Məhkəmə qərarları › İş №2(051)-1931/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1931/2022

04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1931/2022 04.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı və Cavabdeh Turac oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Turac oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh Turac oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, faktiki olaraq Cavabdeh Turac oğlu ilə birgə nikahlarından 25 noyabr 2009-cu il təvəllüdlü Turan, 03 noyabr 2012-ci il təvəllüdlü Nursultan adlı iki nəfər uşağı doğulmuşdur. Şəki rayon Məhkəməsinin 2(075)-654/2020 saylı 09 iyun 2020-ci tarixli qətnaməsinə əsasən Cavabdeh Turac oğlundan 25 noyabr 2009-cu il təvəllüdlü Turan, 03 noyabr 2012-ci il təvəllüdlü Nursultan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Müəyyən edilmiş alimentlə uşaqların maddi tələbatını ödəyə bilmir, çünki uşaqlar böyüdükcə, onların tələbatları da artır. Uşaqları saxlamaqda çətinlik çəkir. Müəllimə işləyir, 400 manat əmək haqqı alır. Halbuki, hər iki valideyn uşaqlarını saxlamağa borcludurlar. Ona görə də müəyyən edilmiş alimentin miqdarının artırılmasını, 25 noyabr 2009-cu il təvəllüdlü X4, 03 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat məbləğdə alimentin Cavabdeh Turac oğlundan alınıb ona verilməsini xahiş edir. Cavabdeh Turac oğlu iddianı qəbul etməyərək məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə birgə nikahlarından 25 noyabr 2009-cu il təvəllüdlü Turan, 03 noyabr 2012-ci il təvəllüdlü Nursultan adlı iki uşağı doğulmuşdur. Cavabdehlə ailə mübasibətləri pozulduğundan Şəki rayon Məhkəməsinin 2(075)-654/2020 saylı 09 iyun 2020-ci tarixli qətnaməsi ilə 25 noyabr 2009-cu il təvəllüdlü Turan, 03 noyabr 2012-ci il təvəllüdlü Nursultan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Uşaqlarına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, daimi iş yeri yoxdur. İkinci dəfə ailə qurmuş, həmin evlilikdən iki nəfər uşaqları var. Həmin ailəsi ilə birlikdə kirayə mənzildə yaşayır. Müəyyən edilmiş alimenti çətinliklə ödəyir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 25 noyabr 2009cu il təvəllüdlü X4, 03 noyabr 2012-ci il təvəllüdlü X1 atası Cavabdeh Turac oğlu, anası İddiaçıdır. İşə əlavə edilmiş Şəki rayon Məhkəməsinin 2(075)-654/2020 saylı 09 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Turac oğlundan 25 noyabr 2009-cu il təvəllüdlü X4, 03 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Şəki rayon Kiçik Dəhnə kənd 2 №-li orta məktəb tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həmin məktəbdə müəllimə işləyir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Turac oğlu ilə X3 arasında xx.xx.2021-ci ildə 6 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində rəsmi nkah qeydə alınmış, arvada “Nuru” soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 29 noyabr 2017-ci il təvəllüdlü Minə və 03 sentyabr 2019-cu il təvəllüdlü Ahu adlı uşaqlaın atası Cavabdeh Turac oğlu, anası X5r. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci madəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər ayrılmışlar, birgə nikahından doğulmuş uşaqlar iddiaçının yanında qalırlar. Məhkəmənin qərarı ilə cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat miqdarında alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət deyil. Ancaq tələb olunan miqdarda alimentin ödənilməsi üçün cavabdehin kifayət qədər qazancı olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə tərəflərin maddi vəziyyətini, cavabdehin ikinci evlilikdən də iki nəfər uşaqlarının olmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, alimentin miqdarı nisbətən artırılmalı, cavabdehdən uşaqların saxlanması üçün hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat miqdarında aliment tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilməlidir. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 25 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat, 03 noyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul miqdarında aliment hər ay Cavabdeh Turac oğlundan tutulub, İddiaçı verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulsun. Cavabdeh Turac oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar