Məhkəmə qərarları › İş №2(051)-1696/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1696/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1696/2021 18.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cəmi 23340 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildiridi ki, İddiaçı Cavabdeh ilə uzun müddət qonşu olmuşlar, münasibətləri də normal olmuşdur. Təxminən bir il bundan əvvəl Cavabdeh iddiaçıya bildirmişdi ki, pula ehtiyacı var ona görə də mənzilini satmaq istəyir. İddiaçı da mənzilin ona satılmasını xahiş edibdir. Bunun müqabilində iddiaçı cavabdehə 1550 manat, sonra 1080 manat, cəmi 2630 manat pul veribdir. Lakin bir müddətdən sonra iddiaçıya məlum olubdur ki, cavabdeh mənzili başqa bir adama satıbdır. Bundan sonra iddiaçı dəfələrlə cavabdehdən borclu olduğu pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı Mingəçevir şəhər Polis şöbəsinə müraciət etmək məcbiriyyətində qalmış, polis şöbəsində araşdırma aparılmış, cavabdeh sözügedən miqdarda borcu olmasını etiraf etmişdir, ancaq yenə borcunu ödəməmişdir. İddianın təmin olunmasını, Cavabdeh 2630 (iki min altı yüz otuz) manat borc pulun, 184 (bir yüz səksən dörd) manat faiz, 526 (beş yüz iyirmi altı) manat əldən çıxmış faydanın, 20000 (iyirmi min) manat mənəvi zərərin, cəmi 23340 (iyirmi üç min üç yüz qırx) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İşdə olan Mingəçevir şəhə Polis şöbəsinin TB-nin təhiatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cəbrayılova Nərgiz Nəsib qızının əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin hüquq bərabərliyi və faktlar əsasında həyata keçirilir. Lakin bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tələbində cavabdehə ayrı-ayrı vaxtlarda cəmi 2630 manat pul verdiyini, lakin bu vaxta qədər pulu qaytarmadığına görə cavabdehdən 2630 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir və öz tələbini onun şikayəti əsasında cavabdehin polis şöbəsində verdiyi izahatda həmin məbləğdə pulu ondan almasını etiraf etməsi ilə əsaslandırmışdır. İddiaçı ərizəsi əsasında toplanmış HK-1/590 №-li materiala Cavabdeh əlavə olunmuş izahatında isə İddiaçı cəmi 1800 manat borc pul aldığını, 1100 manat qaytardığını, 700 manat borcu qaldığını göstərmişdir. İddiaçı cavabdehə 2630 manat pul verməsini təsdiq edən hər hansı sübutu təqdim etmədi. Eləcə də cavabdeh N. Cəbrayılova izahatında İddiaçı 1800 manat pul aldığını, həmin puldan 1100 manat qaytardığını göstərsə də, 1100 pulun iddiaçıya qaytarılması da sübut olunmadı. Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia 2630 manat pul tələbinə dair hissədə qismən təmin olunmalı, cavabdehdən 1800(bir min səkkiz yüz) manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İddiaçı, həmçinin, tələbində cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəydiyini,184 manat faizin, 526 manat əldən çıxmış faydanın, 20000 manat mənəvi zərərin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Adı çəkilən qərarın 2-ci bəndində həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə təhqiqi zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması öz təsdiqini tapmadı. Ona görə də məhkəmə hesab edir ki, iddia 184 manat faiz, 526 manat əldən çıxmış fayda, 20000 manat mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30(otuz) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh Cəbrayılova Nərgiz Nəsib qızından 1800 (bir min səkkiz yüz) manat pul alınıb İddiaçı verilsin. İddia 184 manat faizin, 526 manat əldən çıxmış faydanın, 20000 manat mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə təmin olunmasın. Dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat cavabdehdən alınıb iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar