Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1926/2025 24.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17000 manat pulun və 141 manat dövlət rüsumunun, cəmi 17141 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun zamandır ki, tanıyır. 2019-cu ilin iyun ayından 2023-cü ilin avqust ayına kimi Cavabdeh ümumilikdə 17000 manat məbləğində pul vermişdir. Həmin pulları Cavabdeh məxsus olan 5103-0714- 7877-2995 saylı "xxxx" ASC-yə məxsus olan karta və Cavabdeh məxsus olan 5213-6751- 4822-7953 saylı “Azərbaycan Türk Bank”a (ATB) məxsus olan karta göndərmişdir. Həmin pulların göndərilməsinə dair 38 ədəd çeki var. Həmin 38 ədəd çek vasitəsilə 3840 manat pul göndərilmişdir. Qalan 13160 manata dair isə əlində çeklər qalmamışdır. Əgər məhkəmə tərəfindən sorğu edilərsə, həmin pulların ödənilməsinə dair banklardan cavab alına bilər. Qeyd olunanlarla bağlı şikayət etsə də, Müdafiə Nazirliyinin 1-ci Təhqiqat bölməsinin hüquqşünas təhqiqatçısı X2 24 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”ı ilə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də mülki qaydada iddia verərək cavabdehdən pulunu tələb edir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək Cavabdeh iddia tələbində qeyd olunan pulun alınaraq ona verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçı ilə cavabdeh münasibətdə olduqları dövrdə məişət xərcləri çəkmiş, bazarlıqlar etmişlər. Bu məqsədlə həm iddiaçı, hə də cavabdeh xərc çəkmişdir. İddiaçının təqdim etdiyi kiçik pul məbləğinin köçürülməsini təsdiq edən qəbzlər həmin xərcləri göstərir. İddiaçının təqdim etdiyi daha yüksək pul məbləğinin köçürülməsini təsdiq edən qəbzlər isə iddiaçının cavabdehin qohumlarına olan borcunun ödənilməsini təsdiq edən qəbzlərdir. Beləliklə cavabdehin iddiaçıya borcu yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iştirak etməmiş, əvvəl keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə yaxın münasibətləri olmuşdur. Qeyd edilən pulları iddiaçı özü borclarının verilməsi üçün ona göndərmişdir. İddiaçıdan borc pul almamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahat verərək bildirdi ki, Cavabdeh onun qardaşıdır. Təxminən 2020-ci ilin əvvəllərində İddiaçıya ona pensiya düzəltməsi üçün 1000 manat məbləğində pul vermişdir. Qardaşı Arzu da Rəqsanəyə pul vermişdir. Qardaşı pul verəndə özü Ağdamda olmuşdur. Həmin vaxtdan 2 ay keçəndən sonra İddiaçı onun pulunu Cavabdeh geri qaytarmışdır. Rəqsanənin ona həmin vaxtdan 120 manat məbləğində borcu qalmışdır. Bildiyinə görə İddiaçı qardaşından aldığı pulu tam qaytarmışdır. Elnarə, Vüsalə, Məleykə və Zaur adlı qohumları da Rəqsanəyə pul vermiş, lakin geri ala bilmədiklərindən onu axtarırlar. Qardaşı Cavabdeh ilə İddiaçı arasında yaxın münasibətlərin yaranmasını eşitmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Rəqsanə verilən pulu qardaşı Arzu gətirib verirdi. Həmin pulları hissə-hissə 30, 40 manat olmaqla belə qaytarırdı. Rəqsanə şəxsən özü ona pul qaytarmamışdır. Təxminən 2 il qabaq 3 dəfə Rəqsanənin yanına gedərək 120 manat qalan pulunu ondan tələb etmişdir. Rəqsanəyə məxsus mobil nömrə ilə də danışıqları olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 izahat verərək bildirdi ki, Cavabdeh qardaşıdır. İddiaçı təxminən 2020-ci ildən tanıyır. Belə ki, Rəqsanə pensiya düzəltmək adı ilə onların evinə gəlib anası ilə danışıqlar aparmışdır. Bundan onun xəbəri olmamışdır. Anasından da 500 manat pul almışdır. Qaytarıb-qaytarmaması ona məlum deyil. Qardaşı Arzu ilə Rəqsanənin yaxın münasibətlərinin olmasını bilirdi. Bildiyinə görə onlar bir evdə yaşayırdılar. Rəqsanənin qardaşına pul xərcləməsi əsassızdır. İddiaçı pul aldığı insanlardan olan borcu qardaşı Arzunun kartına vurmuş, həmin pulu Arzu o insanlara qaytarmışdır. İş materialları: xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu gizir Cavabdeh İddiaçı 17000 manat pul alaraq mənimsəməsi öz təsdiqini tapmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə mədaxil qəbzlərindən görünür ki, müxtəlif vaxtlarda H****** A**** Z***** oğluna məxsus “Kapital Bank” kartına 25 manat, 10 manat, 110 manat, 41 manat, 20 manat, 260 manat, 25 manat, 161 manat, 1000 manat, 21 manat, 51 manat, 25 manat, 130 manat, 25 manat, 50 manat, 51 manat, 41 manat, 505 manat, 30 manat, 21 manat, 60 manat, 20 manat, 10 manat, 26 manat, 21 manat, 90 manat, 30 manat, 16 manat, 22 manat, 21 manat, 30 manat, 15 manat, “AzərTürkBank” 5213-6751-4822-7953 karta isə 400 manat, 74 manat və 350 manat məbləğində pul onun hesabına köçürülmüşdür. İşin müəyyən olunmuş halı: İddiaçı ilə Cavabdeh arasında yaxın münasibətlər olmuşdur. Bu münasibətlər çərçivəsində onlar birlikdə yaşamış və iddiaçı cavabdehə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə olmaqla cəmi 3787 manat məbləğində pul göndərmişdir. İddiaçı cavabdehə həmin pulları borca verdiyini, hazırda pulun və dövlət rüsumunun alınmasını xahiş edir. Cavabdeh tərəfi iddiaçıdan həmin məbləğlərin borc alınmadığını, iddiaçının təqdim etdiyi kiçik pul məbləğinin köçürülməsini təsdiq edən qəbzlər məişət xərclərinə aiddir. İddiaçının təqdim etdiyi daha yüksək pul məbləğinin köçürülməsini təsdiq edən qəbzlər isə iddiaçının cavabdehin qohumlarına olan borcunun ödənilməsini təsdiq edən qəbzlərdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İddiaçı ilə cavabdehin yaxın münasibətləri olmuşdur. İddiaçı cavabdehlə birgə yaşadığı dövrdə ona borca pul verdiyini bildirmişdir. Cavabdeh iddiaçının ona göndərdiyi pulları borc almadığını, məhz iddiaçının başqa şəxslərə olan borcunu onun vasitəsilə ödədiyini qeyd etmişdir. İş materialında olan cavabdehə məxsus “Kapital Bank” kart hesabına müxtəlif vaxtlarda 505 manat, 1000 manat, 260 manat, 110 manat və 130 manat pulun köçürülməsi qəbzlərdə əks olunmuşdur. Həmçinin təqdim edilən qəbzlərdə olan “AzərTürkBank” kart hesabının məhz cavabdehə məxsus olub, pulun ona göndərilməsi iddiaçı tərəfindən sübut edilməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi cavabdeh verdiyi izahatında da iddiaçı ilə qeyri-rəsmi münasibətdə olduqları müddətdə bir-birilərinə 50-100 manat məbləğlərində pul verdiklərini qeyd etmişdir. Bununla belə iddiaçı tərəfindən təqdim edilən qəbzlərdə göstərilən xırda məbləğlərin onların birgə yaşadıqları dövrdə olan gündəlik xərcləri ilə bağlı olması müəyyən edilmişdir. İddiaçı yerdə qalan məbləğlə bağlı tələbini sübut edə bilməmişdir. Hazırki iş üzrə iddiaçının cavabdehə göndərdiyi pul məbləği toplandıqda 2005 (505+1000+260+110+130=2005) manat edir. Cavabdeh iddiaçının göndərdiyi bu məbləğlərin məhz iddiaçının borcunun qaytarılması məqsədilə ona məxsus hesaba köçürməsini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və Cavabdeh 2005 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 17 (on yeddi) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2005 (iki min beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilən dövlət rüsumunun əvəzi 17 (on yeddi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-1926/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1926/2025
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver