Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-168/2023 10.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mingəçevir şəhəri 1-ci Təbriz döngəsi 2 ünvanında inşa etdikləri tikilinin məcburi sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə ərizə verərək işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayan vətəndaşlar Cavabdeh2 və onun oğlu Cavabdeh1 şəhərin 1-ci Təbriz döngəsi 2 ünvanında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq İcra Hakimiyyəti orqanının icazəsini almadan, özbaşına, təyinatı müəyyən edilməyən tikili inşa etmişdir. Faktı aşkar etmiş işçi qrupu tərəfindən müvafiq akt tərtib edilmiş və araşdırılması üçün şəhər Polis şöbəsinə göndərilmişdir. Mingəçevir şəhər Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Polad Atayev tikintini dayandırmamış, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Qərarda cavabdehlərin mülkiyyətlərində olan torpaq sahəsində yaşayış evi tikdikləri göstərilmiş, lakin həmin tikilinin maşın təmiri sexinə daha çox bənzəməsi, tikilinin fotoşəklindən də aydın görünür. Toplanmış sənədləri araşdırarkən cavabdehlərin torpağa mülkiyyət hüququ verən mötəbər sənədlərinin olmaması, tikintinin eskiz layihəsinin heç bir orqan tərəfindən təsdiqlənməməsi aydın görünür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə şəhər ərazisində inşa edilən tikili müvafiq ekspertizadan keçməli və ona dair rəy verilməlidir. Belə rəy verildikdən sonra yerli icra hakimiyyəti orqanı tikilinin inşasına icazə verir. Cavabdehlər şəhər İcra Hakimiyyətinin müvafiq icazəsini almadan özbaşına tikili inşa etmişlər. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Mingəçevir şəhəri Təbriz döngəsi 2 ünvanında inşa etdikləri tikilinin məcburi sökülməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Mingəçevir şəhəri 1-ci Təbriz küçəsi ev 2 fərdi yaşayış evi və 0.095780 ha torpaq sahəsi mülkiyyət hüququ ilə onlara məxsus olmuşdur. Onlar həmin torpaq sahəsində sahəsi qanunvericilikdə müəyyən edilən normalara uyğun həddə tikinti işləri aparmışlar. Bununla bağlı iddiaçı inzibati orqanın səlahiyyətli nümayəndəsinə şifahi formada, habelə, sonradan ərizə ilə rəsmi müraciət etmişdir. Tikinti işləri onun müstəsna mülkiyyətində olan sahənin sərhədlərində aparılmışdır. Bundan əlavə iddia ərizəsində göstərildiyi kimi, onlar həyətdə təmir sexi tikdirmirlər. Hər ikisinə məxsus avtomobil var, həmin avtomobilləri saxlamaq üçün qaraj tikmişlər. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 da məhkəmə iclasında Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının göstərilən tələbə dair məhkəmədə iddia qaldırmaq səlahiyyəti qanunda nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.2-ci maddəsinin məzmununa görə tikinti obyektlərinin sökülməsinə icazə tələb olunur. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən həmin Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, Məcəllənin 95.3-cü maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edilməsi səlahiyyətlərini “müvafiq icra hakimiyyəti orqanı” kimi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Göründüyü kimi iddiaçı tərəf cavabdehin tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini aşkar etdikdə, bir iş günü müddətində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat verməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.3-ci maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia məhkəmə qaydasında baxılmalı deyildir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Bununla belə iddiaçıya izah edilməlidir ki, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, tikinti məqsədləri üçün ayrılmamış dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə etmək və həmin Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat vermək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263- 264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya tikinti obyektinin sökülməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-168/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-168/2023
10.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver