Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-175/2022 11.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Neftçala Rayon Mərkəzi Xəstəxanasında xadimə işləyir. Əri Zəfərdən 2020-ci ilin iyun ayında boşanıb. Həmin nikahdan doğulmuş iki uşaq boşanandan sonra onun yanımda qalmışdır. Keçmiş əri bir neçə dəfə uşaqları ondan alacağı barədə məhkəməyə şikayət edəcəyini bildirmişdi. 2021-ci ilin mart ayının əvvəlində özünü Vasif kimi təqdim edən şəxs tanımadığı bir nömrədən onun mobil telefonuna zəng etdi. Həmin şəxs onun mobil telefonuna zəng vurub danışanda məhkəmə işçisi olduğunu bildirdi. 04 mart 2021-ci il tarixdə saat 18 radələrində Vasif onun mobil telefonuna zəng vuraraq Neftçala şəhərində olduğunu dedi. O, Vasifə iş vaxtı olmadığı üçün evdə olduğunu dedi. Vasif yaxından tanışlıq üçün evə gəlmək istədiyini bildirdi. O, evlərinin yerini Vasifə başa saldı. Vasif tanımadığı taksi ilə onların evinə gəldi. Vasif geyimindən həqiqətən, məhkəmə işçisinə oxşayırdı. Çünki Vasif əyninə kostyum geyinmiş və əlində müxtəlif sənədlər tutmuşdur. O, qorxurdu ki, keçmiş əri azyaşlı uşaqlarını əlindən ala bilər, çünki əri Zəfər tez-tez ona hədə-qorxu gəlirdi ki, uşaqları ondan məhkəmə qaydasında alacaqdır. O, Vasifdən xahiş etdi ki, bu işdə ona kömək etsin. Vasif də ona bildirdi ki, ona bu işdə kömək edər. Vasif əvvəl ona bu işə kömək etməsi müqabilində 2-3 min manat pul lazım olduğunu dedi və uşaqlarının bir dəfəlik onda qalacağını bildirdi. O isə Vasifə hələlik yalnız 500 manat pul verə biləcəyini dedi. Həmin gün saat 19 radələrində öz evində anasının yanında Vasifə 500 manat pul verdi. Sonra Vasif çıxıb getdi və onunla əlaqə saxlayacağını dedi. 05 mart 2021-ci il tarixdə səhər tezdən Vasif zəng edərək işlə əlaqədar olaraq təcili Bakı şəhərinə getməli olduğunu bildirdi. Vasif tanımadığı bir taksi ilə gəlib onu götürdü və onlar Bakı şəhərinə getdilər. Bakı şəhərinə çatmağa bir qədər qalmış Vasif mobil telefonunda nəsə danışdı və ona 2000 manat lazım olduğunu bildirdi. O, həmin məbləğdə pulunun olmadığını bildirdi. Vasif isə pulu təcili tapmalı olduğunu ona bildirdi. O qonşusu, həm də rəfiqəsi Təhminəyə zəng edərək 2000 manat pul lazım olduğunu dedi və borc istədi. Təhminə ona poçt vasitəsi ilə 2000 manat göndərəcəyini dedi. Vasif onu Bakı şəhərində yerləşən poçt şöbələrindən birinə apardı. O, saat təxminən 13 radələrində poçtdan adına göndərilən 2000 manat pulu götürdü. Pulu götürəndən sonra dərhal 2000 manatı Vasifə verdi. Daha sonra Bakı şəhərində yerini bilmədiyi bir binanın yanına getdilər. O, taksidə əyləşdi. Vasif təxminən 15 dəqiqə sonra qayıdaraq pulu lazım olan yerə çatdırdığını, lakin 300 manat borclu qaldığını dedi. O, Vasifə pulu verəcəyini dedi. Daha sonra Vasif haradansa gedib cip avtomobili götürdü. Vasif ona həmin avtomobilin işlədiyi idarəyə məxsus olduğunu dedi. Həmin avtomobillə də o, Vasiflə birlikdə saat təxminən 21 radələrində Neftçala rayonuna onların evinə gəldilər və o, Vasifə evdə kiməsə borclu qaldığını bildirdiyi 300 manatdan 200 manat pul verdi, 100 manatı isə sabah verəcəyini dedi. Vasif sonra çıxıb getdi. 06 mart 2021-ci il tarixdə saat 10 radələrində Vasif Neftçala Rayon Mərkəzi Xəstəxanasının yanında ondan 100 manat pulu alıb getdi. Həmin gün saat 14 radələrində Vasif işlə əlaqədar yenə pul lazım olduğunu bildirdi. O, Vasifə pulunun olmadığını, yalnız qızıl üzüyünü verə biləcəyini dedi. Vasif saat 15 radələrində evinin yaxınlığına gəlib ondan dəyəri təxminən 110 manat təşkil edən bir ədəd qızıl üzüyü aldı. Vasif ona təxminən bir saata işinin tamam yoluna qoyulacağını və ona bu barədə xəbər edəcəyini, uşaqların onda qalacağı barədə məhkəmənin qərarını verəcəyini dedi. O, bir saat sonra işlə maraqlanmaq üçün Vasifə zəng etdi, lakin Vasif ona cavab vermədi. O, Vasifdən şübhələnməyə başladı. O bir neçə saat ərzində dəfələrlə Vasifə zəng etsə də cavab vermədi. O, bu barədə anasına və digər bu sahədə savadı olan qohumlarına bildirdi. Ona dedilər ki, o, kimdirsə dələduzdur. Bir gündə məhkəmə elə qərar verə bilməz. Maraqlandı ki, ümumiyyətlə məhkəmə həftənin şənbə günü işləmir. Odur ki, Vasifin onu aldatdığını bilib Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdi. Vasif onun yanında bir dəfə telefonla danışdıqda həmin danışdığı şəxsə özünü X2 təqdim etdi. Aldatdığını fikirləşərək düşünmüşdür ki, bəlkə də Vasifin əsl adı elə Nicatdır. Odur ki, ərizəsində adını Nicat yazmışdır. Lakin araşdırma zamanı həmin şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. Vasif polis vasitəsilə qızıl üzüyü ona qaytarmış, lakin aldığı pulu qaytarmamışdır. Vasifdən ona dəymiş ziyanı tam şəkildə ödəməsini tələb edir. Hal-hazırki tarixə kimi ona vurulmuş ziyan tam ödənilmədiyinə görə təqsirləndirilən şəxs Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdi. Həmin vaxtı ona məlum olmuşdur ki, Cavabdeh ondan başqa bir neçə nəfəri də dələduzluq yolu ilə aldadaraq onlardan pul almışdır. Onlar da Vasif barəsində şikayət ərizəsi ilə müraciət etmişlər. Neftçala Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh hazırda 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, Cavabdeh dəymiş ziyana görə 2800 (iki min səkkiz yüz) manat məbləğində pulun və 49 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazrliyi Penitensiar Xidməti 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırki iş üzrə Cavabdeh oğluna iddia ərizəsinin surəti və məhkəmə iclasının vaxtı, yeri barədə bildiriş göndəilərək, iddia tələbinə dair öz münasibətini bildirməyi bildirilmiş, lakin cavabdeh iddia tələbi ilə bağlı münasibətini bildirməmişdir. İşə əlavə olunmuş Neftçala rayon məhkəməsinin 1(053)-48/202 №-li 14 iyul 2021-ci il tarixli hökmünün surətinən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yevlax rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təyin edilmiş 01(bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəsazı Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən hazırkı höküm üzrə təyin edilmiş 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Cavabdeh qəti olaraq 02(iki) il 05(beş) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı aldadaraq müxtəlif vaxtlarda ondan cəmi 2800 manat almışdır. Cavabdeh həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş, lakin İddiaçı aldığı 2800 manat pulu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə geri qaytarmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, idda təmin olunmalı, cavabdehdən 2800 (iki min səkkiz yüz) manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 49 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh X1 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 49 (qırx doqquz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-175/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-175/2022
11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver