Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1818/2024 25.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mingəçevir 1 saylı MKİS-in rəisi, etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh3 qarşı 22 iyun 2004-cü il tarixli “308” nömrəli “şəhadətnamənin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh1 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1nun müvəqqəti istifadəsinə verilmiş Mingəçevir 412 mənzilli Yeni həyat qəsəbəsindəki C-24 nömrəli 3 otaqlı mənzilə dair xx.xx.2004-cü il tarixli 308 nömrəli Şəhadətnamənin ləğv edilməsini, Cavabdeh1nun və ailə üzvlərinin C-24 nömrəli mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 22 iyun 2004-cü il tarixli 308 nömrəli Şəhadətnaməyə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 412 mənzilli Yeni həyat qəsəbəsində yerləşən C-24 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1nun və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Cavabdeh1 və ailə üzvləri onlara verilmiş Mingəçevir şəhərində 412 mənzilli Yeni həyat qəsəbəsində yerləşən C-24 nömrəli 3 otaqlı mənzilində yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Odur ki, Cavabdeh1 və ailə üzvləri kirayə müqaviləsinin şərtləri pozulduğundan onlarla bağlanılmış 22 iyun 2004-cü il tarixli 308 nömrəli Şəhadətnamə ləğv edilməlidir. Ona görə də məhkəmədən Cavabdeh1nun müvəqqəti istifadəsinə verilmiş Mingəçevir 412 mənzilli Yeni həyat qəsəbəsindəki C-24 nömrəli 3 otaqlı mənzilə dair xx.xx.2004-cü il tarixli 308 nömrəli Şəhadətnamənin ləğv edilməsini, Cavabdeh1nun və ailə üzvlərinin C-24 nömrəli mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək əlavə olaraq qeyd etdi ki, həmin evlərdə yaşayış olmadığı təqdirdə digər ehtiyacı olanlara yəni şəhid ailələrinə və ya qazilərə verilməsi nəzərdə tutulur. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və verdiyi izahatında göstərdi ki, hazırda mübahisəli mənzildə yaşayır. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. İşdə olan 308 nömrəli 22 iyun 2004-cü il tarixli şəhadətnamədən görünür ki, şəhadətnamə verilir Mingəçevir şəhərinin “Yeni Həyat” qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkün (şəxsə məcburi köçkün statusu “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının 21 may 1999-cu il 668 saylı qanununa əsasən Dövlətqaçqınkom tərəfindən verilmişdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. İş materialları ilə müəyyən edildi ki, cavabdeh məcburi köçkündür. Mingəçevir şəhəri 412 mənzilli Yeni həyat qəsəbəsindəki C-24 nömrəli mənzil şəhadətnaməyə əsasən cavabdeh və onun ailə üzvülərinin istifadəsinə verilmişdir. İddiaçı öz iddiasını cavabdehlərin istifadələrinə verilmiş mənzildə yaşamamalarını sübut kimi evə baxış keçirilən zaman bir neçə dəfə evdə olmamaları, cavabdehlərin ünvanına göndərilmiş xəbərdarlıq məktublarına cavab verməmələri, həmin mənzildə yaşamamaları barədə tərtib edilmiş müxtəlif tarixli aktlar ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, sözü gedən mənzilə baxış keçirilən zaman cavabdehin evdə olduğu aşkarlanmış, həmçinin evdə olan soyuducuya baxış keçirilmiş, soyuducunun içərisində kifayət qədər ərzaq qidalarının olduğu və mənzilə ümumi baxış nəticəsində yaşayış üçün hər cür şəraitin olması da aşkar edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar cavabdehlərin evdə olmaması üçün üzrlü səbəb hesab olunmalıdır. Belə olduğu halda şəxsin üzrlü səbəbdən sözügedən mənzildə yaşamadığı müddət şəxsin həmin mənzildən istifadə hüququna xitam verilməsi və 22 iyun 2004-cü il tarixli 308 nömrəli şəhadətnamənin ləğv edilməsi və cavabdehin həmin mənzildən çıxarılması üçün əsas hesab oluna bilməz. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində qeyd edilən kimi göstərilən cavabdehlərin həmin mənzildə yaşamamasını sübutetmə yükü iddiaçının, lakin həmin etiraf etdikləri halda uzun müddət yaşadıqlarını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə müəyyən olunmuş bu hallara əsaslanaraq, cavabdehin izahatında göstərdiklərini, həmçinin yerində baxış keçirildikdən sonra gəldiyi qənaətə əsasən iddiaçı tərəfin bildirdiklərinə münasibətdə daha inandırıcı və ağlabatan hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın 3-cü hissəsinin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydalarının 3.3-cü maddəsinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci maddəsinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. 22 iyun 2004-cü il tarixli 264 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin vəzifələri bunlardır: kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə 10 iş günündən gec olmayaraq, kirayəyə verəni məlumatlandırmaq; Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Müqavilənin 5.1-ci maddəsinə tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edil bilər. Müqavilənin 5.3-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Müqavilənin 5.4–cü maddəsinə əsasən bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: Müqavilənin 5.7.1-ci Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 22 iyun 2004-cü il tarixli 264 nömrəli şəhadətnaməsinin 6-cı bəndinə əsasən MK ailəsi ayrılmış yaşayış yerinə 1 aydan artıq müddətdə köçmədikdə və yaşayış yerini 6 aydan çox üzrlü səbəb olmadan tərk etdikdə həmin yaşayış yerinə yaşamaq hüququnu itirir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh mənzildə qısa müddətdə yaşamamasının səbəbi onun səhhəti ilə məşğul olması, həmçinin mənzilə baxış keçirilən zaman iddiaçının qeyd etdiyi kimi həmin mənzildə uzun müddət yaşayış olmadığı kimi iddiaları hər hansı mötəbər sübutla öz əksini tapmamışdır. Bu hal isə cavabdehin izahatı və digər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdehin üzrlü səbəbdən müvəqqəti olaraq həmin evdə yaşaya bilməməsi, buna baxmayaraq sözügedən mənzili sahibsiz və istifadəsiz qoymaması müqavilənin ləğvi və cavabdehin həmin mənzildən çıxarılması hallarını istisna edir. Belə olan halda müəyyən olunur ki, həmin mənzildən çıxarılması üçün hər-hansı əsas yaranmamışdır. Bundan başqa, cavabdehin başqa daimi yaşayış yerinin olmasını təsdiq edən sübut da müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddiaçı Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh1 qarşı 22 iyun 2004-cü il tarixli 308 nömrəli “şəhadətnamənin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddiasi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1818/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1818/2024
25.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver