Məhkəmə qərarları › İş №2(051)-1728/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1728/2022

19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1728/2022 19.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı və etibarnamə üzrə nümayəndəsi(vəkili) Vəkil Cavabdeh və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 10000 ABŞ dolları pulun və 143 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünə məxsus torpaq sahəsini satırdı. Danışıqlar aparılmış və həmin torpaq sahəsini 12000 ABŞ dollarına satın almağa razılaşmışlar. Cavabdehə ilkin olaraq 10.000 ABŞ dolları verilmiş, 2000 dolları isə sənədləşmə işləri aparıldıqdan sonra verəcəkləri üçün üçün razılaşmışlar. Amma bir müddət keçdi, cavabdeh nə sənədi həll etmədi, nə də ödədikləri 10.000 dolları qaytarmamışdır. Həmin torpaq sahəsində iddiaçı 2015-ci il tarixində ev tikdirmişlər. Bələdiyyə işçiləri bildirmişlər ki, qanunsuz torpaq zəbt edtikləri üçün məsuliyyət daşıyacaqlar. Onlar da məcbur olub, 2015-ci ildə bələdiyyədən 3500 azn xərc çəkərək öz adlarına rəsmiləşdirmişlər. Cavabdehdən pulun qaytarılmasını tələb etsək də, hələ də qaytarmır. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizə təqdim dərək iddia müddətinin ötürülmədiyini və hüquqlarının pozulması anının 2022-ci ilin aprel ayından, yəni hüquqlarının pozulmasını bildiyi andan etibarən hesablanması halında, qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddiaçı ilə aralarındakı razılaşma 2009-cu ildə olumuşdur. İddiaçı 10000 dollar məbləğində pulu cavabdehə vermiş, qalan 2000 dollar məbləğində pulla isə torpaq sahəsinə öz adına çıxarış əldə etmişdir. Hazırda iddiaçının 12 il sonra belə bir ərizə ilə məhkəməyə iddia irəli sürməsi tam əsassızdır. Cavabdeh vəkili X2 məhkəməyə ərizə təqdim edərək hazırki işlə bağlı iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini və işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2010-cu il tarixli cavabdehin özü tərəfindən imzalanmış kağızdan görünür ki, Cavabdeh İddiaçı 10000 ABŞ dollar məbləğində pul almış, 2000 ABŞ dollarının isə qalıq olaraq qeyd etmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrdən Çıxarışdan görünür ki, Mingəçevir şəhər, 20 Yanvar döngəsi, 17 saylı ev xx.xx.2015-ci il tarixdə İddiaçı mülkiyyətinə rəsmiləşdirilmişdir. İşdə olan “Torpaq sahəsinin plan və ölçüsü” ndən görünür ki, torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarıdır və xüsusi mülkiyyətdədir. İşdə olan iddia müddətinin tətbiq olunması barədə ərizədən görünür ki, cavabdeh və vəkili məhkəməyə ərizə ünvanlayaraq İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlər heç bir hüquqa və ya müqaviləyə əsaslanmadan yaranmışdır. Yəni cavabdehin iddiaçıya “satdığı” torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmamışdır. Sadəcə həmin torpaq sahəsinə faktiki sahibliyi həyata keçirmişdir. Cavabdehlə iddiaçı arasında yalnız şifahi razılaşma olmuşdur. Qanunvericiliyə əsasən isə şifahi razılaşma, yəni tərəflər arasında şifahi əqdlər bağlana bilər. Lakin, razılaşmanın şifahi olmasına baxmayaraq torpaq sahəsinə dair cavabdehin heç bir hüquqmüəyyənedici sənədi olmadığından bu razılaşma (əqd) etibarsız sayılır. Məhkəmə belə nəticəyə gəlir ki, belə olan halda cavabdeh faktiki sahiblik etdiyi torpağı “satmaqla” əsassız varlanmışdır. İddiaçının isə bu halda torpaq sahəsinin alınması üçün verdiyi pulunu cavabdehdən geri tələb etmək hüququ yaranır. Lakin, iddiaçı artıq 2015-ci ildə torpaq sahəsini bələdiyyənin müraciəti ilə öz adına rəsmiləşdirdiyi zaman ona məlum olmuşdur ki, torpaq sahəsi Cavabdeh mülkiyyətində deyil. Belə olan halda artıq müəyyən olundu ki, şəxs hüquqlarının pozulduğunu həmin tarixdən bilirdi. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarına əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə bildirir ki, bu iddia ilə bağlı iddia müddəti tətbiq edilə bilməz. Çünki, mübahisə əqdin etibarsızlığı əsası ilə yarandığından Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət tətbiq edilməldir. Məhkəmə yuxarıda göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, mübahisənin əsası əqdin etibarsızlığından yarandığından cavabdeh şəxs əsassız varlanmış, lakin İddiaçı Cavabdeh əsassız varlanma ilə bağlı verdiklərini müddətin ötürülməsi səbəbindən geri tələb etmə hüququnu itirmişdir. Buna görə də, iddia təmin olunmamalıdır. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar