Məhkəmə qərarları › İş №2(051)-1721/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1721/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1721/2021 10.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh Fizuli oğluna qarşı borcun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.01.2020-ci il tarixli STN03-4595 №li müqaviləyə əsasən cavabdehə qiymətini hissə-hissə ödəniş şərti ilə “Xiomi S2 32 gb grey” markalı mobil telefon, “ LG F2J5NNP7S” markalı paltaryuyan, “Neos 32N5000 sadə” və “Neos 32N5000 sadə” markalı televizorlar verilmiş, hər ay 70 manat ödəməklə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, borcu vaxtında ödəməmişdir. Müqavilə üzrə öhdəlikləri tam icra etməyən cavabdehin 840 manat əsas borc və 326 manat cərimə olmaqla, cəmi 1166 manat borcu qalmışdır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq İddiaçı MMC ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.01.2020-ci il tarixli STN03-4595 №li müqavilədən görünür ki, iddiaçı dəyəri hissə-hissə, hər ay 70 manat olmaqla, 12 ay müddətində ödənilmək şərti ilə “Xiomi S2 32 gb grey” markalı mobil telefon, “ LG F2J5NNP7S” markalı paltaryuyan, “Neos 32N5000 sadə” və “Neos 32N5000 sadə” markalı televizorlar cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıdan aldığı-əşyanın qiymətini 12 ay müddətinə, hər ay 70 manat olmaqla ödəməlidir. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh “Xiomi S2 32 gb grey” markalı mobil telefon, “ LG F2J5NNP7S” markalı paltaryuyan, “Neos 32N5000 sadə” və “Neos 32N5000 sadə” markalı televizorları iddiaçıdan təhvil almışdır. İşə əlavə olunmuş maliyyə arayşından görünür ki, Cavabdeh 29.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 840 manat əsas borc, 326 manat faiz borcu olmaqla, cəmi 1166 manat kredit borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış 29.01.2020-ci il tarixli STN03-4595 №li müqaviləyə əsasən iddiaçı dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehə “Xiomi S2 32 gb grey” markalı mobil telefon, “ LG F2J5NNP7S” markalı paltaryuyan, “Neos 32N5000 sadə” və “Neos 32N5000 sadə” markalı televizorlar vermişdir. Müqaviləyə görə cavabdeh əşyanın dəyərini hər ay 70 manat olmaqla 12 ay müddətinə ödəməli idi. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Nəticədə onun 840 manat əsas borc və 326 manat cərimə olmaqla, cəmi 1166 manat borcu yaranmışdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 840 manat əsas borc və 326 manat cərimə olmaqla, cəmi 1166 manat tutularaq İddiaçı MMC -nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 840 (səkkiz yüz qırx) manat əsas borc və 326 (üç yüz iyirmi altı) manat cərimə olmaqla, cəmi 1166 (bir min bir yüz altmış alt) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı MMC -yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar