Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1892/2022 21.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi,Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə nikahlarını 14 sentyabr 2015-ci ildə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 26 dekabr 2016-cı il təvəllüdlü Əli adlı bir nəfər uşağı doğulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 30 yanvar 2019-cu tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 22 iyun 2018-ci tarixli qətnaməsinə əsasən 26 dekabr 2016-cı il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat alimentin tutulması qət edilmşdir. Hazırda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən olmuşdur. Uşağın bütün qayğısı onun üzərindədir. Oğlu Əlinin 7 yaşı olduğundan tələbatları da artmışdır. Cavabdeh uşaq üçün ancaq aliment ödəməklə vəzifəsni bitirmiş hesab edir. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 26 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğdə alimentin Cavabdeh alınıb ona verilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 26 dekabr 2016-cı il təvəllüdlü Əli adlı bir uşağı doğulmuşdur. Tərəflər arasında ailə mübasibətləri pozulduğundan Mingəçevir şəhər Məhkəməsinin 22 iyun 2018-ci tarixli qətnaməsinə əsasən 26 dekabr 2016-cı il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh uşağına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, cavabdeh Bakı şəhərində “Araz” supermarketdə satıcı işləyir. Aylıq əmək haqqı 280-320 manat təşkil edir. Müəyyən edilmiş alimenti çətinliklə ödəyir. İddiaçı özü işləyir. Yüksək əmək haqqı alır. Uşağı saxlamaq həm də ananın vəzifəsidir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, cavabdehin etibarnamə üzrə nümayəndəsinin dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26 dekabr 2016-cı il təvəllüdlü X4 atası Cavabdeh, anası X1r. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1725/2018 saylı 22 iyun 2018-ci tarixli qətnaməsindən görünür ki, Cavabdeh 26 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat aliment tutulub, X2 verilməsi qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı 14 mart 2019-cu ildə ləğv edilmişdir. İşə əlavə edilmiş X3 idarəsi Bülbül adına 2 nömrəli uşaq Musiqi məktəbi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli 36 №-li arayışdan görünür ki, İddiaçı həmin məktəbdə müəllimə işləyir. İşə əlavə edilmiş “Araz” supermarket tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həmin supermarketdə baş satıcı işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, birgə nikahından doğulmuş uşaq iddiaçının yanında qalır. Məhkəmənin qərarı ilə cavabdehdən uşağın saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat miqdarında alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment uşağın saxlanılması üçün kifayət deyil. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 160 (bir yüz altmış) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 26 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 160 (bir yüz altmış) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1892/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1892/2022
21.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver