Məhkəmə qərarları › İş №2(051)-1861/2021

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1861/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1861/2021 29.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: Allahyarov Kitay Fəhrad oğlunun iştirakı ilə İddiaçı Allahyarov Kitay Fəhrad oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Allahyarov Kitay Fəhrad oğlu Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 635 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, cavabdehi əvvəllər tanımamışdır. O, özünə aid olan kartof məhsulunu satış məqsədi ilə Mingəçevir şəhərində satmağa aparan zaman cavabdeh ona yaxınlaşaraq, nisyə olaraq kartof verməsini xahiş etmiş və o da razılaşaraq, ona müxtəlif vaxtlarda 635 manat dəyərində nisyə kartof məhsulu vermişdir. Lakin cavabdeh ona söz verdiyi vaxt ərzində pulu ödəməmişdir. O, bununla bağlı Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət etmiş və 25.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla ona məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Odur ki, cavabdehdən 635 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 25.04.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cavabdeh müxtəlif vaxtlarda 635 manat dəyərində kartof məhsulunu iddiaçıdan nisyə aldığını etiraf etmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan 635 manat məbləğində nisyə kartof məhsulu almışdır. Lakin cavabdeh aldığı məhsulun dəyəri olan 635 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 635 manat məbləğində ərzaq məhsulunun nisyə verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının izahatının müqayisəli təhlili nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı cəmi dəyəri 635 manat olan ərzaq məhsulu cavabdehə nisyə satmışdır. Cavabdeh isə həmin məbləği qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı cəmi 635 manat dəyərində olan ərzaq məhsulunu cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 635 manat məbləğində təmin edilməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli və cavabdehdən 635 manat məbləğində pul iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdeh 635 manat məbləğində pul alınıb iddiaçı Allahyarov Kitay Fəhrad oğluna verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb iddiaçı Allahyarov Kitay Fəhrad oğluna verilsin. Cavabdeh qətnamə rəsmi qaydada ona verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verə bilərlər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar