Məhkəmə qərarları › İş №2(051)-1791/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1791/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1791/2023 02.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı «Finca Azerbaijan» QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və faiz borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Finca Azerbaijan» QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və faiz borcunun ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ilə «Finca Azerbaijan» QBKT arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********6728 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada 1601.05 ABŞ dolları əsas, 309.00 ABŞ dolları faiz borcu, 64.79 ABŞ dolları cərimə olmaqla, cəmi 1974.84 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-634/2014 saylı qiyabi qətnaməsinə əsasən iddiaçı «Finca Azerbaijan» MMQBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə «Finca Azerbaijan» MMQBKT arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və ondan müştərək qaydada 1601.05 ABŞ dolları məbləğdə kredit borcu, 309.00 ABŞ dolları məbləğdə gecikdirilmiş faiz borcu, 64.79 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 1974.84 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb iddiaçıya verilməsi və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1791/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-634/2014 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. İddiaçı tərəf tələbini belə əsaslandırmışdır ki, «Finca Azerbaijan» X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********6728 saylı kredit müqaviləsi üzrə cavabdehə illik faiz dərəcəsi 32% olmaqla 18 ay müddətinə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmişdir, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq «Finca Azerbaijan» MMQBKT ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borclunun 1601.05 ABŞ dolları əsas, 309.00 ABŞ dolları faiz borcu, 64.79 ABŞ dolları cərimə olmaqla, cəmi 1974.84 ABŞ dolları kredit borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməmişlər və kredit müqaviləsi üzrə borclarını ödəməmişlər. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı iddia tələbini qəbul etmədi və göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-634/2014 saylı qiyabi qətnaməsinə əsasən iddiaçı «Finca Azerbaijan» MMQBKT-nın cavabdehlər Cavabdeh1 və ona qarşı pul tələbinə dair iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə «Finca Azerbaijan» MMQBKT arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və ondan müştərək qaydada 1601.05 ABŞ dolları məbləğdə kredit borcu, 309.00 ABŞ dolları məbləğdə gecikdirilmiş faiz borcu, 64.79 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 1974.84 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb iddiaçıya verilməsi və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin onun həmin qətnamədən xəbəri olmamışdır. O, 14 saylı tam orta məktəbdə müəllimə işləyir. xx.xx.2023-cü il tarixdə məktəbin direktoru onu yanına çağıraraq barəsində 2014-cü il tarixli qiyabi qətnamə əsasında verilmiş icra sənədinin olduğunu bildirmişdir. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə o, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə getmişdir. Həmin vaxt icra məmuru onun barəsində 14 aprel 2014-cü il tarixli, 2(051)-634/2014 saylı qiyabi qətnaməsinin olduğunu bildirmişdir. O da həmin vaxt qətnamədən xəbərdar olmuşdur. Əsas borclu Cavabdeh1 olduğu halda zamin olaraq borcun onun tərəfindən ödənilməsinə razı deyildir. Odur ki, izahatında göstərdiklərini nəzərə alaraq məhkəmədən iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi və iddianın ona münasibətdə rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 nümayəndəsi Vəkil məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddia tələbini qəbul etmədi, həmçinin təmsil etdiyi şəxslə eyni məzmunlu izahat verdi və iddiaçı ilə təmsil etdiyi şəxs arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi, iddianın təmsil etdiyi şəxsə münasibətdə rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçıya və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı bank məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan «Finca Azerbaijan» X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********6728 saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 32% olmaqla 18 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan «Finca Azerbaijan» X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********6728-999966 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredit verənə dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit verən qarşısında kredit alan ilə eyni həcmdə məsuliyyət daşıyır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya olan borcu 1601.05 ABŞ dolları əsas, 309.00 ABŞ dolları müqavilə müddətinin sonuna faiz, 64.79 ABŞ dolları cərimə olmaqla, cəmi borc 1974.84 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin müraciətinə xx.xx.2023-cü il tarixli 6-1-16/2-7019/2023 nömrəli cavab məktubundan görünür ki, barəsində sorğu edilmiş şəxs - Cavabdeh1 ilə "xxxx" QBKT MMM arasında bağlanmış kredit müqavilələri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşməmişdir. Həmçinin qeyd edilmişdir ki, məlumat bazasında digər cavabdeh - Cavabdeh2 ilə "xxxx" QBKT MMM arasında bağlanmış hər hansı kredit müqaviləsi barədə məlumat mövcud deyildir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların məhkəmə iclası zamanı tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********6728 saylı kredit müqaviləsi üzrə cavabdehə illik faiz dərəcəsi 32% olmaqla 18 ay müddətinə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh o barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmişdir, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq «Finca Azerbaijan» MMQBKT ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borclunun 1601.05 ABŞ dolları əsas, 309.00 ABŞ dolları faiz borcu, 64.79 ABŞ dolları cərimə olmaqla, cəmi 1974.84 ABŞ dolları kredit borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməmişlər və kredit müqaviləsi üzrə borclarını ödəməmişlər. Ona görə də iddiaçı tərəf cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-634/2014 saylı qiyabi qətnaməsinə əsasən iddiaçı «Finca Azerbaijan» MMQBKTnın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi təmin edilmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh1 iddiaçıya olan cəmi borcunun 1974.84 ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmasına, cavabdehin kredit müqaviləsi üzrə əsas məbləği və faiz borcunu ödəməsindən 360 gündən çox müddət keçməsinə, borcu vaxtı keçmiş kredit borcuna aid edilməsinə baxmayaraq, onun kredit məbləğinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı tətbiq edilməmişdir. Cavabdeh2 isə iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsini və iddianın ona münasibətdə rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********6728 nömrəli kredit müqaviləsi üzrə cavabdehə illik faiz dərəcəsi 32% olmaqla 18 ay müddətinə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq «Finca Azerbaijan» MMQBKT ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər öhdəliklərini lazımi şəkildə icra etməmişlər. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia tələbi əsas kredit borcunun ödənilməsi hissəsində əsaslı olsa da, əsas kredit borcuna hesablanmış faiz və cərimə məbləği hissəsi işin müəyyən edilmiş həqiqi hallarına uyğun deyildir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2013-cü il tarixli **********6728 nömrəli kredit müqaviləsi üzrə əsas borcun məbləği 1601.05 ABŞ dolları təşkil etmişdir. Müqavilə müddətinin sonuna 309.00 ABŞ dolları faiz, həmçinin 64.79 ABŞ dolları cərimə hesablanmışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində, həmçinin müəyyən etdi ki, iddiaçı tərəfindən borcluya xx.xx.2013-cü il tarixdə xəbərdarlıq edilmişdir. Bundan sonra cavabdehin öhdəliyin icrası ilə bağlı ödəniş etməməsi barədə bank tərəfindən borcluya xəbərdarlıq edilməmişdir. Bununla da görünür ki, cavabdehin kredit müqaviləsi üzrə əsas məbləği və faiz borcu ödəməsindən 360 gündən çox müddət gecikdiyindən, onun borcu vaxtı keçmiş kredit borcuna aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borcların olması müəyyən edilmişdir. Həmin Fərmanın 6.1-ci bəndində Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyə edilmişdir. Həmin Fərmanın 6.2-ci bəndində isə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyə edilmişdir. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi tapşırılmışdır. Həmin Fərmanın 8.9-cu bəndində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2013cü il tarixdə bağlandığından, cavabdehin kredit müqaviləsi üzrə əsas məbləği və faiz borcunu ödəməsindən 360 gündən çox müddət keçdiyindən, onun borcu vaxtı keçmiş kredit borcuna aid edilməklə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Eləcə də həmin Fərmanın 6.1-ci bəndində göstərilən qaydada iddiaçı tərəfindən cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməmiş, çünki iddiaçı tərəf iddia ərizəsinə o barədə mötəbər sənəd əlavə etməmişdir. Belə olan halda Cavabdeh1 problemli kreditlər məsələsinin həllinə yönəlmiş dövlət dəstəyindən faydalana bilməmiş, nəticədə iddiaçı tərəfin hərəkətsizliyi səbəbindən cavabdehə münasibətdə Fərmanda qarşıya qoyulan məqsədə nail olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdən ibarət olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 əsas kredit borcuna hesablanmış faiz və dəbbə pulu silinməlidir. Məhkəmə, həmçinin iddianın Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Bununla yanaşı, məhkəmə Cavabdeh2 müddətin keçməsinə görə zaminliyə xitam verilməsi ilə bağlı tələbini əsaslı hesab etmir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, işin müəyən edilmiş hallarına əsasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********6728 nömrəli kredit müqaviləsi üzrə cavabdehə illik faiz dərəcəsi 32% olmaqla 18 ay müddətinə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq «Finca Azerbaijan» MMQBKT ilə Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh o barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmasına baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmişdir, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı tərəf xx.xx.2014-cü il tarixdə cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(051)-634/2014 saylı qiyabi qətnaməsinə əsasən iddiaçı «Finca Azerbaijan» MMQBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi təmin edilmişdir. Göründüyü kimi iddiaçı təşkilat (kreditor) zaminlik müqaviləsində göstərilmiş zaminliklə təmin edilmiş öhdəliyin müddəti ərzində zaminə qarşı iddia irəli sürmüşdür. Bu da o nəticəyə gəlməyə əsas verir ki, zaminliyə xitam verilməsi üçün əsaslar yoxdur. Bülə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdeh tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə xx.xx.2013-cü il tarixli **********6728 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsaəsn müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməli, «Finca Azerbaijan» X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********6728 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 1601.05 ABŞ dolları əsas kredit borcu alınıb iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 №-li, 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. «Finca Azerbaijan» X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********6728 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 1601.05 (bir min altı yüz bir dollar beş sent) ABŞ dolları əsas kredit borcu qətnamə icra olunduğu günə manat məzənnəsi ilə alınıb iddiaçı «Finca Azerbaijan» Qeyri Bank Kredit Təşkilatına verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb iddiaçı «Finca Azerbaijan» Qeyri Bank Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar