hesablanmış faizləri ödəməkdən yayınmışlar. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-2747/2016 saylı məhkəmə əmri ilə cavabdehlərdən müştərək qaydada 3765 ABŞ dolları əsas, kreditdən istifadəyə görə 783 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4548 ABŞ dolları pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi əmr edilmişdir. 25 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka olan ümumi borcu 5647.78 ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmasına, cavabdehin kredit müqaviləsi üzrə əsas məbləği və faiz borcunu ödəməsindən 360 gündən çox müddət keçməsinə, borcu vaxtı keçmiş kredit borcuna aid edilməsinə baxmayaraq, onun kredit məbləğinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı tətbiq edilməmişdir. Ona görə də problemli kredit məlumatlarının sorğulanması üzrə çıxarışlarda cavabdehlərin şəxsiyyətini təsdiq edən sənədlərin seriya və nömrəsi əsasında verilmiş axtarış üzrə məlumat tapılmamışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MF-EX/149 nömrəli kredit müqaviləsi üzrə cavabdehə şəxsi məqsədlər üçün 36 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə iddiaçı "xxxx" ASC ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər öhdəliklərini lazımi şəkildə icra etməmişlər. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia tələbi əsas kredit borcunun ödənilməsi hissəsində qismən əsaslıdır, faiz məbləği isə işin müəyyən edilmiş həqiqi hallarına uyğun deyildir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2014-cü il tarixli MF- EX/149 nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği 3765 ABŞ dolları deyil, 3717.56 ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsinin icra müddətinin bitmə tarixinə qədər 679.2 ABŞ dolları faiz hesablanmış, həmçinin iddiaçı tərəfindən müqavilə müddəti bitdikdən sonrakı müddətə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə illik 5 faiz dərəcəsi ilə 1170.52 ABŞ dolları əlavə faiz və 80.5 ABŞ dolları cərimə hesablanmışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində, həmçinin müəyyən etdi ki, iddiaçı bank tərəfindən borcluya 01 iyun 2015-ci il tarixdə xəbərdarlıq edilmişdir. Bundan sonra cavabdehin öhdəliyin icrası ilə bağlı ödəniş etməməsi barədə bank tərəfindən borcluya xəbərdarlıq edilməmişdir. Bununla da görünür ki, cavabdehin kredit müqaviləsi üzrə əsas məbləği və faiz borcu ödəməsindən 360 gündən çox müddət gecikdiyindən, onun borcu vaxtı keçmiş kredit borcuna aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borcların olması müəyyən edilmişdir. Həmin Fərmanın 6.1-ci bənində Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 6.2-ci bəndində isə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi tapşırılmışdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2014cü il tarixdə bağlandığından, cavabdehin kredit müqaviləsi üzrə əsas məbləği və faiz borcunu ödəməsindən 360 gündən çox müddət keçdiyindən, onun borcu vaxtı keçmiş kredit borcu aid edilməklə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür. Eləcə də həmin Fərmanın 6.1-ci bəndində göstərilən qaydada iddiaçı bank tərəfindən cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməmiş, çünki iddiaçı tərəf iddia ərizəsinə o barədə mötəbər sənəd əlavə etməmişdir. Belə olan halda Cavabdeh1 problemli kreditlər məsələsinin həllinə yönəlmiş dövlət dəstəyindən faydalana bilməmiş, nəticədə iddiaçı tərəfin hərəkətsizliyi səbəbindən cavabdehə münasibətdə Fərmanda qarşıya qoyulan məqsədə nail olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdən ibarət olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 əsas kredit borcuna hesablanmış faiz və dəbbə pulu silinməlidir. Məhkəmə, həmçinin iddianın Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli MF-EX/149 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 3717.56 ABŞ dolları əsas kredit borcu alınıb iddiaçı banka ödənilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı banka verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 №-li, 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli, MF-EX/149 nömrəli kredit müqaviləsi üzrə müştərək qaydada cəmi 3717.56 (üç min yeddi yüz on yeddi dollar əlli altı sent) ABŞ dolları əsas kredit borcu qətnamə icra olunduğu günə manat məzənnəsi ilə alınıb iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1675/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1675/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver