Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-187/2025 28.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, 24.400 (iyirmi dörd min dörd yüz) ABŞ dolları əsas borcun, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 1.220 (bir min iki yüz iyirmi) ABŞ dolları pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 221 (iki yüz iyirmi bir) manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmış və İddiaçı tərəfindən Cavabdeh 24.400 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh müqavilədə göstərilən məbləği xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcunu ödəməmiş, müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Ona görə də İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq nəzərə çatdırır ki, müqavilənin şərtlərinə əsasən borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir, yəni borcun ödənilməsi uzun müddət gecikdirilmiş, hətta indiyədək ödənilməmişdir. Nəticədə iddiaçının bu müddət ərzində həmin vəsaitdən istifadə edə bilməməsi onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ona görə də hesab edir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 1220 ABŞ dolları pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəf məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və cavabdehin iştirakı olmadan işə baxılmasına razı olmuş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşə əlavə olunmuş “ASAN ödəniş” sistemindən çıxarışdan görünür ki, Rəhimov X1 şəhər Məhkəməsi təyinatı ilə 221 manat məbləğində dövlət rüsumu ödənişi etmişdir. İşə əlavə olunmuş Notarial qaydada təsdiq edimiş 15 mart 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 24.400 ABŞ dolları borc pul vermiş və Cavabdeh iddiaçıya olan borcunu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh ona borclu olduğu məbləği ödəməsini tələb etmiş, əks təqdirdə məhkəmə və ya digər orqanlara müraciət edəcəyinə dair xəbərdarlıq etmişdir. İşə əlavə olunmuş 1 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 292 №li arayışdan görünür ki, Naxçıvan küçəsi 42 mənzil 34-də Cavabdeh həmin mənzildə yaşamır və mənzil satılıb, harada yaşaması onlara məlum deyil. Məhkəmə, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yazılı notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmış həmin müqaviləyə əsasən iddiaçı cavabdehə borc pul vermişdir. Həmin müqavilə əsasında cavabdeh iddiaçı ilə aralarında olan kredit müqaviləsinə əsasən borcunu qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş və onun iddiaçıya 24.400 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən maddi sübut qismində məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş kredit müqaviləsini mötəbər sübut kimi qəbul edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddianın əsassız olduğuna dair məhkəməyə heç bir sübut və fakt təqdim etməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehin iddiaçıya borc pul məbləğində borcu olmasını və hazırda da borc məbləğinin cavabdeh tərəfindən ödənilməməsinin sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qaytarılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin 24.400 ABŞ dolları məbləğində borcunun olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında olan borc müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan başqa məhkəmə iddiaçının borclu tərəfindən pul məbləğinin ödənilməsini gecikdirməsi səbəbi ilə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etməsini düzgün hesab edir. Məhkəmə işin bu hissəsinə dair hesab edir ki, iddiaçının cavabdehdən bu faizi tələb etmək onun hüququdur. Belə ki, 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair qərarından görünür ki, Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. AR MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. AR MPM-in 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. AR MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbində göstərilən ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 №-li, 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 24.400 (iyirmi dörd min dörd yüz) ABŞ dolları və 1.220 (bir min iki yüz iyirmi) ABŞ dolları (“Qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla) pul və ödənilmiş 221 (iki yüz iyirmi bir) manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-187/2025
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-187/2025
28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver