Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1913/2021 28.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı oğlunun Cavabdeh qarşı avtomobilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı avtomobilə vurulmuş ziyanın ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən vurduğu zərərin əvəzi olaraq 1222 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, 14 iyul 2021 -ci il tarixdə saat 13:15 radələrində Yevlax rayonu Xaldan-Mingəçevir yolunun Yevlax rayonu Əkşəm kənd ərazisindən keçən hissəsinin 7-ci km-də Cavabdeh idarə etdiyi "Mersedes-Benz" markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ona məxsus, idarə etdiyi VAZ-21703 markalı ** BD *** dövlət nömrəli avtomobilə toxunaraq əzmişdir. Nəticədə, ona 4217 (dörd min iki yüz on yeddi) manat zərər dəymişdir. Bu barədə Yevlax Rayon Polis X3 təhqiqatçı polis kapitanı X5 tərəfindən aparılan araşdırma nəticəsində cinayət işi başlanılmasının rədd edilməsi barədə 21 iyul 2021-ci il tarixdə qərar çıxarılmışdır. Cavabdeh 14 iyul 2021 -ci il tarixdə yol hərəkəti qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yevlax Rayon Polis X4 21 iyul 2021-ci il tarixli qərarında bu fakt qeyd edilmişdir. Bununla da Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibini yaradan inzibati xəta törətməyi sübut olunmuşdur. Cavabdeh məxsus "Mersedes-Benz" markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Dövlət Sığorta Şirkəti tərəfindən sığortalandığı üçün ona dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 2995 (iki min doqquz yüz doxsan beş) manat pul ödənilmişdir. Ancaq ona dəymiş ziyanın məbləği 4217 manat təşkil etmişdir. Belə olan halda ona dəymiş zərərin qalan 1222 (bir min iki yüz iyirmi iki) manatını Cavabdeh ödəməlidir. Cavabdehin qanuna zidd hərəkəti nəticəsində ona məxsus VAZ-21703 markalı ** BD *** nömrəli avtomobilin 1 ədəd qabaq kapotuna 325 manat, 1 ədəd qabaq sol qanadına 130 manat, qabaq ekranına 115 manat, qabaq bufer dəstinə 240 manat, 1 ədəd su Radiatoruna 120 manat, 1 ədəd Kondisoner Radiatoruna 125 manat, 1 ədəd mühərrik pərvanəsinə 155 manat, 1 dəst hava sücgəcinin qutusuna 25 manat, 1 ədəd akmlyatora 85 manat, qanad alt qoruyucusuna 14 manat, 1 ədəd sol qabaq yan şüşəsinə 40 manat, sol yan güzgüsünə 55 manat, 1 ədəd alın şüşəsinə 80 manat, 1 dəst qabaq barmaqlığına 36 manat, 1 ədəd qabaq sol amortizatoruna 8 manat, 1 dəst sükan kolonkasına 160 manat, mühərrik yastıqları dəstinə 72 manat, sol Bakavinə 130 manat, su baçokuna 12 manat, sol qabaq fənərinə 130 manat, sol qabaq Polosına 20 manat, 1 ədəd təhlükəsizlik yastığına 160 manat, qabaq travisinə 52 manat, Bolok nizamlayıcısına 110 manat, duman fənərinə 28 manat məbləğində ziyan dəymiş, dəmirçi ustaya 600 manat, rəngsaz və rəngsaz materialına 800 manat, çilingər ustasına 200 manat, elektrikə 150 manat məbləğində xərc çəkmişdir. Cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsinin tərkibini yaradan inzibati xəta törətməyi nəticəsində ona məxsus VAZ-21703 markalı ** BD *** nömrəli avtomobilə dəymiş zərəri Avtomobillərə Texniki Xidmət salonunda ustalar baxıb hesablamış və zərərin məbləği barədə ona arayış təqdim etmişdirlər. Ona görə də cavabdehdən vurduğu zərərin əvəzi olaraq 1222 (min iki yüz iyirmi iki) manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı onun əməli nəticəsində VAZ-21703 markalı ** BD *** dövlət nömrəli avtomobilinə dəymiş ziyanın ondan tutulması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçının deməsinə görə avtoqəza nəticəsində Azərbaycan Dövlət Sığorta Şirkəti tərəfindən iddiaçının avtomobilinə dəymiş ziyan mütəxəssis rəyi əsasında hesablanmış və 4217 manat təşkil etmiş, sığorta şirkəti dəymiş ziyanın 70%-ni ödəmiş, qalıq 30%-ni isə onun ödəməli olduğunu bildirmişdir. Lakin Dövlət Sığorta Şirkəti ilə aralarında bağlanmış 03.03.2021-ci il tarixli müqavilənin şərtlərinə görə onun əməli nəticəsində vurulmuş ziyan 5000 manatadək olarsa, həmin ziyan sığorta şirkəti tərəfindən ödəniləcək, əgər ziyan məbləği 5000 manatdan artıq olarsa, həmin artıq məbləğ onun tərəfindən ödənilməlidir. Bununla bağlıo, sığorta şirkətinə müraciət edərək ziyan aktının surətini tələb etmişdir. Sığorta şirkəti tərəfindən ona verilmiş ekspert rəyində də iddiaçının avtomobilə dəymiş ziyan 2603 manat olaraq hesablanmışdır. Sığorta şirkəti tərəfindən isə həmin məbləğ tam şəkildə ödənilmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21.07.2021-ci il tarixli qərardan görünür ki, X2 əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasırədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin 12.09.2021ci il tarixli ekspert rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində VAZ 21703 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilə 2603 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatda göstərilir ki, 03.03.2021-ci il tarixdə “Mercedes Benz E-280” markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobil sığortalanmışdır və sığorta haqqı 68.75 manat təşkil edir. İş materiallarına əlavə edilmiş sığorta ödənişi ilə bağlı tərtib edilmiş 10857 saylı aktdan görünür ki, İddiaçı məxsus VAZ 21703 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə “Azərsığorta” DSKŞ tərəfindən 2995 manat məbləğində sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdeh tərəfindən avtomobilə vurulmuş ziyanın dəyərini sübutetmə yükü iddiaçının, lakin həmin ziyanın məbləğinin iddia ərizəsində qeyd edilən məbləğdə olmadığı faktını sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh idarə etdiyi "Mersedes-Benz" markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq iddiaçıya məxsus VAZ-21703 markalı ** BD *** dövlət nömrəli avtomobilə ziyan vurmuşdur. Məhkəmə iclası zamanı bu faktın mövcudluğu hər iki tərəfin izahatları və təqdim edilən sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin iddiaçı avtomobilə vurulmuş ziyanın 4217 manat təşkil etdiyini, sığorta şirkəti tərəfindən 2995 manat məbləğində sığorta ödənişi edildiyini və qalan 1222 manat pulun isə cavabdeh tərəfindən ödənilmədiyini bildirmişdir. Cavabdeh tərəf isə avtomobilə dəymiş ziyanın 2603 manat təşkil etdiyini və sığorta şirkəti tərəfindən tam şəkildə ödənildiyini bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində VAZ 21703 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın hesablanması ilə bağlı Azərbaycan Dövlət Sığorta Şirkəti tərəfindən Azərbaycan Respublikası "xxxx" MMC-yə müraciət edilmiş və cəmiyyət tərəfindən avtomobilə dəymiş ziyan 2603 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş rəyə nəzər yetirdikdə isə görünür ki, o, avtomobilinə dəymiş ziyanın hesablanması məqsədi ilə Ucar rayonu ərazisində yerləşən və sahibkar kimi fəaliyyət göstərən X1 müraciət etmiş və avtomobilə dəymiş ziyanın məbləği 4217 manat müəyyən edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyini daha əsaslı sayır və avtomobilə vurulmuş ziyanın məbləğinin 2603 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Həmçinin mülki iş materialları ilə müəyyən edilmişdir ki, avtomobilə dəymiş ziyana görə “Azərsığorta” DSKŞ tərəfindən iddiaçıya 2995 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqa şəxsə zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquq və vəzifələrin müdafiəsi əsasında mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. İddiaçının tələbinin əsaslı olması üçün iddiaçı maddi ziyana məruz qalmalı, həmin ziyan cavabdehin hüquqa zidd təqsirli hərəkəti nəticəsində baş verməli, cavabdehin hərəkəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmalı, həmçinin dəymiş ziyan cavabdeh tərəfindən ödənilməməlidir. Bu hallar məcmu halında mövcud olduqda iddiaçının cavabdehdən dəymiş ziyanı tələb etmək hüququ yaranır. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə 2603 manat məbləğində ziyan dəymiş və həmin ziyana görə “Azərsığorta” DSKŞ tərəfindən 2995 manat sığorta ödənişi edilmişdir. Göründüyü kimi iddiaçının maddi ziyana məruz qalması ilə bağlı pozulmuş hüququ bərpa olunmuşdur. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya vurduğu maddi ziyan tam həcmdə ödənilmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı tələb hüququ yaranmamışdır. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş ziyanın əvəzi olaraq 1222 (min iki yüz iyirmi iki) manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1913/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1913/2021
28.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver