Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1836/2023 31.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı və onun vəkili X1 Cavabdeh vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və əlavə xərc tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və əlavə xərc tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2010-cu il təvəllüdlü Aliyə, xx.xx.2012-ci il təvəllüdlü Əli, xx.xx.2018-ci il təvəllüdlü Aylin və xx.xx.2020-ci il təvəllüdlü Arif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdehin xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilərək hər ay 150 manat sabit pul məbləğində vəsaitin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Aliyə, xx.xx.2012-ci il təvəllüdlü Əli, xx.xx.2018-ci il təvəllüdlü Aylin və xx.xx.2020-ci il təvəllüdlü Arif adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrıldıqdan sonra azyaşlı uşaqları onun yanında qalmışdır. Əvvəllər Mingəçevir şəhər Məhkəməsinin qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ uşaqları saxlamaq üçün yetərli deyildir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Uşaqların qidalanması və geyimi ilə bağlı xərclər isə mütəmadi şəkildə artmaqda davam edir. Mövcud vəziyyətdə uşaqlarını tək başına saxlaya bilmir. Həmçinin, Əli xəstəlikdən əziyyət çəkir, bunun üçün ona uzun müddətli müalicə lazımdır. Əlinin müalicəsinə hər ay yüksək məbləğdə pul xərcləyir və həmin müalicə ilə bağlı xərclər mütəmadi şəkildə artmaqda davam edir. Bu səbəbdən cavabdehin Əlinin müalicəsi üçün əlavə xərclərə də cəlb olunmasını istəyir. Odur ki, iddianın təmin edilərək, xx.xx.2010-cu il təvəllüdlü Aliyə, xx.xx.2012-ci il təvəllüdlü Əli, xx.xx.2018-ci il təvəllüdlü Aylin və xx.xx.2020-ci il təvəllüdlü Arif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin və cavabdehin xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşağın müalicəsi üçün əlavə xərclərə cəlb edilərək hər ay 150 manat sabit pul məbləğində vəsaitin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh vəkili məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh hazırda işləmir, onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü Aliyə, xx.xx.2012-ci il təvəllüdlü Əli, xx.xx.2018-ci il təvəllüdlü Aylin və xx.xx.2020-ci il təvəllüdlü Arif adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Aliyə, xx.xx.2012-ci il təvəllüdlü Əli, xx.xx.2018-ci il təvəllüdlü Aylin və xx.xx.2020-ci il təvəllüdlü Arif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan tibbi sənədlərdən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Əli uşaq autizmi, kanner sindromu diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2009-cuil tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Aliyə, xx.xx.2012-ci il təvəllüdlü Əli, xx.xx.2018-ci il təvəllüdlü Aylin və xx.xx.2020-ci il təvəllüdlü Arif adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmçinin, xx.xx.2012-ci il təvəllüdlü Əli xəstədir və həkim nəzarətindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 135 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaqlar ananın yanında yaşayır və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşaqlarına ödənilən alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır. Bundan başqa, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay hər uşaq üçün 120 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşağın maddi tələbatlarını təmin etmədiyi açıq– aşkardır. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay hər uşaq üçün 135 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşaqların mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 135 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Tələbin xəstə uşaq üçün əlavə vəsait tutulması hissəsinə gəldikdə isə məhkəmə tərəflərin yuxarıda təsvir olunan maddi və əmlak vəziyyəti və digər əhəmiyyətli hallar baxımından hesab edir ki, iddiaçı xəstə uşaq üçün əlavə vəsait tələb etməkdə qismən haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1–ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2–ci maddəsində göstərilmişdir ki, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İşin hallarından görünür ki, iddiaçının yanında qalmış Əli adlı uşaq xəstədir. Həmin xəstəlik uşağın həm xəstə olaraq ona qulluq edilməsi baxımından, həm də müalicəsi baxımından daim maddi vəsaitə ehtiyac olduğunu şərtləndirir. Eyni zamanda həmin uşağın mütəmadi müalicə olunduğu müəyyən olunur. Odur ki, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, Əli adlı uşağın xəstəliyinin xarakterini, davam etmə müddətini və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının himayəsində qalmış Əli adlı xəstə uşağın müalicəsi üçün hər ay 60 manat sabit pul vəsaitinin ödənilməsinə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü Aliyə, xx.xx.2012-ci il təvəllüdlü Əli, xx.xx.2018-ci il təvəllüdlü Aylin və xx.xx.2020-ci il təvəllüdlü Arif adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022 il tarixli 2(051)–739/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat sabit pul məbləği həddində müəyyən edilsin, həmin məbləğdə aliment və xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşağın müalicəsi üçün hər ay 60 manat əlavə pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1836/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1836/2023
31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver