Məhkəmə qərarları › İş №2(051)-1932/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1932/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1932/2021 14.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 07.06.2020-ci il tarixli müqaviləyə əsasən 303.4 manat əsas, 30.6 manat cərimə, 02.10.2020-ci il tarixli müqaviləyə əsasən 382.8 manat əsas, 38.2 manat cərimə olmaqla, cəmi 755 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 07.06.2020-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 49 .2 (ilkin ödəniş 118 manat) manat ödəniş etmək şərtilə cəmi 708.4 manat dəyərində X1 9 markalı telefon, 02.10.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 38.4 manat (ilkin ödəniş 76 manat) ödəniş etmək şərtilə cəmi 536.8 manat dəyərində X1 9 markalı telefon almışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə 07.06.2020-cu il tarixli müqaviləyə əsasən 303.4 manat əsas, 30.6 manat cərimə borcu olmaqla, cəmi 334 manat məbləğində borcu, 02.10.2020-ci il tarixli müqaviləyə əsasən 382.8 manat əsas, 38.2 manat cərimə borcu olmaqla, cəmi 421 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı cavabdehdən 07.06.2020-cu il tarixli müqaviləyə əsasən 303.4 manat əsas, 30.6 manat cərimə 02.10.2020-ci il tarixli müqaviləyə əsasən 382.8 manat əsas, 38.2 manat cərimə borcu olmaqla, cəmi 755 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında 07.06.2020-cu il tarixdə bağlanmış 20333704 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMCdən 12 ay müddətinə hər ay 49.2 manat(ilkin ödəniş 118 manat) ödəniş etmək şərtilə cəmi 708.4 manat dəyərində X1 9 markalı telefon almışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında 02.10.2020-ci il tarixdə bağlanmış 21221865 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 38.4 manat (ilkin ödəniş 76 manat) ödəniş etmək şərtilə cəmi 536.8 manat dəyərində X1 9 markalı telefon almışdır. İşdə olan 13.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 07.06.2020-cu il tarixli müqaviləyə əsasən 303.4 manat əsas, 30.6 manat cərimə borcu olmaqla, cəmi 334 manat məbləğində borcu, 02.10.2020-ci il tarixli müqaviləyə əsasən 382.8 manat əsas, 38.2 manat cərimə borcu olmaqla, cəmi 421 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında müxtəlif tarixlərdə ayrı-ayrı nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh "xxxx" MMC-dən 07.06.2020-cu il tarixdə bağlanmış 20333704 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 49.2 manat(ilkin ödəniş 118 manat) ödəniş etmək şərtilə cəmi 708.4 manat dəyərində X1 9 markalı telefon, 02.10.2020-ci il tarixdə bağlanmış 21221865 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə hər ay 38.4 manat (ilkin ödəniş 76 manat) ödəniş etmək şərtilə cəmi 536.8 manat dəyərində X1 9 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə onun iddiaçıya ödənilməmiş 686.2 manat əsas borcu qalmışdır. Öhdəliyini vaxtında icra etmədiyinə görə isə ona 68.8 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında müxtəlif vaxtlarda məişət əşyalarına dair nisyə alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı həmin əşyaları dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin əşyaların dəyərini müəyyən olunmuş qrafik üzrə hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən 07.06.2020-cu il tarixli müqaviləyə əsasən 303.4 manat əsas borc, 02.10.2020-ci il tarixli müqaviləyə əsasən 382.8 manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, 07.06.2020cu il tarixli müqavilə üzrə 3 manat, 02.10.2020-ci il tarixli müqavilə üzrə 8 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 07.06.2020-cu il tarixli müqavilə üzrə 3 manat, 02.10.2020-ci il tarixli müqavilə üzrə 8 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 07.06.2020-cu il tarixli müqaviləyə əsasən 303.4 manat əsas, 3 manat cərimə 02.10.2020-ci il tarixli müqaviləyə əsasən 382.8 manat əsas, 8 manat cərimə borcu olmaqla, cəmi 697.2 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. AR MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 07.06.2020-cu il tarixli müqaviləyə əsasən 303.4 (üç yüz üç manat qırx qəpik) manat əsas, 3(üç) manat cərimə, 02.10.2020-ci il tarixli müqaviləyə əsasən 382.8 (üç yüz səksən iki manat səksən qəpik) manat əsas, 8 (səkkiz) manat cərimə olmaqla, cəmi 697.2 (altı yüz doxsan yeddi) manat 20(iyirmi qəpik) məbləğində pul alınıb İddiaçınə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul məbləğində alınıb İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar