Məhkəmə qərarları › İş №2(051)-1828/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1828/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1828/2021 07.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 830 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi və əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 2018-ci ildə Mingəçevir şəhərində torpaq sahəsi almaq qərarına gəlmiş və bu məqsədlə də şəhər ərazisində evlərin, mənzillərin, torpaq sahəsinin alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etmişdir. Həmin vaxt bu işlə məşğul olan Cavabdeh tanımışdır. Cavabdeh Yevlax rayonun Havarlı kəndində X1 məxsus 0.06 ha torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin 15000 (on beş min) manata satıldığını bildirmişdir. Cavabdeh X3 Federasiyasında olduğunu demişdir. Cavabdeh həmin vaxt ona 1000 (bir min) manat məbləğində beh verməli olduğunu və bundan sonra da gedib torpaq sahəsinə baxa biləcəyini demişdir. O, pulun kimə verməli olduğunu bildirəndə, Cavabdeh Svetlana Xəlilovanın əvəzinə həmin pulu özü götürəcəyini bildirmişdir. Elə həmin vaxt o, torpaq sahəsi üçün 1000 (bir min) manat məbləğində pulu beh olaraq Cavabdeh vermişdir. Bundan sonra onlar qeyd olunan torpaq sahəsinə gedib baxmışdırlar. Torpaq sahəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, torpaq sahəsi 0.06 ha deyil, 0.0525 hadır. O, həmin vaxt Cavabdeh öz narazılığını bildirmiş, lakin cavabdeh onun dediklərinə məhəl qoymayaraq, nə bilirsən onu da edə bilərsən, demişdir. O, bundan sonra dəfələrlə etibarından sui-istifadə edib onu aldadaraq aldığı pulunu cavabdehdən geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Aradan 2 ildən çox bir müddət keçsə də, Cavabdeh onu aldadıb əldə etdiyi puldan (100 ABŞ dolları) 170 manatını qaytarmış, qalan pulu isə qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, Mingəçevir şəhər Polis Şöbəsinə şikayət etmiş və Polis Şöbəsində şikayəti ilə bağlı araşdırma aparılmışdır. Lakin Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah olunmuşdur. Hesab edir ki, cavabdehdən ona məxsus 830 (səkkiz yüz otuz) manat məbləğində beh kimi verilmiş pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməlidir. Çünki cavabdeh ondan həmin pulu heç bir hüquqi əsas olmadan əldə etmişdir. Onu aldadıb bağladığı beh müqaviləsinə isə torpaq sahibi imza etməmişdri. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, rəsmi olaraq 06.02.2003-cü il tarixdən Ədliyyə Nazirliyi tərəfindən verilmiş 1003-M-1-447 dövlət qeydiyyatı haqqında şəhadətnamə ilə daşınar və daşınmaz əmlakların alqı-satqısı fəaliyyəti ilə sahibkar kimi məşğul olur. X4 veteranıdır. 02 avqust 2018-ci ildə İddiaçı həyat yoldaşı onun fəaliyyət göstərdiyi ofisə gələrək, torpaq sahəsi almaq istədiyini bildirmişdir. O, şəhərin çıxacağında “Günəşli” Bağlar Massivində 20 saylı məktəbin yaxınlığında 0.0525 ha boş torpaq sahəsinin olduğunu iddiaçıya bildirmişdir. Onlar birlikdə torpaq sahəsinə baxış keçirmiş və torpaq sahibinin alqı-satqısını dediyi qiymətlə, yəni 15.000 manata razılaşmışdırlar. Bütün bu razılaşmalar torpaq sahəsinin sahibinin məlumatı və razılaşması əsasında həyata keçirilmişdir. Həmin beh müqaviləsinin bağlanması üçün onlar arasında 1000 manat məbləğində pulun əvvəlcədən beh verilməsi razılaşdırılmışdır. 10 sentyabr 2018-ci il tarixdə torpaq sahəsi ilə bağlı aralarında beh müqaviləsi bağlamış və İddiaçı 1000 manat məbləğində pulu beh kimi vermişdir. O, müqavilənin şərtlərini iddiaçıya izah etmiş və əgər torpaq sahəsini deyilən vaxtda almasa, verdiyi 1000 manat məbləğində pulun geri qaytarılmayacağını bildirmişdir. İddiaçı onunla razılaşmış və beh müqaviləsinə imza etmişdir. Digər tərəf isə Rusiyada olduğu üçün 1 ay sonra beh müqaviləsini imzalamış və alqı-satqı zamanı iştirak edəcəyini bildirmişdir. Lakin aradan 3 ay keçdikdən sonra iddiaçı gəlib ondan verdiyi 1000 manat behi geri istəmişdir. O isə iddiaçını başa salmışdır ki, verilən beh geri qaytarılmır. Bir müddət sonra, yəni təxminən 2018-ci ilin dekabr ayında iddiaçı yenidən onun ofisinə gələrək verdiyi behi istəmişdir. O, iddiaçıya 170 manat pul vermiş və yenidən ona izah etmişdir ki, onların arasında beh müqaviləsi var və həmin beh müqaviləsi onun tərəfindən imzalamışdır. Alqı-satqıdan imtina etdiyi üçün o, məsuliyyət daşıyır və buna görə də beh digər tərəfə qalır, geri qaytarılmır. Odur ki, etirazını əsas tutaraq iddia ərizəsinin rədd olunması ilə bağlı qətnamə çıxarılmasının məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin 06.12.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, alıcı qismində yalnız iddiaçı tərəfindən imzalanmış və "xxxx" MMC-nin rəsi tərəfindən təsdiq edilmiş, 10.09.2018-ci il tarixli beh müqaviləsindən görünür ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.06 ha torpaq sahəsinin satış qiyməti 15000 manat müəyyənləşdirilmiş və iddiaçı cavabdehə beh olaraq 1000 manat məbləğində pul vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 1000 manat məbləğində pulun verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X1 məxsus Yevlax rayonu, Havarlı kəndində yerləşən torpaq sahəsinin iddiaçı tərəfindən alınmasına dair iddiaçı ilə cavabdeh arasında yalnız iddiaçı tərəfindən imzalanmış “mənzillərin alqı satqısı və beh müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında torpaq sahəsinin qiyməti 15000 manat məbləğində razılaşdırılmış, iddiaçı həmin məbləğin 1000 manat hissəsini cavabdehə beh kimi ödəmiş, qalan 8823 ABŞ dollarını isə 30 noyabr 2018-ci il tarixdə ödəniləcəyi qeyd olunmuşdur. Bundan sonra sözügedən torpaq sahəsinin alqı-satqısı ilə bağlı tərəflər arasında razılıq əldə edilməmiş, həmçinin torpaq sahəsinin mülkiyyətçisi, yəni satıcı həmin müqaviləyə imza etməmiş, nə də cavabdehə elə bir səlahiyyət verməmişdir. Ona görə də iddiaçı pulunu tələb etmiş və cavabdeh həmin 1000 manat pulun 170 manatını iddiaçıya qaytarmışdır. Məhkəmə iclası zamanı hər iki tərəf bu faktların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu halları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin cavabdeh iddiaçıya 0.06 ha deyil 0.0525 ha torpaq sahəsinin veriləcəyi ilə bağlı razılaşdıqlarını və torpaq sahəsinin müqavilədə razılaşdırılmış vaxtda alınmazsa, beh kimi verilən pul məbləğinin beh müqaviləsinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmayacağını bildirmişdir. İddiaçı tərəf isə elə bil razılaşmanın olmadığınıbildirməklə cavabdehin istinad etdiyi dəlilləri təkzib etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında olan sadə yazılı razılaşmaya “Mənzillərin alqı satqısı və beh müqaviləsi” adı verilsə də, müqavilənin predmeti müəyyən edilməmiş, tərəflərin əsas öhdəlikləri şərtlərdə öz əksini tapmamışdır. Bundan başqa müqavilədə ödənilməli məbləğin valyutası ABŞ dolları kimi göstərilmişdir. Həmçinin müqavilədə satıcı kimi qeyd olunan X2 müqaviləni imzalamamışdır. Onun tərəfindən cavabdehə müqaviləni imzalamaq səlahiyyətinin verilməsini təsdiq edən sənəd olmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, tərəflər arasında sadə yazılı formada bağlanmış müqavilənin adı “Mənzillərin alqı satqısı və beh müqaviləsi” kimi qeyd edilsə də, əslində tərəflər həmin müqaviləni “beh” müqaviləsi kimi bağlamışlar. Belə olan halda ilk növbədə həmin müqavilənin etibarlı olub-olmamasına, mülki qanunvericilikdə müqavilələrin, o cümlədən beh müqaviləsinin bağlanmasını tənzimləyən ümumi və xüsusi maddi hüquq normalarının tələbləri baxımından qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Göründüyü kimi istinad olunan Mülki Məcəllə beh müqaviləsinin bağlanmasını sadə yazılı formada tərtib edilməsi və imzalanması ilə şərtləndirmişdir. Bu şərtlərə əməl edilməməsi, həmin müqavilənin etibarsızlığı üçün əsasdır. Azərbaycan Respublikası MM-in 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 394-cü maddəsində qeyd olunur ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış “mənzillərin alqı satqısı və beh müqaviləsi” satıcı tərəfindən imzalanmadığı üçün etibarsızdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, iddiaçı 1000 manat məbləğində pulu Yevlax rayonu, Havarlı kəndində yerləşən torpaq sahəsinin alınması məqsədilə, daşınar və daşınmaz əmlakların alqı-satqısı fəaliyyəti ilə məşğul olan cavabdehə vermişdir. Çünki satıcı X2 müqavilə bağlanan vaxt orada iştirak etməmiş, həm də müqaviləyə imza etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsidir. Mübahisənin düzgün həlli üçün eyni zamanda digər əlaqəli hüquq normaları da nəzərdən keçirilməlidir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında mövcud razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş şərtlərə uyğun olmadığından bağlandığı andan etibarsızdır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh iddiaçıdan 1000 manat məbləğində pul almışdır. Cavabdeh həmin məbləğdən 170 manatını iddiaçıya vermiş, lakin 830 manat pul qaytarılmamışdır. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Bununla yanaşı, məhkəmə, həmçinin cavabdehin bildirdikləri ilə bağlı qeyd edir ki, iddiaçının 1000 manat məbləğində pulu beh kimi verməsi və torpaq sahəsini deyilən vaxta almaması, həmin 1000 manat məbləğində pulun geri qaytarılmaması üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilə bağlandığı andan etibarsız olduğuna görə hüquqi nəticələrə səbəb olmamış, yəni tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır. Ona görə də məhkəmə cavabdehin istinad etdiyi dəlilləri əsassız hesab edir və nəzərə almır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan, təmin edilməli və cavabdehdən 830 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdeh 830 (səkkiz yüz otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar