Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-195/2024 02.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh): İddiaçı və onun vəkili Vəkil1 Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İlkin İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh ilkin İddiaçı qarşı qızıl-zinət əşyaları tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İlkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 4000 manat məbləğində pulun və 60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin İddiaçı qarşı qızıl-zinət əşyaları tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ona məxsus 1 ədəd 585 əyarlı, 4.9 qram çəkidə qızıl boyunbağının, 1 ədəd 583 əyarlı, 5.3 qram çəkidə qızıl boyunbağının klonla, 1 ədəd 585 əyarlı, 5.5 qram çəkidə qızıl boyunbağının klonla, 2 ədəd 585 əyarlı, 1.5 qram çəkidə qızıl sırğanın, 1 ədəd 583 əyarlı, 2.8 qram çəkidə qadın üzüyünün, 1 ədəd 583 əyarlı, 4.3 qram çəkidə qadın üzüyünün, 1 ədəd 500 əyarlı, 2.5 qram çəkidə qadın üzüyünün və dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh 2022-ci ilin noyabr ayında 1100 (bir min yüz) manat məbləğində borc pul və 3000 (üç min) manat məbləğində nisyə cehiz əşyaları satmışdır. Cavabdeh pulu və özü üçün götürdüyü cehiz əşyalarının pulunu hər ay hissə-hissə ödəyəcəyini öz öhdəliyinə götürmüşdür. Belə ki, o, Bakı şəhərində yerləşən “Sədərək” Ticarət mərkəzində olan tanışından cehizlik əşyaları alıb üzərinə pul qoyub satmaqla ailəsini dolandırır. Cavabdeh borc olaraq götürdüyü 1100 (bir min yüz) manat borcdan yalnız 2023-cü ilin yanvar ayında ona 100 manat qaytarsa da, nisyə aldığı cehizlik əşyaların pulundan ödəniş etməmişdir. O, Cavabdeh dəfələrlə borcu qaytarmağına dair şifahi xəbərdarlıq etsə də, heç bir əhəmiyyət verməmişdir. Aradan uzun müddət keçdikdən sonra cavabdeh nişanı baş tutmadığına görə cehiz əşyalarını qaytarmaq istəmişdir. Lakin o, həmin əşyaların pulunu artıq ödəmiş, eləcə də həmin əşyaları özündə saxlamaqla aşınmaya məruz qoymuşdur. Ona görə də o, cavabdehdən razılaşdıqları pul məbləğini tələb edir. O, cavabdehin ona olan borcunu qaytarmadığını ailə üzvlərinə bildirdikdə isə Cavabdeh həm iş yerində, həm də Vatsap tətbiqi vasitəsilə yazaraq ona hədə-qorxu gəlmişdir. xx.xx.2023-cü il tarixdə o, Cavabdeh yazılı şəkildə müraciət edərək bildirmişdir ki, ona olan 1000 (bir min) manat məbləğində borc pul və 3000 (üç min) manat məbləğində isə cehizlik avadanlıqlarına görə olan borcu, yəni cəmi 4000 (dörd min) manat məbləğində olan borcunu geri ödəsin. Lakin hələ də Cavabdeh ona olan borcunu ödəməkdən imtina edir. Qarşılıqlı iddia ərizəsində göstərilən və banka girov qoyulmuş qızıl əşyalardan, brilyant qaşlı sırğa uşaq üçün, komplekt və uşaq üçün qolbağ ona, qalan qızılllar isə cavabdehə məxsus olmuş və hazırda ondadır. Cavabdeh ona olan borcunu tam şəkildə ödədikdən sonra qızılları qaytaracaqdır. Hesab edir ki, cavabdehlə onun arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, lakin cavabdeh müqavilənin şərtləirini pozmuşdur. Ona görə də o, nisyə satdığı əşyaların dəyəri olan pulu cavabdehdən tələb edir. Odur ki, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) məhkəmə iclası zamanı ilkin iddianı qismən qəbul etdi, qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, həqiqətən iddiaçıya 1000 manat borcu var və bu borcu hazırda ödəməyə hazırdır. Qaldı ki, cehizlik qab-qacaqlara, onların qiyməti ilə razı deyildir, qiymətlər çox yüksəkdir. Cehiz əşyalarının qiymətini o bilməmişdir, İddiaçı siyahını anasına göndərib. Həmin cehizlik əşyaları aldıqdan 1-2 ay sonra geri qaytarmaq istəmişdir, Fatma razılaşmadı. Qaldı ki, cehizlik əşyaların qiyməti 693 manat təşkil edir, mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Qarşılıqlı iddia tələbi üzrə onu bildirir ki, o, 2008-ci ildən "xxxx" QSC-də anbar işçisi vəzifəsində işə başlamış, İddiaçı isə 2017-ci ilin sentyabr ayında onun yanında anbar işçisi kimi işə başlamış və onlar bir yerdə işləmişlər. İşlədikləri müddətdə, yəni 2023-cü ilin iyul ayına qədər çox mehriban rəfiqə olmuşlar. 2022-ci ilin noyabr ayında İddiaçı ona müraciət edərək demişdir ki, atasının ürək əməliyyatı ilə əlaqədar ona pul lazımdır, ona kömək edə bilərmi? O isə demişdir ki, nə kömək? Fatma isə demişdir ki, bankdan onun üçün kredit götürsün, ona versin, krediti o ödəyər. O isə demişdir ki, özünün krediti var, götürə bilməz, bank ona kredit verməz. Demişdir ki, bəs onda başqa nə cür kömək edə bilərsən? O demişdir ki, bir az qızılı var, versin banka qoysun, lazım olan pulu götürsün. Cavabdeh İddiaçı sevinərək və təşəkkür edərək ondan ona məxsus təxminən 28 qram çəkidə qızıl-zinət əşyalarını götürmüş və Mingəçevirdə fəaliyyət göstərən "xxxx" ASC-nin filialına girov qoyaraq, deməsinə görə 4000 (dörd min) manat pul götürmüşdür. 1100 manat isə Fatma onun özünə borc vermişdir. Həmin qızıl əşyaları aşağıdakılardır və bank tərəfindən aşağıdakı qaydada qiymətləndirilmişdir: 1. Boyunbağı, 1 ədəd, 585 əyar, 4,9 qr çəkidə, dəyəri -453.84 manat, 2.Boyunbağı klonla- 1 ədəd, 585 əyar, 5,3 qr çəkidə, dəyəri -489.21 manat, 3. Boyunbağı klonla- 1 ədəd, 585 əyar, 5,5 qr çəkidə, dəyəri -509.41 manat, 4. Sırğa 1 cüt (1.8-0.3), 585 əyar, 1,5 qr çəkidə, dəyəri -138.93 manat, 5. Qadın üzüyü əyarsız (3.8-1.0), 1 ədəd, 583 əyar, 2,8 qr çəkidə, dəyəri -258.45 manat, 6. Qadın üzüyü (4.6-0.3) (583), 1 ədəd, 500 əyar, 4,3 qr çəkidə, dəyəri -340.4 manat, 7. Qadın üzüyü əyarsız (3.1-0.6), 1 ədəd, 500 əyar, 2,5 qr çəkidə, dəyəri -197.91 manat, cəmi 9 (doqquz) sayda, 44.3 qram qızıl: 4411.3 manat. Qeyd etmək istəyir ki, o, 1100 manat borcdan 100 manatını İddiaçı qaytarmışdır. İddiaçı hal-hazıradək onun qızıllarını qaytarmır. Daha sonra qeyd etmək istəyir ki, İddiaçı məhkəmədə ona qarşı 4000 manat pul tələbi barədə iddia qaldırdıqdan sonra onlar belə razılığa gəlmişlər ki, o, Fatmadan aldığı 1000 manatı İddiaçı qaytarır, ona satdığı əşyaların isə pulunu hissə-hissə ödəyir və Fatma da 1000 manat borcunu ondan götürüb qızıllarını özünə qaytarır. Lakin ötən məhkəmə prosesində o, Fatmaya 1000 manatı qaytarmaq istəsə də, İddiaçı pulu götürməmiş və qızıllarını göstərərək bildirmişdir ki, pulu bütövlükdə qaytarsın, sonra qızılları ona qaytaracaqdır. Odur ki, o da həmin vəziyyətlə əlaqədar, yəni pulu ondan götürmədiyinə və qızıllarını ona qaytarmadığına görə İddiaçı qarşı qızıl-zinət əşyaları tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı ona bildirmişdir ki, 1 dəst komplekt və qolbağı onundur. Bununla belə qarşılıqlı iddia ərizəsində göstərdiyi 2 ədəd 585 əyarlı, 1.5 qram çəkidə qızıl sırğanın İddiaçı məxsusdur. Odur ki, məhkəmədən ilk iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 təmsil etdiyi şəxsin ifadəsinə uyğun izahat verərək ilk iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Cavabdeh onun qızıdır. İddiaçı ilə tanışlıqları var. Cavabdeh ilə İddiaçı əvvəllər mehriban olmuşlar. May ayında axşam Fatma zəng etmiş, Nigar yatdığı üçün telefonu o götürmüş, nə olduğunu soruşanda Fatma elə-belə zəng etdiyini demişdir. İyun ayında aralarında münaqişə olmuş, o da Fatmaya zəng etmiş, nə olduğunu soruşmuşdur. Fatma da ağlamış, cavab verməmişdir. O da Nigar nə alıbsa onun siyahısını atmağı demişdir. Nigarın ayrı evi olduğu üçün aldığı əşyaları ora aparırdı. Ona görə də o Nigarın aldığı əşyaları görməmişdir. Fatma Nigarın borcu olduğunu ona bildirməyib. Nigardan soruşanda isə o, demişdir ki, o qədər şey almamışdır. Qızıllardan xəbəri olmayıb. O, pulu az-az ödəməyi təklif etsə də, Fatma razılaşmamışdır. Səs yazısında deyilən 20 ayla bağlı bildirmişdir ki, o, bunu Fatmaya qarşılıq olaraq demişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia isə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Mobil MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Peluş” çanta – 12 manat, çemodan çanta – 40 manat, Prestij ətçəkən maşın – 50 manat (istifadə olunmuş), Sinbo çaydan – 20 manat (istifadə olunmuş), 2 ədəd çörək qabı – 1 əd. 10 manat olmaqla – 20 manat, termos – 15 manat, termos – 20 manat, “ARHİA” blendr – 35 manat, 2 ədəd fincan – 1 ədəd 5 manat olmaqla – 10 manat, 2 ədəd fincan – 1 ədəd 10 manat olmaqla – 20 manat, kosmetika (tuj)- 8 manat (istifadə olunmuş), 2 ədəd ətir – “Akuliz” 1 ədəd 8 manat olmaqla -16 manat, Emsan Tefal qazan – 80 manat, Kasa firmasının Tefal tava – 60 manat, Emsan firması Tefal tava – 35 manat, qadın üçün papaq – 10 manat, ətir – 20 manat, ətir Blue kişi üçün – 23 manat, elektrik üz qırxan – 50 manat, ətir – 30 manat, fen daraqlı – 35 manat, ayaqlı plasmas paltar asılqanı – 84 manat, ümumilikdə 693 manat məbləğində qiymətləndirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında İddiaçı borc olaraq 1100 manat pul aldığını, eyni zamanda ondan 3000 (üç min) manat dəyərində cehiz əşyaları aldığını, həmin əşyaları bir ay sonra qaytarmaq istədiyini, lakin İddiaçı qəbul etmədiyini, pulunu istədiyini, onun isə pulunun olmadığını, Fatmadan aldığı 1100 manat borcdan = 100 manatını geri qaytardığını etiraf etmişdir. İşdə olan "xxxx" ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kreditin verilməsinə dair razılaşmadan görünür ki, bank İddiaçı 2800 manat məbləğində kredit vermişdir. İşdə olan "xxxx" ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli girov müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Girov Qoyan” xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin ayrılmaz hissəsi olan “Daşınar Əmlakın Qiymətləndirmə Aktı”nda (Girov predmetini təşkil edən əmlakın siyahısı) və ya Əlavədə göstərilən əmlakı “Girov saxlayan” qarşısında Girov ilə yüklü etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Daşınar əmlakın qiymətləndirmə Aktından görünür ki, 1. Boyunbağı, 1 ədəd, 585 əyar, 4,9 qr çəkidə, dəyəri -453.84 manat, 2.Boyunbağı klonla- 1 ədəd, 585 əyar, 5,3 qr çəkidə, dəyəri -489.21 manat, 3. Boyunbağı klonla- 1 ədəd, 585 əyar, 5,5 qr çəkidə, dəyəri -509.41 manat, 4. Dəst (1 cüt sırğa və 1 üzük) (16.9-1.5)- 1 ədəd, 750 əyar, 15,4 qr çəkidə, dəyəri -1828.65 manat, 5. Qolbağı (2.3-0.2)- 1 ədəd, 585 əyar, 92,62 qr çəkidə, dəyəri -194.5 manat, 6. Sırğa 1 cüt (1.8-0.3), 585 əyar, 1,5 qr çəkidə, dəyəri -138.93 manat, 7. Qadın üzüyü əyarsız (3.8-1.0), 1 ədəd, 583 əyar, 2,8 qr çəkidə, dəyəri -258.45 manat, 8. Qadın üzüyü (4.6-0.3) (583), 1 ədəd, 500 əyar, 4,3 qr çəkidə, dəyəri -340.4 manat, 9. Qadın üzüyü əyarsız (3.1-0.6), 1 ədəd, 500 əyar, 2,5 qr çəkidə, dəyəri -197.91 manat, cəmi 9 (doqquz) sayda, 44.3 qram qızıl: 4411.3 manat qiymətləndirilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssi rəyindən görünür ki, “Sokany” 4 litrlik mikser (qızılı rəngli) – 212 manat, “Panasonic” kokteyl aparatı (ağ rəngli) – 200 manat, “Boş” Kokteyl aparatı – 150 manat, “Veqastar” elektrik samovar – 75 manat, pol vedrəsi dəst – 95 manat, “Veqastar” 7 litrlik termos – 59.80 manat, 2 mərtəbəli paltar qurudan (qalın dəmir) – 90 manat, “Reward” kişi saatı – 54 manat, “Patek” kişi saatı – 65 manat, “Promozeer” üzqırxan aparat – 37 manat, popkorn aparatı – 40 manat, qadın əl çantaları (sumka) – 4 ədəd *45 – 180 manat, çamadan (güllü-uşaq) – 40 manat, çanta qara rəngli – 25 manat, qranit tava qapaqlı 2 ədəd (qəhvəyi rəngli) – 93 manat, qranit qazan 2 ədəd (qəhvəyi rəngli) – 100 manat, “Brioni” qazan 2 ədəd (qara və ağ) – 120 manat, 4 gözlü tava - 90 manat, 4 bucaq tava qranit – 49.50 manat, 30 sm tava qranit (qəhvəyi) – 89 manat, 30 sm tava qranit (qara) – 89 manat, “Brioni” tava (qara) 22sm – 65 manat, “Brioni” tava (qara) 20sm – 55 manat, 4 gözlü Smailik tava – 90 manat, ləpə qabı 6 gözlü, qapaqlı, keramik – 41.50 manat, çaydan fit çalan (göy) – 32 manat, çaydan fit çalan (qırmızı) – 32 manat, qəhvəyi bıçaq dəsti – 75 manat, 6 nəfərlik boşqab dəsti – 99.90 manat, ləpə qabı 3 gözlü 3 ədəd *12 – 36 manat, 3 dənəli saxlama qabı keramika – 18.90 manat, 3 dənəli yemək qabı dəmir - 15 manat, salat doğramaq üçün qab tyorkalı – 15 manat, kompot qabı – 37 manat, “Oriflame” bıçaq dəsti – 9.70 manat, saxlama qabı 22 dənəli (plastik)*2.00 – 44 manat, KEMEİ km2024 üz qırxan aparat – 27 manat, termos 1 lt (mavi) – 12 manat, free kartofu üçün dəlikli setka səbət (3 ədəd) – 20 manat, termos 2 lt (yaşıl) – 25 manat, termos 1 lt (bənövşəyi) – 12 manat, çörək qabı dəmir – 16 manat, “Arshia” Blender naboru – 55.52 manat, “Braun” fen – 26 manat, elektrik kofedəmliyən (bənövşəyi) – 20 manat, kartof doğrayan – 20 manat, qaşıqlı və qapaqlı fincan (qırmızı) – 19 manat, çamadan – 120 manat, fincan sarı – 7.20 manat, “Narkotik” ətir 30 ml – 33.66 manat, qadın baş örtüyü – 24.99 manat, salfetka qabı 2 ədəd (qızılı)* - 35.74 manat, fen VGR V-492 – 35.74 manat, klatç (qara) – 70 manat, “Rozia” fen (oğlan üçün) – 23 manat, sarımsaq əzən taxta dəsti – 44.90 manat, ev tapiçkası 6 ədəd *10 – 60 manat, elektrik soğan doğrayan – 22 manat, 2 ədəd fincan (qırmızı və göy) 6*2 – 12 manat, “Perceive” ətir 30 mll – 15.60 manat, “Tuj” 3D – 13 manat, “Molecule” ətir 100 mll dubay – 69 manat, “Lacoste” ətir 50 mll – 75 manat, qızıl üzük 2.5qr 583 əyar – 207.50 manat, ümumilikdə 3798.15 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə, cehizlik əşyalarla bağlı iş materiallarında olan, tərəflərin təqdim etdikləri mütəxəssis rəylər arasında kəskin ziddiyyətin olmasını nəzərə alaraq, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, həmin rəyləri sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 1100 manat məbləğində pulun borc və 3000 manat məbləğində cehiz əşyalarının nisyə verilməsini və cəmi 4000 manat məbləğində pulun ödənilməməsini sübutetmə yükü iddiaçının, qarşılıqlı iddia ərizəsində göstərilən qızıl–zinət əşyalarının hazırda iddiaçıda olmasını sübutetmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, işin qanuni həll edilməsi üçün ilk növbədə ilkin iddiaya qiymət verilməlidir. Məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh iddiaçıya 6 adda qızıl əşyaları girov qoyub bankdan pul götürmək üçün iddiaçıya vermiş, iddiaçı da həmin qızılları və özünə məxsus 3 adda qızıllarla birlikdə banka girov qoyaraq 2800 manat pul götürmüş və 1100 manat məbləğində hissəsini cavabdehə vermişdir. Cavabdeh həmin borcu iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin borcdan 100 manat ödəniş etmiş, qalan 1000 manat məbləğində pulu geri qaytarmamışdır. İddiaçı isə banka olan borcunu ödəmiş və qızılları girovdan çıxarmışdır. Hazırda iddiaçıya məxsus 6 adda qızıl əşyaları iddiaçıdadır. Ondan başqa iddiaçı aralarında olan şifahi razılaşmaya əsasən cəmi dəyəri 3000 manat olan cehiz əşyalarını cavabdehə nisyə satmış, cavabdeh isə həmin məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh nə borcunu, nə də nisyə alqı-satqı müqaviləsi üzrə aldığı malın dəyərini ödəməmiş, nəticədə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də ilkin iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə ilk növbədə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri iddia tələbinin 1000 manat hissəsinə münasibətdə borc və 3.000 manat hissəsinə münasibətdə isə nisyə alqı satqı müqavilələrindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc və nisyə alqı-satqı müqaviləsini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, şifahi müqavilə onun rəftarından, sadə yazılı müqavilənin imzalandığı andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı cavabdehə 1100 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və həmin pulu qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcundan 100 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir. Ona görə də 1000 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin iddianın nisyə cehiz əşyalarının satılması ilə bağlı 3.000 manat məbləğində pul tələbi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı mübahisə üzrə iddiaçı cəmi 3000 manat dəyərində cehiz əşyalarını cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı– satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərərək hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 3000 manat məbləğində təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Cavabdeh ərizəsi əsasında toplanmış cinayət işi başlanmasının rədd edilməsi haqqında materialda, Cavabdeh İddiaçı 3000 manat dəyərində cehiz əşyaları aldığını, həmin əşyaları bir ay sonra qaytarmaq istədiyini, lakin İddiaçı qəbul etmədiyini, pulunu istədiyini, onun isə pulunun olmadığını etiraf etməsinə dair izahatını sübut növü kimi qəbul edərək nəzərə almışdır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh hazırda nisyə aldığı əşyaları qaytarmağa hazır olduğunu bildirsə də, iddiaçı tərəf cehiz əşyalarının ödənilməsini tələb edir. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıdan 3000 manat dəyərində cehiz əşyalarını nisyə alması və həmin pulu qaytarmaması sübuta yetirildiyindən, cavabdehdən 3000 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Ona görə də məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddiaçının cavabdehə qarşı ilkin iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşılıqlı iddiasına qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə qarşılıqlı iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli girov müqaviləsinə əsasən qarşılıqlı iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları girov ilə yüklü edilmişdir. Həmin qızılları cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh İddiaçı vermişdir. Bununla belə məhkəmə iclası zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi 2 ədəd 585 əyarlı, 1.5 qram çəkidə qızıl sırğanın İddiaçı məxsus olmasını etiraf etmişdir. İddiaçı da sırğanın (uşaq üçün) özünün olduğunu bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, 2 ədəd 585 əyarlı, 1.5 qram çəkidə qızıl sırğa istisna olmaqla, cavabdehə məxsus olan və qarşılıqlı iddia ərizəsində göstərilən qızıl əşyalarının iddiaçıda olması ilə bağlı cavabdehin bildirdikləri əsaslıdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına və öz daxili inamına əsaslanaraq qənaətə gəlir ki, 2 ədəd 585 əyarlı, 1.5 qram çəkidə qızıl sırğa istisna olmaqla, qarşılıqlı iddia ərizəsində göstərilən digər qızıl əşyaları cavabdehdədir. Bu da işin həqiqi hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi üzrə tərəflər arasında yaranmış hüquq münasibəti əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, cavabdeh (qarşılıqlı iddiaçı) mülkiyyətçi olmalı, əşya digər tərəfin sahibliyində olmalı və digər tərəfin əşyaya sahiblik hüququ olmamalı, yəni sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmiş mübahisəli qızıl-zinət əşyaları həqiqi hüquq əsasında cavabdehə (qarşılıqlı iddiaçı) məxsusdur. Həmin əşyalar cavabdehin (qarşılıqlı iddiaçı) sahibliyində olmuş və həmin əşyaların mülkiyyətçisidir. Bununla belə qızıl-zinət əşyaları cavabdehin (qarşılıqlı iddiaçı) iradəsinə zidd olaraq iddiaçının (qarşılıqlı cavabdeh) sahibliyindədir. İddiaçının (qarşılıqlı cavabdeh) həmin qızıl-zinət əşyaları üzərində heç bir əşya hüququ olmamışdır. Bu səbəbdən də İddiaçının (qarşılıqlı cavabdeh) həmin qızıl-zinət əşyaları üzərində sahibliyi qanunsuzdur. Ona görə də Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları ilə bağlı tələb hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli və 4000 manat məbləğində pul cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) alınıb iddiaçıya verilməli, qarşılıqlı iddia isə qismən əsaslı olduğundan qismən təmin edilməli və qarşılıqlı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarından, 2 ədəd 585 əyarlı, 1.5 qram çəkidə qızıl sırğa istisna olmaqla, qalan qızılzinət əşyaları naturada, naturada mövcud olmadıqda isə həmin qızıl-zinət əşyalarının dəyəri iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdeh) alınıb cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) verilməlidir. Qarşılıqlı iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ilk iddia təmin edildiyindən ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı), qarşılıqlı iddia ərizəsi isə qismən təmin edildiyindən ödənilmiş 45 manat dövlət rüsumu iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) aid edilməlidir. Ona görə də cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçıdan) 15 manat məbləğində pul alınıb iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1–ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ilkin və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4– cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 4000 (dörd min) manat məbləğində pul alınıb iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 453.84 manat dəyərində, 1 ədəd 585 əyarlı, 4.9 qram çəkidə boyunbağı, 489.21 manat dəyərində, 1 ədəd 583 əyarlı, 5.3 qram çəkidə boyunbağı klonla, 509.41 manat dəyərində, 1 ədəd 585 əyarlı, 5.5 qram çəkidə boyunbağı klonla, 258.45 manat dəyərində, 1 ədəd 583 əyarlı, 2.8 qram çəkidə qadın üzüyü əyarsız (3.8-1.0), 340.4 manat dəyərində, 1 ədəd 500 əyarlı, 4.3 qram çəkidə qadın üzüyü (4.6-0.3) (583), 197.91 manat dəyərində, 1 ədəd 500 əyarlı, 2.5 qram çəkidə qadın üzüyündən (əyarsız (3.1-0.6)) ibarət qızıl-zinət əşyaları naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qızıl-zinət əşyalarının və pulun qaytarılması eyni vaxtda icra edilsin. İlkin iddia üzrə ödənilmiş 60 (altımış) manat məbləğində dövlət rüsumu cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı), Cavabdeh, qarşılıqlı iddia üzrə ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı aid edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul alınıb iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-195/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-195/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver