Məhkəmə qərarları › İş №2(051)-1924/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1924/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1924/2022 12.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı: İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 19391 (on doqquz min üç yüz doxsan bir) manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə yoldaşlıq etmişlər və əvvəllər yaxşı münasibətləri olmuşdur. Sonradan bankdan pul götürərək cavabdehə vermişdir. Cavabdeh bu faktı etiraf edir və bununla bağlı vatsap yazışmaları da mövcuddur. Ancaq cavabdeh öz öhdəliyindən boyun qaçırır. Həmçinin o, kreditə görə xeyli pul itirmişdir. Belə ki, 2020 və 2021-ci il üçün bank uçot dərəcəsi 7% təşkil edir bu məbləğ bir ilə 1100 manat, iki ilə cəmi 2200 manat təşkil edir. O pulu depozitə qoysa idi illik 10- 15% hissəsi miqdarında xeyir götürərdi. Həmçinin o, cavabdehin bu hərəkəti nəticəsində ağır sarsıntı və əzab keçirmiş, beləliklə ona mənəvi zərər dəymişdir. Odur ki, Cavabdeh 16191 manat pulun, 2200 manat əsas məbləğin faizi, 1000 manat mənəvi ziyanın, cəmi 19391 manat pulun və 150 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə əhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də iddiaçının öz adına və hesabına kredit götürməklə cavabdehə ödədiyi 16191 manat məbləğində borc pul almasını sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. İşdə olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 avqust 2022-ci il tarixli Qərardan görünür ki, iş üzrə cinayət hadisəsinin olduğu müəyyən edilmədiyindən, cinayət işinin başlanması barədə ərizə rədd edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, iş üzrə İddiaçı tərəfindən müxtəlif vaxtlarda 27 oktyabr 2021-ci il tarixli müqavilə üzrə, "xxxx" ASC-in hesabına 2100 manat, 1900 manat, 3135 manat, 102 manat və 1954 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iddiaçının izahatının tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçının cavabdehlə yaxın əlaqələri olmuşdur. Lakin məhkəmə iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi “Whatsapp” yazışmalarını nəzərdən keçirərkən cavabdehin iddiaçıya 16191 manat məbləğində borclu olması barədə tərəflərin arasında olan yazışmalarla sübuta yetirilmir, belə ki, yazışmalarda borcun etiraf edilməsi və ya hansı məbləğdə etiraf edilməsi müəyyən olunmur. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehə kredit götürməklə 16191 manat məbləğində borc pul verdiyini və pulu qaytarmadığın, beləliklə maddi və mənəvi zərərə düşdüyünü bildirmiş, cavabdeh tərəf isə həmin halı təsdiq edən hər hansı cavab verməmişdir. Belə olan halda iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi daşıyır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə iddiaçıya öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında nə şifahi, nə də yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. İşdə olan kredit müqaviləsindən də göründüyü kimi, sözügedən müqavilə "xxxx" la İddiaçı arasında bağlanmışdır. Belə olan halda məhkəmə işə mövcud olan və məhkəmə gedişində araşdırılan sübutlar əsasında baxaraq hesab edir ki, həmin müqavilədən yaranan münasibət bankla iddiaçı arasında yaranmışdır və pul məbləğinin cavabdehə ödənilməsini təsdiq edən sübut yoxdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Məhkəmə mübahisənin qanuni həll edilməsi ilə bağlı öz qənaətini əsaslandırmaq üçün mülki qanunvericiliyin müqavilə, müqavilə azadlığı, müqavilə öhdəliklərinin yaranmasını nəzərdə tutan bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtinə görə borc verən pulu və ya digər əvəz edilən əşyaların mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürməli, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. İddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəfin iddiaçıdan borc pul aldığı barədə etiraf və ya hər hansısübut təqdim olunmamış, eyni zamanda iddiaçı tərəf isə həmin halı sübut edə bilmir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, həmçinin iddiaçının cavabdehə 1619 Manat məbləğində borc pul verməsi və cavabdehin öhdəliyi yerinə yetirməməsi nəticəsində ona 2200 manat maddi və 1000 manat mənəvi zərər dəyməsi öz təsdiqini tapmadığından, iddiaçı hazırkı tələbi irəli sürərkən subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh 16191 manat pulun, 2200 manat əsas məbləğin faizi, 1000 manat mənəvi ziyanın, cəmi 19391 manat pulun və 150 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar