Məhkəmə qərarları › İş №2(051)-1852/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1852/2022

21.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1852/2022 21.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və nümayəndəsi (vəkil) Vəkil Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment artırılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Nuray adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən aylıq qazancının 1/4 hissəsi məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdeh 2015-ci ilin dekabr ayında nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-ci il tarixdə Nuray adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-862/2018 saylı qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh heç bir maddi kömək göstərməmişdir. Həmçinin azyaşlı uşağı əlildir qulağının biri 100 faiz, digəri isə 50 faiz eşidir. Qulaq üçün aparatın qiyməti isə baha olduğundan onu ala bilmir. Əlavə olaraq uşağın gözündə zəiflik, beynində isə problem vardır. Onun aliment ödəmək üçün kifayət qədər maddi imkanı vardır. Odur ki, iddianın təmin olunaraq xx.xx.2016-ci il tarixdə doğulmuş Nuray adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aylıq qazancının 1/4 hissəsi məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı təmsil etdiyi şəxslə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi məhkəmə iclası zamanı cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etdi və bildirdi ki, cavabdeh hazırda başqası ilə ailə qurmuş və ondan da bir uşağı vardır. Ondan başqa cavabdeh digər uşağına da hər ay 100 manat aliment ödəyir. Hesab edir ki, hazırkı vəziyyətdə təmsil etdiyi şəxsin qazancının 1\4 hissəsi miqdarında alimentin müəyyən edilməsi, qanunun tələbinə ziddir, həm də cavabdehi əlverişsiz vəziyyətə salar. Hazırda Nuray adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh aylıq qazancının 1/3 hissəsi məbləğində alimentin tutulmasına razıdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Aşirova (Əliyev) Günay Rövşən qızının birgə nikahlarından xx.xx.2016-ci il tarixdə Nuray adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Aşirova (Əliyev) Günay Rövşən qızı arasında nikah pozulmuş və həmin nikah nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 176 nömrə ilə qeydə alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-862/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş Nuray adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin alınaraq X2 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-in xx.xx.2022-ci il tarixli 557 saylı arayışından görünür ki, Əliyev X3 şəhər Mərkəzi Xəstəxanası PHŞ-in TTTY şöbəsində yardım sürücüsü vəzifəsində işləyir və xx.xx.2017-ci il tarixli 167811/17-3-8 saylı Mingəçevir şəhər İcra Şöbəsinin bildirişinə əsasən aylıq əmək haqqından 100 manat vəsait tutulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından xx.xx.2016-ci il tarixdə Nuray adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018– ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 110 manat alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı alimentin artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Qanunverici alimentin miqdarının dəyişməsini tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının dəyişdirilərək cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, azyaşlı uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Cavabdehin isə hazırda qazancı sabitdir. Ödənilən cəmi 110 manat aliment məbləği uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Həmin Məcəllənin 76.1-ci və 76.1.1.1 maddələrinin tələblərinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün məhkəmə tərəfindən 1 uşağa görə onların valideynlərinin qazancının və ya başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, cavabdehin qazancının (gəlirinin) sabitliyini, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay üçün cavabdehdən 110 manat aliment müəyyən edilməsi uşağın maddi tələbatlarını tam təmin etmir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay aylıq qazancının 1/4 hissəsi məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Belə ki, azyaşlı uşaq iddiaçının himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəflərin ailə və əmlak vəziyyətinə münasibətdə azyaşlı uşaqların üstün mənafelərini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2016-ci il təvəllüdlü Nuray adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulub İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-ci il tarixdə doğulmuş Nuray adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018–ci il tarixli 2(051)–862/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar