Məhkəmə qərarları › İş №2(051)-1911/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1911/2023

19.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1911/2023 19.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi X2, Cavabdeh: Cavabdeh, Maraqlı şəxs: Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakı ilə, İddiaçı, (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7) Cavabdeh qarşı qanunsuz təsərrüfat fəaliyyətinə qadağa qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədə - Günəşli yaşayış massivi 10-cu küçə 50 ünvanında heyvandarlıq fəaliyyətinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şəhərin Günəşli yaşayış massivindəki 10cu küçənin sakinləri İddiaçınə və Respublikanın Mərkəzi İcra Hakimiyyəti orqanlarına kollektiv ərizələrlə müraciət edərək yaşadıqları Günəşli yaşayış massivi 10-cu küçə ev 50-nin sakini Cavabdeh yaşadığı evin həyətində tövlələr tikərək orada küllü miqdarda iri və xırda buynuzlu mal-qara saxlamaqla ətrafda yaşayan sakinlərin yaşamasına ciddi çətinliklər törətdiyi, ərazidən daima üfunət iyi gəldiyini, mal-qaranın peyninə çoxlu milçək və digər həşaratların, eləcə də gəmiricilərin yığıldığını, öz evlərində üfunət iyindən yaşaya bilmədiklərini bildirərək tədbir görülməsini xahiş etmişlər. Vətəndaşların çoxsaylı müraciətləri ilə əlaqədar əraziyə bir neçə dəfə baxış keçirilmiş, həqiqətən Cavabdeh yaşadığı evin həyətində tövlələr inşa edərək orada çox sayda iri və xırda buynuzlu heyvanların saxladığı aşkar edilmiş, ətrafı üfunət iyu bürüdüyü, çox sayda milçək və həşaratların yığıldığı öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdehin həmin ərazidə qanunsuz heyvan kəsimi ilə məşğul olduğu da aşkar edilmişdir. İddiaçı tərəfindən Cavabdeh qanunsuz fəaliyyətinin qarşısının alınması üçün tədbirlər görülməsi barədə X1 Regional İdarəsinə, 11 saylı Ərazi Vergilər İdarəsinə, şəhər Polis şöbəsinə, Gigiyeva və Epidemiologiya Mərkəzinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional İdarəsinə məktublar göndərilmişdir. Adıçəkilən idarələrin əməkdaşları cavabdehin yaşadığı ünvanda olmuş, onun həyətyanı sahəsində iki tövlədə 150 baş xırda, 14 baş iri buynuzlu heyvan saxladığı barədə akt tərtib edilmiş, Cavabdeh izahat alınmış, ona fəaliyyətini dayandırması haqqında xəbərdarlıqlar edilmişdir.Bütün bunlara baxmayaraq Cavabdeh fəaliyyətini davam etdirir və xəbərdarlıqlara məhəl qoymur.Bildiririk ki, Günəşli yaşayış massivi əhalinin yaşayış sektorudur və həmin ərazidəki torpaqlar yaşayış təyinatlı torpaqlardır. Ərazidə vətəndaşlar sıx şəkildə, bir- birinə yaxın tikilmiş fərdi evlərində məskunlaşmışlar. Cavabdeh fəaliyyəti həqiqətən çoxsayda insanın rahatlığına, eləcə də sağlamlığına ciddi xələl gətirir. Ona görə də məhkəmədən Cavabdeh yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədə - Günəşli yaşayış massivi 10-cu küçə 50 ünvanında heyvandarlıq fəaliyyətinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclası zamanı verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o, qoyunlar saxlamışdır. Hazırda təsərrüfatına son verir. Cəmi 10-15 dənə qoyunu qalmışdır. Bundan sonra təsərrüfat saxlamayacaqdır. Maraqlı şəxs2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, cavabdehlə qonşudur. Artıq onun təsərrüfatından beziblər. Belə ki, onun təsərrüfatı ucbatından iy onların evinə qədər gəlir. Milçəklər daraşıbdır. Maraqlı şəxs1 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, cavabdehlə qonşudur. Artıq onun təsərrüfatından beziblər. Belə ki, onun təsərrüfatı ucbatından iy onların evinə qədər gəlir. Milçəklər daraşıbdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, Məhkəmə hesab edir ki, iddiaçı qanunsuz təsərrüfat fəaliyyətinə qadağa qoyumasını tələb etsə də, həmin ev dövlət fonduna aid deyil, fiziki şəxsə məxsusdur. Bununla da məhkəmə belə hesab edir ki, iddiaçının subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7) Cavabdeh qarşı qanunsuz təsərrüfat fəaliyyətinə qadağa qoyulması tələbinə dair iddisı əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7) Cavabdeh qarşı qanunsuz təsərrüfat fəaliyyətinə qadağa qoyulması tələbinə dair iddisı əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar