Məhkəmə qərarları › İş №2(051)-1754/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1754/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1754/2022 11.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil İddiaçılar İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 3000 manat məbləğində əsas borcun, 2021-ci ilin sentyabr ayından hal-hazıradək 2000 manat dəyərində əldən çıxmış fayda olmaqla, cəmi 5000 manat məbləğində pulun alınıb onlara verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Yevlax rayon Gülovşə kəndində təsərrüfatla məşğul olur. Cavabdeh 2021-ci ildə sentyabr ayında gələrək ondan 1 ay müddətində qaytarmaq şərtilə toxumluq buğda istəmişdir. İddiaçı ona inanmış və 3000 manat dəyərində toxumluq buğdanı cavabdehə vermişdir. Cavabdeh həmin buğdanı istifadə etmiş, ancaq borcu qaytaracağı gündən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. İddiaçı isə həmin vaxt ərzində təxminən 2000 manat ziyana düşmüşdür. Dəfələrlə xəbərdar edilsə də, cavabdeh borcunu ödəməkdən yayınmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, cavabdeh 2021-ci ilin sentyabrda 3000 manat dəyərində toxumluq buğdanı aldı. Qaytaracağını dedi və hələ də pulu qaytarmayıb. Son olaraq ona 500 manat ödəniş etmişdir. Ancaq həmin dövrdən bugünədək əldən çıxmış fayda üçün 2000 manat və əsas borcdan 2500 manat pul borcu olduğu kimi qalır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs İddiaçı Yevlax rayon Gülovşə kəndində təsərrüfatla məşğul olur. Cavabdeh 2021-ci ildə sentyabr ayında gələrək ondan 1 ay müddətində qaytarmaq şərtilə toxumluq buğda istəmişdir. İddiaçı ona inanmış və 3000 manat dəyərində toxumluq buğdanı cavabdehə vermişdir. Cavabdeh həmin buğdanı istifadə etmiş, ancaq borcu qaytaracağı gündən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. İddiaçı isə həmin vaxt ərzində təxminən 2000 manat ziyana düşmüşdür. Dəfələrlə xəbərdar edilsə də, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Sonradan cavabdeh 500 manat da ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 2500 manat əsas borc və 2000 manat əldən çıxmış faydadan ibarətdir. Odur ki, iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. İşdə olan şahid qismində dindirilmiş X1 məhkəmə iclası zamanı izahatında bildirdi ki, cavabdehin qardaşıdı. Qardaşı tərəfindən sözügedən məhsul iddiaçı tərəfindən qardaşına verilmişdir. Sonuncu dəfə qardaşı ona Məzahir də daxil olmaqla, 3 adama borcu olduğunu bildirmişdir. Demişdir ki, Bakıya gedir, 3000 manat borcdan 300 manatı xx.xx.2022-ci il tarixdə qardaşı tərəfindən ödənimişdir. Bugün isə 500 manat ödənilmişdir. Qardaşı ona demişdir ki, o borcu ödəməkdən yayınmır. Maddi vəziyyəti düzələn kimi borcunu tam ödəyəcəkdir. Qardası hazırda isə Bakı şəhərindədir Məhkəmə iddia ərizəsini, iddiaçının və onun vəkilinin izahatlarını, şahid ifadəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 3000 manat məbləğində toxumluq buğda məhsulunun nisyə verilməsinin sübutetmə yükü iddiaçıların üzərinə düşür. Belə ki, işdə olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı sahibkar (VÖEN **********) kimi qeydiyyata alınmışdır. işdə olan 561 saylı arayışdan görünür ki, İddiaçı toxum istehsalçılarının reyestrinə daxil edilmişdir. İşdə olan iddaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 500 manat ödəniş edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, cavabdehlə iddiaçı arasında 2021-ci ilin sentyabr ayında toxumluq 3000 manat dəyərində buğda məhsulunun nisyə alqı-satqısı olmuşdur. Lakin cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdeh tərəfindən borcundan 500 manat ödəniş edilməsi sübut edir ki, onun həqiqətəndə iddiaçıya borcu olmuşdur. Eyni zamanda cavabdehin borclu olması faktışahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı tərəf iddia ərizəsində verdiyi buğda müqabilində xeyli gəlir əldə edə biləcəyi üçün 2000 manat faydanı əldən çıxardığı və maddi ziyana düşdüyünü bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçılar toxumluq buğda məhsulunu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə bununla bağlı qeyd edir, 2000 manat dəyərində faydanın (pulun) əldə çıxması hissəsi ilə bağlıheç bir sübut təqdim edilməmişdir. MPM-nin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 3000 manat dəyərində buğda məhsulunu nisyə alması, həmin məbləğdən cəmi 500 manat qaytarıldığından iddiaçının cavabdehə qarşı pul tələbi 2500 manat müəyyən edilərək onun iddiası qismən təmin edilməli və iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar