Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1864/2025 31.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 Kiçik müəsissəsinin nümayəndəsi X7 və Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Kiçik müəsissəsi və Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏNETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 Kiçik müəsissəsi və Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 Kiçik müəsissəsi və Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən vurulmuş maddi zərərə görə 6220 manat pulun və 82 manat dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2025-ci ilin yanvar ayında Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən qeyri-yaşayış sahəsində dərzi fəaliyyəti ilə məğul olmağa başlamışdır. O, həmin obyekti götürən zaman 1000 manat təmir işlərinə və dərzi kimi fəaliyyət göstərmək üçün 5000 manatdan yuxarı avadanlıq almışdır. 07 mart 2025-ci il tarixdə işdə olduğu zaman obyektə yaxın ərazidə yerləşən tikinti sahəsinə ağacların kəsilməsi zamanı kəsilmiş ağac işlədiyi obyektin üzərinə düşmüş, hadisə nəticəsində o, ciddi xəsarət almaqla bərabər güclü ruhi həyəcan keçirmiş, obyekti və onun içəsirində olan avadanlıqlar yarasız vəziyyətə düşmüşdür. Baş vermiş hadisədən sonra Mingəçevir şəhəer prokurorluğunda prokuror köməkçisi X8 tərəfindən araşdırmalar aparılmışdır. Araşdırma nəticəsində 17 mart 2025-ci il tarixdə 48/C-25 nömrəli material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd olunan qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermiş, Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş və material yenidən araşdırılması üçün prokurorluğa göndərilmişdir. Mingəçevir şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilərək, cavabdehlər Cavabdeh1 Kiçik müəsissəsi və Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən vurulmuş maddi zərərə görə 6220 manat pulun və 82 manat dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin nümayəndəsi X6 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, “Şəfa” AB Kiçik müəsissəsinin rəhbəri X7 tərəfindən idarəyə daxil olmuş ərizə əsasında idarənin iki əməkdaşı daxil olan ərizə əsasında şəhərin 20 Yanvar küçəsində kəsinti işi aparmışlar. Kəsinti işlərinin aparılmasının məqsədi isə qurumuş ağacların təhlükəli vəziyyətdə olması ilə bağlı olmuşdur. Ona görə də həmin ərazidə ağacların budanma işi aparılmış, budanma zamanı ağacın kiçik bir hissəsi həmin ərazidə yerləşən obyektin üzərinə düşmüşdür. Əldə olan foto və videolardan görünür ki, həmin obyekt bərpa edilmişdir. Bundan əlavə obyektin sahibinin iş yoldaşı Günay adlı şəxs bildirmişdir ki, həmin obyektdə heç bir avadanlıq olmamışdır. Əlavə olaraq dəyən yüngül zərərlər Cavabdeh1 kiçik müəssəsi tərəfindən ödənilmiş, əlavə bazarlıqda edilmiş və dərman peraparatları da verilmişdir. Əlavə olaraq aylıq kirayə haqqı ödənilmiş və 100 manat dəyərində nəğd şəkildə pul da verilmişdir. Həmçinin şəxs özü də bildirmişdir onlara qarşı heç bir iddası yoxdur. Həmçinin həmin obyekt kiçik bir obyektdir və orada iddiada qeyd edildiyi qədər avadanlığın qoyulması mümkün deyildir və bundan əlavə iddiaçının iş yoldaşı da orada o qədər avadanlığın olmadığını bildirmişdir. Orada sadəcə bir tikiş aparatı olmuş, o da iddiaçının iş yoldaşında olmuş, həmin aparata da ziyan dəyməmişdir. Həmin Günay adlı şəxsə də 50 manat ödəniş edilmişdir. Ümumiyyətlə, iddiaçının orada heç bir tikiş aparatı olmamışdır. Hesab edir ki, iddia tam əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnəmə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Kiçik müəsissəsinin nümayəndəsi X7 məhkəmə iclası zamanı izahatında bildirdi ki, obyektə dəymiş ziyan qarşılanmışdır. Hesab edir ki, iddia əsassızıdır və ona görə də rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında bildirdi ki, onlar iddiaçı ilə birlikdə həmin obyektdə işləyiblər. Hadisə olan günü Gülnardan öncə o, işə gəlmişdir. Lakin işi olduğu üçün getmişdir. Sonra Gülnar ona zəng edərək bildirmişdir ki, hadisə baş verib obyektin üzərinə ağac düşüb. O, gələndə görmüşdür ki, ağac düşüb obyektin üzərinə obyekti zədələyib. Şəxslərin köməkliyi ilə içindəki əşyaları çölə çıxarmışlar. İddia ərizəsində göstərilən əşyaların əksəriyyəti ona məxsus olmuş, Gülnara məxsus olan yalnız televizor, qabaq stolu və bir ədəd tikiş aparatı olmuşdur. Həmin əşyalara da heç bir ziyan dəyməmiş, hadisədən sonra da işlək vəziyyətdə olmuşdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında bildirdi ki, qeyd olunan obyekt ona məxsus olmuşdur. Həmin obyekti o, istifadə üçün Gülnara icarəyə vermişdir. Obyekt icarəyə boş vəziyyətdə(əşyasız) verilmişdir. Hazırda obyekt təmir edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra – MM) 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən isə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarına əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Həmin Plenum qərarına əsasən səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəflərin izahatlarının məhkəmə iclası zamanı tədqiqi nəticəsində müəyyən etmişdir ki, İddiaçı, Mətanət İsmayılovaya məxsus olan Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən qeyri-yaşayış sahəsində kirayə əsasında dərzi fəaliyyəti ilə məğul olmağa başlamışdır. İddiaçı həmin obyekti götürən zaman 1000 manat təmir işlərinə və dərzi kimi fəaliyyət göstərmək üçün 5000 manatdan yuxarı avadanlıq aldğını bildirmişdir. 07 mart 2025-ci il tarixdə işdə olduğu zaman obyektə yaxın ərazidə yerləşən tikinti sahəsinə ağacların kəsilməsi zamanı kəsilmiş ağacın işlədiyi obyektin üzərinə düşdüyünü, hadisə nəticəsində onun ciddi xəsarət almaqla bərabər güclü ruhi həyəcan keçirdiyini, obyekt və onun içərisində olan avadanlıqların yararsız vəziyyətə düşməsi ilə ona xeyli midarda maddi ziyan dəydiyini bildirərək cavabdehlədən ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterinin müəyyən edilməsinin zəruriliyini nəzərə alaraq qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibəti maddi məsuliyyəti müəyyən edən halları və Mülki Məcəllənin qanundan əmələ gələn öhdəlikləri tənzimləyən maddi hüquq normalarının əlaqəli şəkildə tətbiqi əsasında həll edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərində iddiaçıya maddi ziyan vurulmasına əsas olan hallar müəyyən edilmədiyindən, iddiaçının istinad etdiyi dəlillər işin həm hüquqi, həm də həqiqi hallarına uyğun deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçının fəaliyyət göstərdiyi Mingəçevir şəhəri 20 Yanvar küçəsi ağacların budanması zamanı dərzi kimi fəaliyyət göstərdiyi onbyektin üzərinə düşməsi nəticəsində ona 6270 manat məbləğində ziyan dəyməsi hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından da görünür ki, hadisə yerinə baxış keçirilməsi zamanı iddiaçının qeyd etdiyi əşyalar onun dərzi kimi fəaliyyət göstərdiyi obyektdə olmamışdır. Bundan əlavə, obyekdə olan bəzi əşyaların mağazadan alınmasını təsdiq edən hər hansı alqı-satqı müqaviləsinin də olmadığı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclası zamanı hər hansı faktlara əsaslanan ehtimallar üzərində sübut etməyə çalışmış, lakin nəticə etibarı ilə istinad etdiyi halları hər hansı mötəbər faktlarla sübuta yetirə bilməmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı 6220 manat məbləğində pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən “sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə ki, iddiaçı məhkəmə iclasında vurulmuş maddi ziyanın nədə ifadə olunmasını, həmçinin vurulmuş ziyanla baş vermiş hadisə arasında səbəbli əlaqəni konkret şəkildə göstərə bilməmiş, yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmağa çalışmışdır. Bu hal isə məhkəmə tərəfindən iddiaçıya maddi ziyan dəyməsini əsaslandırmaq üçün kifayət hesab olunmur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının 6220 manat real zərərə məruz qalması faktı, məhkəmə iclasında öz təsdiqini tapmadığından, cavabdehin də iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd hərkətlər etməsi istisna edilir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən öz qənaətini işin həqiqi hallarına uyğun hesab edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Kiçik müəsissəsi və Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinə qarşı cavabdehlər Cavabdeh1 Kiçik müəsissəsi və Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən vurulmuş maddi zərərə görə 6220 manat pulun və 82 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(051)-1864/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1864/2025
31.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver