Məhkəmə qərarları › İş №2(051)-1813/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1813/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1813/2025 04.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Vahid qızının, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh Vahid qızına qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh Vahid qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Vahid qızından 25000 manat məbləğində pulun və ödədiyi 165 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli Borc müqaviləsi əsasında Cavabdeh aylıq 1000 manat olmaqla hissə-hissə qaytarması şərtilə 25000 (iyirmi beş min) manat borc vermişdir. Sonradan səhhətində problemlər yaranmışdır. Belə ki, X1 və Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə almışdır. Sonradan isə xəstə olarkən həmin qəbzi hara qoyduğunu unutduğundan tapa bilmirdi. Bu səbəbdən iddia qaldıra bilmirdi. Əvvəllər cavabdeh tərəf pulu qaytaracağını vəd etsə də, hazırda telefonlarına cavab vermir. Buna görə də mübahisəsinə məhkəmədə baxılmasını istəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Vahid qızı izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır, iddiaçının təqdim etdiyi qəbzdəki yazı və imza ona məxsus deyil. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Vahid qızının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, xx.xx.2021-ci il tarixli qəbzlə əsaslandırılmış iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etdi. Həmçinin ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbinə əsasən cavabdeh ilə mütləq qaydada yazılı şəkildə müqavilə bağlamalı idi. Lakin, iddiaçı ilə cavabdeh arasında belə bir müqavilə mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələbləri nəzərə alınaraq rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları: Cavabdeh Vahid qızı tərəfindən verilmiş qəbzdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə İddiaçı 25000 manat pul götürmüşdür. Həmin məbləği ayda 1000 manat vermək şərti ilə götürmüşdür. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X2 ərizəsi təmin edilmiş, xx.xx.1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndinə anadan olmuş, Mingəçevir şəhəri, H.Əliyev prospekti 18 saylı evin 1 saylı mənzilində qeydiyyatda olan İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyətinin iddiası təmin edilmiş, xx.xx.1967-ci ildə Şəmkir rayonu, Seyfəli kəndinə anadan olmuş, Mingəçevir şəhəri, H.Əliyev prospekti 18 saylı evin 1 saylı mənzilində qeydiyyatda olan İddiaçı fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1672 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli qəbzdə “Mən Yeganə...” sözləri ilə başlayıb, “2021.05.17 götürdüm” sözləri ilə bitən əlyazmalar və “vermək şərti ilə” yazılarının qarşısındakı birinci imzanın Cavabdeh Vahid qızı tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1672 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyərinin 127 manat olması qeyd edilmişdir. İşin müəyyən olunmuş halı: İddiaçı cavabdehə 25000 manat məbləğində ayda 1000 manat qaytarmaq şərti ilə 17 may 2021-ci il tarixində borc pul vermişdir. Tərəflər arasında olan borc münasibəti cavabdeh tərəfindən yazılmış və imzalanmış borc sənədi ilə təsdiqini tapmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməsi qət edilmişdir. Cavabdeh borcundan ödəniş etməmişdir. İddiaçı 25000 manat borcu cavabdehdən tələb edir. Cavabdeh iş materiallarında olan borc sənədinin onun tərəfindən verilmədiyini bildirmişdir. İş üzrə müvafiq ekspertiza təyin edilmiş və qəbzin cavabdeh tərəfindən yazılması və imzalanması barədə ekspert rəyi təqdim edilmişdir. Cavabdeh tərəfi iddia tələbinə iddia müddətinin tətbiq edilməsini, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.6. Əgər tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs irəli sürürsə, iddia müddəti həmin şəxs tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün təmsilçi təyin edilənədək dayandırılmış sayılır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. (Həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı tərəfindən cavabdehə 2021-ci ilin mayın 17-də ayda 1000 manat qaytarmaq şərti ilə 25000 manat pul verilmişdir. Bunun üçün tərəflər arasında qanunla müəyyən edilən qaydada müqavilə bağlanmamışdır. Tərəflər arasında pulun cavabdehə verilməsinə dair sonuncunun yazıb-imzaladığı borc sənədi mövcuddur. Cavabdehin borc sənədinin onun tərəfindən verilməməsinə dair etirazına əsasən məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilmişdir. Yazılmış və imzalanmış borc sənədinin cavabdehə məxsus olması barədə ekspert rəyi təqdim edilmişdir. Digər tərəfdən cavabdeh iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Borc sənədindən göründüyü kimi, verilən 25000 manat pulun qaytarılması 2021-ci ilin iyunun 17-dən başlayaraq ayda 1000 manat olmaqla vaxtaşırı icra edilməli idi. Nəticə olaraq son ödəniş tarixi 2023-cü ilin iyunun 17-nə təsadüf edir. İddiaçı pulun qaytarılması tələbi barədə 2025-ci ilin 13 avqustunda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı iddiaçının xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olan şəxs hesab edilməsi qət edilmişdir. Beləliklə qeyd olunan xx.xx.2022-xx.xx.2024-ci il tarixləri arasında iddiaçının fəaliyyət qabiliyyəti olmamışdır. Yəni iddiaçı icra müddəti müəyyənləşdirilmiş öhdəlik üzrə iddianı qanunla müəyyənləşdirilmiş üç il ərzində məhkəməyə vermişdir. Cavabdeh borcundan iddiaçıya qaytarmamışdır. Nəticədə cavabdeh əsassız varlanmış, onun iddiaçıya 25000 manat məbləğində borcu yaranmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh Vahid qızından 25000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 165 manat məbləğində pul Cavabdeh Vahid qızından alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən cavabdehdən ekspertiza xərci olan 127 (bir yüz iyirmi yeddi) manat alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh Vahid qızından 25000 (iyirmi beş min manat) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 165 (bir yüz altmış beş) manat məbləğində pul Cavabdeh Vahid qızından tutularaq İddiaçı verilsin. Cavabdeh Vahid qızından ekspertiza xərci 127 (bir yüz iyirmi yeddi) manat alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar