Məhkəmə qərarları › İş №2(051)-1727/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1727/2022

30.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1727/2022 30.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, İmanlı Banu Pənah qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X1 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının qarşısında cavabdeh X2 tərəfindən yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Ağdam rayonundan məcburi köçkündür. Tək-tənha qadındır. O, 4 saylı yarımçıq uşaq bağçasında məskunlaşıb. Artıq 80 yaşı var. Cavabdeh onun qonşusudur. O, lazımsız əşyaları ilə pəncərəyə çəkilmiş dəmir hasarla cavabdeh tərəfindən tamamilə bağlanmışdır. Otağa hava daxil olmur. Yaşlı və xəstədir. Təmiz hava olmayanda boğulur. Odur ki, onun istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının pəncərəsinin qarşısında cavabdeh X2 tərəfindən yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, tək-tənha qadındır. X4 Müharibəsi iştirakçısı olmuş və şəhid olmuşdur. O, 4 saylı yarımçıq uşaq bağçasında məskunlaşıb. Artıq 80 yaşı var. Cavabdeh onun qonşusudur. O, lazımsız əşyaları ilə iddiaçının pəncərəsinin qarşısını tutur, qoymur ki, onun otağına təmiz hava gəlsin. Pəncərənin qarşısına isə əlinə nə keçsə qoyur. Müalicələrlə yaşayır. Təmiz hava almalıdır, yoxsa boğulur. Buna isə cavabdeh mane olur. O, bu barədə bir neçə dəfə başqa qurumlara müraciət etsə də, heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət edərək, onun istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının pəncərəsinin qarşısında cavabdeh X2 tərəfindən yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabadeh Cavabdeh dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)- 56/2020 saylı qətnamədən görünür ki, İddiaçı X1 qarşı olan iddiası qismən təmin olunmuş, İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının ncərəsinin qarşısında cavabdeh X2 tərəfindən çəkilmiş pərdə (bez parçası) götürülmüşdür. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri istifadə hüququ və qonşuluq münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. İş materiallarından görünür ki, iddiaçı məcburi köçkündür və 4 saylı uşaq bağçasında məskunlaşmışdır və ona verilmiş otaqdan və onun qarşısında olan seyvandan maneəsiz sahiblik və istifadə hüququ vardır. Lakin qonşusu X2 tərəfindən yaradılmış maneələr, yəni lazımsız, istifadəyə yararsız əşyalarla doldurulduğundan və seyvanın ətrafı ön hissədən iki metr hündürlüyündə dəmir təbəqəylə və sağ tərəfdən pərdə ilə tutulduğundan onun otağının qarşısında olan seyvandan istifadəni mümkünsüz etmiş və otağının işıqlandırılmasının qarşısını almaqla iddiaçıya maneələr yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə qeyd edir ki, əvvəllər eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmuşdur. Belə ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-56/2020-ci il tarixli qətnaməyə əsasən İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının pəncərəsinin qarşısında cavabdeh X2 tərəfindən çəkilmiş pərdə (bez parçası) götürülmüşdür. İcra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-56/2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin işin hallarından göründüyü kimi, əvvəlki əsaslar yenidən yarandığından məhkəmədə eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslarla üzrə mübahisəyə baxıla bilər. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı öz tələbində haqlıdır. Belə ki, seyvanın ətrafı ön hissədən iki metr hündürlüyündə dəmir təbəqəylə və sağ tərəfdən pərdə ilə tutulduğundan, eləcə də içəri lazımsız, istifadəyə yararsız əşyalarla doldurulduğundan iddiaçının otağının işıqlandırılmasının qarşısını aldığından, həmçinin seyvanın istifadəsini mümkünsüz hesab etdiyindən həmin pərdə və iki metr hündürlüyündə dəmir təbəqə götürülməli, eyni zamanda seyvandan lazımsız və istifadəyə yararsız əşyalar çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsas kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi təmin edilsin İddiaçı istifadəsində olan Mingəçevir şəhəri, 4 saylı Uşaq bağçasında onun otağının qarşısında cavabdeh X2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar