Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1754/2025 22.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv Prosesindədir) nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh1 vərəsəsi, cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv Prosesindədir) cavabdehlər Cavabdeh1 hüquqi varisi Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmr icraatı qaydasında kredit məbləğinin geri qaytarılmasına dair ərizə ilə xx.xx.2016-cı il tarixində məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 və Cavabdeh2 2232,00 manat əsas kredit borcu, kreditdən istifadəyə görə 327 manat faiz borcu, 200 manat cərimə, ümumilikdə 2759 manat və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-5065/2016 saylı, 07 oktyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1956-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan Cavabdeh1 və xx.xx.1988-ci il ünvan 2 ünvanında qeydiyyatda olan və orada yaşayan Cavabdeh2 müştərək qaydada 2232 manat əsas, 327 manat faiz, 200 manat cərimə, cəmi 2759 manat məbləğində kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul alınıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 68/20-də yerləşən kreditor İddiaçı ASC-yə ödənilməsi əmr edilmişdir. Borclu Mirzəyeva (Cəfərova) Lalə Cumaəli qızı xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli, 2(051)-5065/2016 saylı məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmənin 2(051)-1754/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli, MƏ 2(051)-5065/2016 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddiaçı ASC (Ləğv prosesindədir) etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, 2(051)-1754/2025 nömrəli mülki iş üzrə Cavabdeh1 qalmış mirası qəbul etmiş qanun üzrə vərəsə olan oğlu, Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1754/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iş üzrə Cavabdeh3 cavabdeh qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 vərəsəsi, cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinin həcminin artırılması barədə əlavə ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2054,18 manat əsas borc, 121,96 manat faiz, 4,86 manat cərimə borcu, 852,02 manat əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 3033,02 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 50,34 manat pulun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MF-EX/277 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin kredit müqaviləsinin tələbləri pozulmuş, nəticədə kredit borcu yaranmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)- 5065/2016 nömrəli əmrinə əsasən, borclular Cavabdeh1 Ələsgər qızından və X3 2.232 manat əsas, 327 manat faiz, 200 manat cərimə olmaqla, cəmi 2.759 manat kredit borcunun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq kreditor İddiaçı ASCyə ödənilməsi əmr edilmişdir. Borclulardan biri – Cavabdeh2 yuxarıda qeyd olunmuş məhkəmə əmrinə etiraz etmiş, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən həmin məhkəmə əmri ləğv edilərək, iş iddia icraatına keçirilmişdir. Hazırda iddia tələbinin artırılması zərurəti yaranmışdır. Belə ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, məhkəmə əmrinin çıxarıldığı tarixdən indiyə qədər bank əməliyyat sistemi üzrə kredit borcu artmışdır. xx.xx.2025-ci il tarixə cavabdehin əsas borcu 2.054,18 (iki min əlli dörd manat 18 qəpik) manat, faiz borcu 121,96 (bir yüz iyirmi bir manat 96 qəpik) manat, cərimə borcu 4,86 (dörd manat 86 qəpik) manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faizlə hesablanmış borcu isə 852,02 (səkkiz yüz əlli iki manat 02 qəpik) manat təşkil edir. Bundan başqa, xx.xx.2024-cü il tarixli 2V-296 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Cavabdeh1 Ələsgər qızının adına Mingəçevir şəhəri “ASAN xidmət” mərkəzindəki notariat ofisində vərəsəlik işi açılmışdır. Belə ki, həmin şəxsin vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan oğlu - Cavabdeh3dur. Cavabdeh3 miras əmlakdan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-88/2022 saylı qətnaməsinə əsasən 1/5 hissədə pay almışdır. Miras əmlak isə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,18 ha olan torpaq sahəsinin mərhum X8 məxsus 3/5 hissəsində ibarətdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunan əsasla hesab edir ki, yuxarıda adı qeyd olunan vərəsə mərhum kredit alan Cavabdeh1 Ələsgər qızının LPO İddiaçı ASC qarşısındakı kredit öhdəlikləri üçün cavabdehlik daşıyır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 vərəsəsi, cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi və göstərdi ki, 9 ildən sonra zaminin pensiyasından tutmağa başlamışlar. Lakin bu müddət ərzində heç bir xəbərdarlıq məktubu onlara gəlməmişdir. İndi isə bu məbləğdə faiz tələb edilir. 3 ildən artıq faiz hesablana bilməzdi. Borcları sığortalanmışdı və sığorta tərəfindən ödəniş edilməli idi. Onun anası rəhmətə getdikdən sonra əmr verilmişdir. Bu qanunsuzdur. O borcundan yayınmır. Sadəcə olaraq daha ədalətli yanaşılmasını istəyir. Aylıq ödənişlərlə borcu ödəyə bilər. Bir dəfəyə ödəməyə imkanı yoxdur. Heç bir yerdə işləmir. Odur ki, məhkəmədən izahatında göstərdiyi halların nəzərə alınmasını və iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclaslarında iştirak etməmişdir. Bununla belə məhkəməyə teleqram ünvanlayaraq, onkoloji xəstə olduğu üçün kimyaterapiya aldığına görə məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC-nin “Mingəçevir” filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 (otuz altı) ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İşdə olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 2017 manat əsas borc və 27 manat faiz borcu, 215 manat gecikdirilmiş əsas borc və 101 manat məbləğində gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 2360 manat məbləğində borcu yarandığı xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixinə banka olan borc 2232 manat əsas kredit borcu, 327 manat faiz borcu, 200 manat cərimə məbləği olmaqla, cəmi 2759 manat təşkil edir. İşdə olan Əmanətlərin sığortalanması Fondu tərəfindən verilmiş 20 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin borcu 2054,18 manat əsas borc, 121,96 manat faiz, 4,86 manat cərimə borcu, 852,02 manat əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, cəmi 3033,02 manat təşkil edir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-88/2022 nömrəli qətnaməsindən görünür ki, X4 miras qalmış, ünvan 5 ünvanında yerləşən 0.18 hektar torpaq sahəsindən X2, X5, X6, Cəfərov Şaban əliəsgər oğlunun və Cəfərova (Əhmədova) Afina Əliəsgər qızının hər birinin miras payı 1/5 hissədə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-1022/2022 nömrəli qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-88/2022 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 25 avqust 2025-ci il tarixdə verilmiş, 1608 nömrəli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş, Cavabdeh1 vərəsəsi, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan oğlu – Cavabdeh3 xx.xx.2024-cü il tarixdə 2V-296 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə, məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ASC-nin “Mingəçevir” filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 (otuz altı) ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə borcun ödənilməsinə dair xx.xx.2016-cı il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Cavabdeh1 xx.xx.2016-cı il tarixdə ölmüş və ondan qalan miras əmlak Cavabdeh3 tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Ona görə də iddiaçı bank mərhum Cavabdeh1 ödənilməmiş kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 vərəsəsi olan Cavabdeh3 və zamin Cavabdeh2 tələb etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi, həmçinin vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icra tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan, yəni universal hüquq varisliyinə yol verən əmlak xarakterli öhdəliklər olduğuna görə kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Cavabdeh1 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Onun vərəsələrin yalnız biri, oğlu Cavabdeh3 ondan qalan mirası qəbul etmiş və vərəsəlik şəhadətnaməsi almışdır. Bununla da məhkəmə hesab edir ki, borc üzrə öhdəlik müştərək qaydada cavabdehlər borclu Cavabdeh1 hüquqi varisi olan Cavabdeh3 və zamin olan Cavabdeh2 üzərinə düşür. Bu səbəbdədən də iddiaçı Bankın cavabdehlər borclu Cavabdeh1 mirası qəbul etmiş vərəsəsi olan Cavabdeh3 və zamin Cavabdeh2 qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarını 2-ci bəndinə əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Həmin Qərarın 3-cü bəndinə əsasən vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, hazırda cavabdeh Mirzəyeva (Cəfərova) Lalə Cumaəli qızı və mərhum Afina Ələsgər qızının vərəsəsi, cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 üzərinə götürdüyü öhdəliyə əməl etmədiklərinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcun, həmçinin hesablanmış cərimənin alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı məhkəmə əmrinin verilməsinə dair ərizəsində əsas məbləğə 327 manat faiz hesablamış, lakin xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfə ünvanlanmış xəbərdarlıq məktubunda isə faiz məbləği 128 manat məbləğində olmuşdur. Ona görə də faiz məbləği iddiaçının ilkin iddia tələbində tələb etdiyi məbləğdə əsaslı olmamışdır. Bununla belə nəzərə alınmalıdır ki, hazırda iddiaçı əlavə iddia ərizəsində əsas məbləğə hesablanmış faiz məbləğini 121,96 manat həddində tələb edir. Belə olan halda verilmiş tələb həddində işə baxılmasının mümkünlüyü prinsipinə uyğun olaraq, faiz məbləği 121,96 manat həddində əsaslıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı bank Cavabdeh2 və mərhum Afina Ələsgər qızının vərəsəsi, cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 qarşı gecikdirilmiş vaxt üçün əsas məbləğə illik beş faiz məbləğində vəsaitin ödənilməsinə dair əlavə iddia ərizəsində gecikdirilmiş əsas borca illik 5 faiz dərəcəsini müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş 2938 gün müddətə hesablamaqla 852,02 manat məbləğində dəymiş zərər tələb etmişdir. Bununla bağlı cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 məhkəməyə ünvanlandığı ərizəsində əsas borca illik beş faiz məbləğində dəymiş zərərin yalnız 3 illik hissəsinin təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı bank tərəfindən əsas borca müqavilə müddəti bitdiyi, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2938 gün müddətə illik 5 faiz dərəcəsi ilə hesablanmış 852,02 manat məbləğində zərər tələbi qismən əsaslıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə vəfat etsə də, iddiaçı tərəfindən borcun ödənilməsinə dair ərizə onun ölümündən sonra, yəni xx.xx.2016-cı il tarixdə məhkəməyə verilmiş və xx.xx.2016-cı il tarixdə məhkəmə əmri çıxarılmışdır. Göründüyü kimi iddiaçı bank borcun ödənilməsini tələb edən vaxt borclu ölmüşdür. Ona görə də həmin vaxt Cavabdeh1 icranı gecikdirməsi və gecikdirmə nəticəsində iddiaçıya zərər vurması istisna olunur. Belə olan halda ilk növbədə mirası qəbul etmiş vərəsənin hərəkətlərində həmin halın olub-olmaması, yəni mirası qəbul etmiş vərəsənin miras əmlak üzərində sərəncam vermək hüququnun yarandığı vaxt müəyyən edilməlidir. İşin müəyyən edilmiş hallarına görə mirası qəbul etmiş vərəsə, cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 miras əmlakla bağlı sərəncam hüququnu mirasın açıldığı andan, yəni xx.xx.2016-cı il tarixdən həyata keçirə bilməmişdir. Belə ki, mərhum Əhmədova X1 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mərhum atası X4 miras qalmış, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.18 hektar olan torpaq sahəsindən 1/5 hissədə miras payı almışdır. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən şikayət verilmədiyinə görə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Ondan sonra Cavabdeh3 mərhum Cavabdeh1 vərəsəsi kimi ondan miras qalmış 1/5 hissəyə xx.xx.2024-cü il tarixdə 2V-296 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bununla da onun miras qalmış əmlak üzərində hüququ yaranmışdır. Göründüyü kimi vərəsə xx.xx.2022-ci il tarixli qətnamə qanuni qüvvəyə mindikdən, yəni xx.xx.2022-ci il tarixdən miras əmlak üzərində sərəncam vermək hüququ əldə etmişdir. Belə olan halda mirası qəbul etmiş vərəsə miras qoyanın kreditoru qarşısında universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də məhz xx.xx.2022-ci il tarixdə qəbul etmiş və miras qoyanın öhdəlikləri üzrə borcluya çevrilmişdir. Ona görə də həmin tarixdən vərəsə pul məbləğinin ödənilməsini, yəni icranı gecikdirmiş sayıldığından, gecikdirilmiş vaxt üçün də kreditor qarşısında vurduğu zərər üçün məsuliyyət daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018 tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə əsasən hesab etmişdir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə, həmçinin iddianın əsas borca müqavilə müddəti bitdyi vaxtdan illik 5 faiz zərər tələbi hissəsi ilə bağlı zamin Cavabdeh2 münasibətdə qeyd edir ki, əsas borca müqavilə müddəti bitdyi, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş 2938 gün müddətə illik 5 faiz dərəcəsi ilə hesablamış 852,02 manat məbləğində zərər tələbi ona münasibətdə də qismən əsaslıdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırı ki, işin müəyyən edilmiş hallarına görə mərhum Cavabdeh1 miras qalmış əmlakı onun vərəsəsi Cavabdeh3 xx.xx.2022-ci il tarixdə qəbul etmiş, həmin tarixdən də o, miras qoyanın öhdəlikləri üzrə borcluya çevrilmiş, həmçinin iddiaçı bank qarşısında məsuliyyət daşımış, lakin miras qoyanın öhdəliyini icra etməmişdir. Ona görə iddiaçı bankın məhz həmin tarixdən sonra zamin Cavabdeh2 tələb irəli sürmək hüququ yaranmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018 tarixli qərarında formalaşmış hüquqi mövqeyində, mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında bir daha vurğulamışdır ki, borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Məhkəmə Mülki Məcəllənin istinad edilən normalarına və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən qənaətə gəlir ki, mərhum Cavabdeh1 vərəsəsi Cavabdeh3 və zamin Cavabdeh2 qarşı əsas borca xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2938 gün müddətə illik 5 faiz dərəcəsi ilə 852,02 manat məbləğində hesablanmalı olan zərər, iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən edilmiş hallarına əsasən xx.xx.2022-ci il tarixdən, hazırkı qətnamənin çıxarıldığı xx.xx.2025-ci il tarixədək gecikdirilmiş 1089 gün müddətə, günlük faiz məbləği 0.29 manat olmaqla, 315,81 manat məbləğində zərər hesablanması əsaslıdır. Məhkəmə Cavabdeh1 vərəsəsi, cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 borcun sığorta tərəfindən ödənilməsi ilə bağlı məhkəmə iclası zamanı verdiyi izahatında istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh qismində cəlb edilmiş şəxs tərəfindən borc məbləğinin sığortalanmasına dair sübut məhkəməyə təqdim edilməmiş, həmçinin kredit borcunun sığortalanmasına dair müqavilə iş materiallarına əlavə edilməmişdir. Ona görə cavabdeh qismində cəlb edilmiş şəxsin istinad etdiyi dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə, həmçinin cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət qeyd edir ki, hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi istisna edilir. Belə ki, kredit borcunun qaytarılması barədə iddia tələbinə münasibətdə iddiaçı tərəfindən vaxtında məhkəməyə müraciət edildiyinə görə iddia müddəti keçməmiş, gecikdirilmiş vaxt üçün əsas borca illik 5 faiz hesablanmaqla vurulmuş zərər tələbi isə qanundan irəli gələn öhdəlik olduğuna görə ona münasibətdə də iddiaçı idda müddətini ötürməmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mərhum Cavabdeh1 vərəsəi Cavabdeh3 və zamini Mirzəyeva (Cəfərova) Lalə Cumaəli qızından müştərək qaydada 2054,18 manat əsas borc, 121,96 manat faiz, gecikdirilmiş vaxt üçün əsas borca illik 5 faizlə hesablanmış 315,81 manat məbləğində zərər, öhdəliyi yerinə yetirmədiyinə görə əsas məbləğə hesablanmış 4,86 manat cərimə, cəmi 2496,81 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və cavabdehlərdən ödənilmiş 50,34 manat məbləğində dövlət rüsumunun 44,97 manat məbləğində hissəsi alınıb iddiaçı banka verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 və cavabdeh Mirzəyeva (Cəfərova) Lalə Cumaəli qızından müştərək qaydada 2054 (iki min əlli dörd) manat 18 qəpik əsas borc, 121 (bir yüz iyirmi bir manat) manat 96 qəpik faiz, gecikdirilmiş vaxt üçün əsas məbləğə illik 5 faiz hesablanmış 315,81 (üç yüz on beş manat səksən bir qəpik) manat məbləğində zərər, öhdəliyi yerinə yetirmədiyinə görə əsas məbləğə hesablanmış 4,86 (dörd manat, səksən altı qəpik) manat cərimə, cəmi 2496 (iki min dörd yüz doxsan altı) manat 81 qəpik məbləğində pul alınıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 44 (qırx dörd) manat 97 qəpik məbləğində hissəsi cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 və cavabdeh Mirzəyeva (Cəfərova) Lalə Cumaəli qızından müştərək qaydada alınıb iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1754/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1754/2025
22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver