Məhkəmə qərarları › İş №2(051)-1725/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1725/2022

06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1725/2022 06.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi İmanlı Banu Pənah qızının katibliyi ilə İddiaçı1 və İddiaçı2 İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı maddi ziyan tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən İddiaçı1 700 manat, İddiaçı2 550 manat və İddiaçı3 550 manat məbləğində maddi zərərin və 40 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ayrı-ayrı vaxtlarda onlarla Zahid adlı şəxs vasitəsilə razılığa gələrək torpaq sahəsi satacağını vəd etmişdir. Buna görə İddiaçı1 2600 manat, İddiaçı2 3500 manat və İddiaçı3 3000 manat məbləğində pulu alaraq mənimsəmişdir. Sonradan cavabdeh hər üç tərəfə olan borcundan müəyyən məbləğdə ödəniş etmişdir. Qalan borcunu isə ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən İddiaçı1 700 manat, İddiaçı2 550 manat və İddiaçı3 550 manat məbləğində maddi zərərin və 40 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı1 tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-5/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 228.1-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə ki, Hüseynov Zahid onun yeznəsi olub. 2017-ci ilin dekabr ayında Zahid onlara gələrək təmizlik idarəsinin arxasında 5 sot torpaq sahəsinni satıldığını və qiymətinin 2000 manat, sənədləşməylə birgə 2600 manat olduğunu bildirmişdir. Sənədləşdirmə işinə Elgiz adlı şəxsin baxdığını bildirmişdir. İlk başda Zahidə 1 həftə ərzində 1600 manat pul ödəmişdir. Sonradan hissə-hissə yenidən 1000manat pulu da Zahidin yaşadığı mənzildə Elgizə vermişdir. Bir müddət sonra Elgiz Zahidin yanında torpağa məxsus şəhadətnaməni ona göstərmiş, ancaq sənəddə möhür olmadığını və möhür vurduqdan sonra verəcəyini bildirmişdir. Sonradan isə Elgizlə əlaqə saxlamağa çalışsa da bu mümkün olmamışdır. Elgiz adlı şəxs ona olan borcunun bir hissəsini ödəmişdir və hazırda 700 manat borcu qalıb. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 məhkəmə iclası zamanı bildirdi ki, Elgizlə aralarındakı tanışlığı qızının əri Davudov Süleyman vasitəsilə yaranmışdır. 2018-ci ilin mart ayında övladına ev tikmək qərarına gəlmiş, bunun üçün münasib qiymətə torpaq sahəsi axtarmışdır. Sonradan kürəkəni Süleyman ona Zahid adlı tanışının 11 sot torpaq sahəsi satdığını və almaq istəsə əvvəlcədən 100 manat beh verməli olduğunu bildirmişdir. Zahidlə görüşdükdən sonra ona 100 manat eh verilmiş, torpağa baxmağa gedəndə isə sözügedən torpaq sahəsinin 5, 6 sotlara bölünərək satıldığı bildirilmişdir. Həmin vaxt Zahidə 3500 manat pulu nağd formada vermiş və sənəd üçün 2 ay müddətində gözləmişdir. 2 ay sonra Zahid adlı şəxs sənədi ona təqdim etmiş və çıxarışı gözlədiyini bildirmişdir. Ancaq ona sonradan məlum olmuşdur ki aldadılmışdır. Elgiz adlı şəxs onu aldatmışdır. İndiyədək borcundan bir hissəsini ödəmişdir, qalan 550 manat borcu isə qaytarmır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram məlumat verməmişdir. İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, qanuni qüvvəyə minmiş məhkəmə hökmünü, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-5/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 228.1-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 2 ay 27 gün müddətinə azadlıqdan cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh tamah niyyəti ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 aldadaraq onlara maddi ziyan vurmuşdur. Cavabdeh həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-5/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası CPM–in 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh cinayət hadisəsi törətməsinə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, həmçinin məhkəmənin qanuni qüvvədə olan hökmü ilə təqsirli hesab edildiyindən cəmi 1800 manat məbləğində pul vəsaitini iddiaçılara qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən iddiaçılar İddiaçı1 700 manat, İddiaçı2 550 manat və İddiaçı3 550 manat məbləğində maddi zərər alınıb iddiaçıya verilməlidir. Həmçinin ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 700 manat, İddiaçı2 550 manat və İddiaçı3 550 manat məbləğində olmaqla, cəmi 1800 manat pul Cavabdeh alınıb verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 40 (qırx) manat məbləğində pul alınıb iddiaçılara verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar