Məhkəmə qərarları › İş №2(051)-1925/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1925/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1925/2022 23.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 2020 (iki min iyirmi) manat məbləğdə pulun və dövlət rüsumu kimi ödənilmiş 41 manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Münasibətləri normal olmuşdur. Cavabdeh pula ehtiyacı olduğunu bildirərək ondan 2500 (iki min beş yüz) manat məbləğdə borc pul istədi. Həmin vaxt özündə pul olmadığına görə o, qohum və qonşusundan pul alaraq cavabdehə 2020-ci ildə hissə-hissə olmaqla cəmi 2020 (iki min iyirmi) manat məbləğdə borc pul verdi. Cavabdeh də ondan aldığı borc pulu yaxın vaxtda qaytaracağına söz verdi. Aradan bir müddət keçəndən sonra o, Cavabdeh ona olan borcunu qaytarmasını tələb etdi. Lakin bunun heç bir nəticəsi olmadı və cavabdeh hər dəfə ona müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayındı. Bu azmış kimi o, cavabdehdən borcunu qaytarmasını tələb etdikdə, cavabdeh nalayiq ifadələrlə onu təhqir etməyə başladı. Bundan sonra o, ərizə ilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu pulun alınıb verilməsini xahiş etdi. X1 cavab olaraq ona bildirdilər ki, bu, mülki mübahisədi və məhkəməyə müraciət etmək hüquqları izah olundu. O, pulumu başqa qaydada cavabdehdən ala bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. İddianın təmin olunmasını, Cavabdeh 2020 (iki min iyirmi) manat məbləğdə pulun və dövlət rüsumu kimi ödənilmiş 41 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçıdan hissə-hissə cəmi 1000 (bir min) manat məbləğində borc pul almışdır. Həmin pulu iddiaçının özünə qaytarmışdır. Belə ki, müxtəlif üsullarla iddiaçıdan aldığı borc pulu tam ödəmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı tələbində cavabdehə 2020 (iki min iyirmi) manat borc pul verdiyini, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin borcu qaytarmadığını göstərmiş və cavabdehdən həmin pulun və dövlət rüsumu kimi ödənilmiş 41 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iddiaçı öz tələbini tam təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Cavabdeh isə izahatında iddiaçıdan cəmi 1000 manat borc pul aldığını, lakin aldığı borc pulu tam ödədiyini bildirmişdir. Ancaq cavabdeh də iddiaçıya olan borcunu tam ödədiyini təsdiq edən sübutu məhkəməyə təqdim etmədi. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 1000 (bir min) manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş tələbin məbləğinə münasib olaraq hesab edir ki, cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 1000 (bir min) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar