Məhkəmə qərarları › İş №2(051)-1828/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1828/2024

25.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1828/2024 25.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 30 aprel 2021-ci il tarixdə bağlanmış 10/36 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti istifadəsinə verilmiş, ünvan 1 ünvanında yerləşən, 1 otaqlı mənzilə dair 30 aprel 2021-ci il tarixdə bağlanmış 10/36 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin və ailə üzvlərinin həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Həmçinin Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 30 aprel 2021-ci il tarixli “10/36” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 594 mənzilli yaşayış kompleksində bina 10-da yerləşən 36 nömrəli 1 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər 1 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 36 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Cavabdehlərin onlara verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.2-ci və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 10/36 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, 1 otaqlı yaşayış sahəsi müvəqqəti olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildə öz yaşayışını təmin etməyəcəyi təqdirdə, kirayə müqaviləsinin ləğv olunacağı və sözügedən mənzilin onlardan geri alınacağı ilə bağlı məlumat verilmişdir. Məhkəmə tərəflərin iştirakı ilə mübahisəli mənzildə keçirilmiş yerli baxış zamanı müəyyən etdi ki, mübahisəli mənzil bir otaqdan ibarətdir və 594 mənzilli qəsəbədə bina 10 mənzil 36-da yerləşir. Giriş qapısından mənzilə daxil oduqdan otaqda yataq dəsti və qonaq qonaq dəsti və televizor, mətbəxdə isə mətbəx mebeli, qaz sobası və buz dolabı vardır. Sanuzel qovşağı isə hamam dəsti və digər zəruri ləvazimatlarla təchiz edilmişdir. Qonaq və yataq dəstləri istifadə olunduqları üçün kifayət qədər aşınmaya məruz qalmışdır. Mətbəxdə yerləşən buz dolabı işlək vəziyyətdə olmaqla yanaşı, içərisinə saxlanması üçün ərzaq məhsulları yığılmışdır. Mətbəxdə yerləşən stolun üzərində qab-qacaq və gündəlik istifadə olunan zəruri ev əşyaları yığılmışdır. Eləcə də cavabdehlərin istifadə etdiyi zəruri geyim əşyaları səliqəli şəkildə yataq otağında yerləşən paltar dolabına yığılmışdır. Mübahisəli mənzilin döşəməsi, divarları, pəncərələri və pərdələri təmiz və səliqəli vəziyyətdə olmuşdur. Bütün bu hallar o nəticəyə gəlməyə əsas verir ki, mübahisəli mənzildə daimi yaşayış olmuşdur. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, xüsusi təyinatlı mübahisəli mənzilə dair iddiaçı ilə Cavabdeh1 arasında müvəqqəti mənzil kirayə müqviləsi bağlanmış, həmin müqaviləyə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 594 mənzilli yaşayış kompleksində bina 10-da yerləşən 36 nömrəli 1 otaqlı mənzillə təmin edilmişdir. Hazırda iddiaçı tərəf Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nun və ailə üzvlərinin həmin mənzildə yaşamadığına və mənzilin istifadəsiz qaldığına istinad edərək, cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş mübahisəli mənzilə dair bağlanmış mənzil kirayə müqaviləsinin ləğv edilməsini, həmçinin cavabdehlərin və ailə üzvlərinin həmin mənzildən çıxarılmasını tələb edir. Cavabdehlər isə həmin mənzildə yaşadıqlarını bildirmişlər. Məhkəmə, həmçinin müəyyən etdi ki, xüsusi təyinatlı mübahisəli mənzil cavabdehlərin istifadələrinə verildiyi vaxtdan cavabdehlər həmin mənzilə köçüb yaşamışlar. Bu hal məhkəmə tərəfindən tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış zamanı öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli mənzilin daxili strukturu, əşyaların yerləşdirilməsi, gündəlik istifadə olunan ev əşyalarının aşınması və mənzilin ümumi vəziyyəti onu deməyə əsas verir ki, cavabdehlər uzun müddət ərzində həmin mənzildən təyinatına uyğun istifadə etmişlər və hazırda da istifadə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, mübahisəli mənzilə münasibətdə tərəflər arasında yaranmış hüquq münasibətləri xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi və onların istifadə edilməsi ilə bağlı mübahisə olduğundan, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu fəslinin müvafiq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrıayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə, kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda, kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda, yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə yol verilir. Həmin Məcəllənin 102.1-ci maddəsində göstərilmişdir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Göstərilən normaların tələblərinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, cavabdehlər altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəməməli, yaşayış sahəsini dağıtmalı və ya korlamalı, kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqlarını və qanunla qorunan mənafelərini müntəzəm olaraq pozmalı, yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməlidirlər. Göstərilən hallardan biri olduqda, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi məhkəmə qaydasında ləğv edilə bilər və müqavilə ləğv edildikdə cavabdehlər həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdırlar. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82-ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında və yaxud ayrı-ayrılıqda mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə nə məcmu halında, nə də ayrıayrılıqda mövcud olmamışdır. Belə ki, tərəflərin iştirakı ilə mübahisəli mənzilə keçirilmiş yerli baxış zamanı evdə olan soyuducunun içərisində kifayət qədər ərzaq məhsullarının saxlandığı, mənzildə olan məişət cihazlarının işlək vəziyyətdə olması, ev əşyalarının isə aşınmaya məruz qalması müəyyən edilmişdir. Bununla da cavabdehlərin davamlı olaraq mübahisəli mənzildən təyinatına uyğun olaraq istifadə etdikləri öz təsdiqini tapmışdır. Bu hal isə iddiaçı ilə cavabdehlər arasında xüsusi təyinatlı mənzilə dair bağlanmış mənzil kirayə müqaviləsinin ləğv edilməsini istina edir. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qaydanın 3.7-ci bəndində göstərilmişdir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1–ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bununla yanaşı, məhkəmə iddiaçı tərəfin, mənzilin bir neçə dəfə sahibsiz olmasına və o barədə akt tərtib etməsinə, həmçinin kommunal xərclərin az ödənilməsinə istinad etməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdehlər ictimai faydalı əməklə məşğul olduqlarından, demək olar ki, günün çox hissəsini müvafiq iş yerlərində keçirirlər. Ona görə də iddiaçı tərəfin yoxlama aparması zamanı cavabdehlərin mənzildə olmamaları şübhə doğurmur. Lakin onların hər hansı bir gündə və yaxud günlərdə mübahisəli mənzil olmamaları, onların mənzildən təyinatına uyğun istifadə etməmələri kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə iddiaçı tərəfin istinad etdiyi həmin dəlilləri işin həqiqi hallarına uyğun hesab etmir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına əsasən hesab edir ki, iddiaçı tərəfin öz tələblərinin əsası kimi istinad etdiyi hallar, mübahisəli mənzilə dair bağlanmış mənzil kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin və ailə üzvlərinin həmin mənzildən çıxarılması üçün əsas deyildir. Bununla belə məhkəmə iclası zamanı cavabdehlərin başqa yaşayış sahəsinin olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, X1 qarşı 30 aprel 2021-ci il tarixdə bağlanmış 10/36 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin və ailə üzvlərinin həmin mənzildən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar