Məhkəmə qərarları › İş №2(051)-182/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-182/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-182/2022 19.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili – Fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat borc pulun və iddia ərizəsi üçün banka ödədiyi 70 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5070 (beş min yetmiş) manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, onun qardaşı mənzil almaq istədiyinə görə o, tanışlarından bu işlə maraqlanmağı və ona məlumat vermələrini xahiş etmişdir. Ona görə də bir nəfər tanışı ona bildirdi ki, Mingəçevir şəhərində yaşayan Cavabdeh mənzil satır. O, telefon vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. 2020-ci ilin əvvəllərində o, Cavabdeh ilə Mingəçevir şəhərində görüşdülər və yataqxanada 1 otaqlı mənzilin 7500 manata alqı-satqısı üçün razılığa gəldilər. Sonradan məlum oldu ki, bu mənzilin mülkiyyət sənədi yoxdur. Həm də Mingəçevir şəhərində pasport qeydiyyatında olmayan şəxsə bu mənzil satıla bilməz. Ona görə də o, verdiyi pulu qaytarmasını Cavabdeh tələb etmişdir. Uzun sürən mübahisələrdən sonra o həmin pulun 2000 manatını ona qaytarmışdır. O, Cavabdeh əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini bildikdən sonra onun yaşadığı mənzilə gəlmişdir. 24.11.2020-ci ildə Cavabdeh həmin vaxt həmin mənzildə olan X3 şahidliyi ilə ona öz dəst-xətti ilə iltizam yazaraq bildirmişdir ki, qalan 5500 manat pul borcunun 2000 manatını 10.12.2020-ci ildə və qalan 3500 manat pul borcunu isə 31.01.2021-ci ildə qaytaracağını vəd edir və onların hər ikisi həmin iltizamı imzaladılar. Buna baxmayaraq Cavabdeh 10.12.2020-ci ilə vəd etdiyi 2000 manatı və 31.01.2021-ci ilə vəd etdiyi 3500 manatı ona vermədi. Təxminən 2021-ci ilin mart-aprel aylarında Cavabdeh ona 500 manat pul qaytardı. Bu günə qədər onun ona 5000 manat pul borcu qalmışdır və o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin 5000 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili X2 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşə əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış ərizədən görnür ki, Cavabdeh İddiaçı 7500 manat pul almış və 2000 manatını vermişdir. 2000 min manatını 10 dekabr 2020-ci ildə və qalan 3500 manatını isə yanvarın 31-də 2021-ci ildə verəcəkdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı qardaşına yataqxanadan mənzil almaq üçün 7500 məbləğində pulu Cavabdeh vermiş, lakin mənzil ala bilməmişdir. Tərəflər arasındakı şifahi əqd satıcı tərəfindən pozulmuşdur. Belə ki, alıcı ona razılaşdıqları məbləğ olan 7500 manatı versə də, satıcı mənzili ona verməmiş və götürdüyü pulu isə geri qaytarmamışdır. Beləliklə, Cavabdeh İddiaçı 7500 manat borcu yaranmışdır. Sonradan iddiaçıya 2000 manat məbləğində borcundan qaytarmış, qalan borcunu qaytaracağına dair iddiaçıya ərizə yazıb vermişdir. Daha sonra borcundan 500 manat məbləğində pulu qaytarmışdır. Lakin qalan məbləğ olan 5000 manat pulu iddiaçıya qaytarmamışdır. Ona görə də cavabdehin iddiaçıya 5000 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respblikası MPM-in 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respblikası MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respblikası MPM-in 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Cavabdeh 5000 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 70 manat məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat və dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş) manat, cəmi 5.070 (beş min yetmiş) manat pul alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar