Məhkəmə qərarları › İş №2(051)-1777/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1777/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1777/2021 23.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi İsrafilzadə H.F. məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.07.2019-cu il 00762146 №li müqaviləyə əsasən cavabdeh LG LED YV, LG Kinoteatr almışdır. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə LG LED YV, LG Kinoteatr üçün 80 manat əsas borc, 8 cərimə olmaqla cəmi 88 manat borcu qalmışdır. Həmin borcun və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.07.2019-cu il 00762146 №li müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh LG LED YV, LG Kinoteatrı verməyi, Cavabdeh isə əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıdan aldığıəşyanın qiymətini 18 ay müddətinə, hər ay 212 manat olmaqla ödəməlidir. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh LG LED YV, LG Kinoteatrı iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış 05.07.2019-cu il 00762146 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə LED YV, LG Kinoteatrı vermişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 80 manat əsas borc və 8 manat cərimə olmaqla, cəmi 88 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 20 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 80 (səksən) manat əsas borc və 8 (səkkiz) manat cərimə olmaqla, cəmi 88 (səksən səkkiz) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat pul alınıb iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar