Məhkəmə qərarları › İş №2(051)-1972/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1972/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1972/2024 05.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 8820 manat məbləğində pulun və 109 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh uzun müddətdir ki, tanımış və normal münasibətləri olmuşdur. Belə ki, o, cavabdehə məxsus bank kartına müxtəlif vaxtlarda 2620 manat pul vəsaiti və daha sonra 2500 manat və daha sonra isə 3200 manat pul və sonra isə nootbukunu sataraq ona 500 manat pul vəsaiti vermiş, cəmi 8820 manat pul vermişdir. Onu inandırmışdır ki, vaxtında qaytaracaq. O, cavabdehdən borclu olduğu pulu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh onu aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır və razılaşmaq istədiyini bildirmək üçün zəng edərkən polis vasitəsi ilə onu hədələyir. Cavabdeh təlim keçmək üçün maşın və ipotekaya ev götürüb, kreditləri ödəmək üçün köməklik etmişdir. Cavabdehlə sevgili yox, dost olmuşlar. Cavabdeh çətin vəziyyətdə olduğunu bildirib, xahiş edib, kreditlərini ödəmək üçün köməklik göstərmişdir. Cavabdehə pulları borc məqsədi ilə vermişdir. Cavabdehin sələm borcu olub. Cavabdeh "xxxx" MMC-dən aldığı telefonu özünə almışdır, 9 ay işlədib, sata bilməyib, deyib ki, ödəyə bilmir. O götürmüşdür ki, ödəniş etsin. Telefonu cavabdehdən işlənmiş götürmüş, lakin heç bir ödəniş etməmişdir. Benzini olmayanda cavabdeh ona vatsapla səs ataraq benzin tökməyə pul istəyib. Cavabdeh özünə qəsd etməyə cəhd edib, xəstəxanaya çatdırmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əməliyyat sənədlərində göstərilən məbləğləri həqiqətən cavabdeh ona məxsus bank kartlarına köçürmüşdür. Cavabdeh borclu olduğu pulu qaytarmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və göstərdi ki, o, iddiaçı ilə sevgili olmuşdur. Bir-birlərinə maddi cəhətdən əl tuturdular. İddiaçı onun kart hesabına pul göndərdiyi kimi o da iddiaçının kart hesabına pul köçürmüşdür. Onun iddiaçıya borcu yoxdur. İddiaçı ilə münasibəti pozulduqdan sonra telefonda olan vatsap yazışmalarını silmişdir. Lakin bibisi qızını qısqanmağı barədə yazışmalar qalmışdır. İddiaçı yazışmaları silməyib. İki dəfə 1000 manat kartına pul göndərmişdir. İddiaçı "xxxx" MMC-dən onun adına telefon götürüb, sənədlər ondadır, pulu da o, ödəyir, telefon iddiaçıdadır. Telefon üçün "xxxx" MMC-yə ödənilməli olan məbləğdən 2700 manat borcu qalmışdır. O, evdə problem olmuşdu deyə, özünü narahat hiss edirdi, dərmanı çox içmişdi, xalası təzə vəfat etmişdi, onun qəbr üstünə getmişdi. Orada özünü çox pis hiss etdi, iddiaçı da ona tez-tez zəng vururdu, yerini bildirdi və yardım göstərmək üçün getmək istəməsə də, onu xəstəxanaya apardı. İddiaçı dəfələrlə elçi gəlib, bu səbəbdən qohumları onu tanıyır. İddiaçı özü işsizdir, dəfələrlə iş qurmaq üçün ondan pul istəyib, xəyalları çox, pulu yox, onun da xəyalpərəst insanla gələcəyi olmayacağı üçün ayrılmışdır. Ondan sonra iddiaçı qisas almaq üçün qərəzli olaraq ona qarşı iddia qaldırmışdır. Halbuki, onunla iddiaçı arasında borc söhbəti olmamışdır. Onlar bir-birlərinə lazım olanda pul vermiş, hədiyyə almışlar, çünki o, iddiaçı ilə çox səmimi münasibətdə olmuşdur. O, iddiaçı ilə evlənib ailə qurmaq, hətta ipoteka ilə ev almaq barədə danışmışdır. Bu hallara dair vatsap yazışmalarını iddiaçı özü təqdim etmişdir. Sonradan münasibətləri pozulduğuna görə o, iddiaçı ilə bağlı bütün vatsap yazışmalarını silmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı cavabdehə məxsus bank kartına müxtəlif tarixlərdə ümumilikdə 2620.52 manat məbləğində pul köçürmüşdür. İşdə olan Whatsapp yazışmalarından görünür ki, cavabdeh 2500 manat məbləğində pulun iddiaçı tərəfindən Eşqin adlı şəxsdən alınıb ona verildiyini etiraf etmişdir. İşdə olan Whatsapp yazışmalarından görünür ki, cavabdeh telefonu verməsi qarşılığında iddiaçıya, Eşqin adlı şəxsə və kompüter üçün pulu ödəyəcəyini bildirmişdir. İşdə olan Whatsapp yazışmalarından görünür ki, tərəflər arasında ipoteka ilə ev almaq barədə yazışmalar olmuşdur, həmçinin cavabdehin iddiaçının bibisi qızını qısqanması barədə yazışmalar mövcuddur. İşdə olan əməliyyat sənədlərindən görünür ki, cavabdeh iddiaçıya məxsus bank kartlarına ayrı-ayrı vaxtlarda ümumilikdə 1670 manat məbləğində pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş kiçik mübahisələr üzrə iddia ərizəsindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4400.93 manat (yəni 18 ay x 233.33 manat + 200.99 manat ilkin ödəniş) olan APPLE ADAPTER, İmei kodu **********29122 olan İPHONE 14 PRO markalı telefon almış və nəticədə 2820 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1837.52 manat təşkil edir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən APPLE ADAPTER, İmei kodu **********29122 olan İPHONE 14 PRO markalı telefon üçün 2563.41 manat ödənilməmiş hissə, 256.59 manat cərimə borcu olmaqla, cəmi 2820 manat borcun və 48.20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, e-2(051)-2404/2024 saylı mülki iş məhkəmənin icraatındadır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh 4400.93 manat dəyərində APPLE ADAPTER, İmei kodu **********29122 olan İPHONE 14 PRO markalı telefon almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Eləcə də «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa insan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehə 8820 manat məbləğində pulu borc olaraq verməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında evləndikdən sonra ipoteka ilə ev almaq, iddiaçının cavabdehə məxsus və yaxud cavabdehin iddiaçıya məxsus bank kartlarına müxtəlif tarixlərdə, müxtəlif məbləğlərdə pullar göndərməsi, cavabdehin iddiaçıya mobil telefon hədiyyə etməsi, hətta cavabdehin iddiaçını bibisi qızına qısqanması barədə Whatsapp yazışmaları olmuşdur. Hər iki tərəf bu faktın mövcudluğunu qəbul edir və mübahisələndirmir. Ona görə də məhkəmə həmin halı işin mübahisə edilməyən halı kimi qəbul edir və araşdırmır. Lakin cavabdehin iddiaçıdan 8820 manat məbləğində borc pul alması, ona görə də cavabdehin iddiaçıya borclu olması barədə tərəflərin izahatları ziddiyyətli olduğundan məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehə 8820 manat məbləğində borc pul verdiyini bildirmiş, cavabdeh tərəf isə həmin halı qəbul etməmiş, iddiaçının ona, onun da iddiaçıya göndərdiyi pulları sevgi münasibətlərindən irəli gələn hədiyyə kimi qəbul etmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, həmçinin müəyyən etdi ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, tərəflərin təqdim etdikləri qəbzlərə əsasən cavabdeh tərəf iddiaçıya məxsus bank kartına 2023-cü ilin aprel ayından başlayaraq, 2024-cü ilin yanvar ayına qədər müxtəlif məbləğlərdə, yəni 20 manatlıq nominalda və 1000 manat məbləğində olmaqla, cəmi 1670 manat məbləğində pul köçürmüşdür. İddiaçı isə cavabdehə məxsus bank kartına 2023-cü ilin fevral ayından başlayaraq, 2024-cü ilin yanvar ayına qədər müxtəlif məbləğlərdə, yəni 10 manatlıq nominalda və 1000 manat məbləğində olmaqla, cəmi 2620.52 manat məbləğində pul köçürmüşdür. Göründüyü kimi tərəflər arasında yaranmış münasibət borc müqaviləsi ilə bağlı olmamışdır. Belə ki, cavabdeh tərəf iddiaçı ilə aralarında səmimi sevgi münasibətinin olduğunu bildirir, iddiaçı tərəf isə yalnız dost olduqlarını qəbul edir. Lakin işin həqiqi halları onu deməyə əsas verir ki, iddiaçı ilə cavabdeh arasında səmimi sevgi münasibəti olmuşdur. Bu hal tərəflərin təqdim etdikləri və məhkəmə iclasında tədqiqi edilmiş sübutlarla, yəni Whatsapp yazışmaları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 5 illik müddətə ipoteka ilə ev almaq və ipoteka kreditini hər ikisinin qazancı hesabına ödəməyin mümkün olduğuna dair Whatsapp ani mesajlaşma xidmətində yazışmalar olmuşdur. Eləcə də tərəflərin bir-birinə göndərdiyi pul məbləğlərinin çox sayda və az miqdarda olmaları da onlar arasında mövcud olmuş münasibətin borc müqaviləsindən irəli gələn münasibət olmasını istisna edir. Belə ki, həm iddiaçı, həm də cavabdeh bir-birinə müxtəlif tarixlərdə bir neçə dəfə 10 manat, 20 manat, yalnız iki halda isə 1000 manat (bir halda cavabdeh iddiaçıya, ikinci halda isə iddiaçı cavabdehə) göndərmişdir. Eyni zamanda iddiaçı cavabdehin adına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 4400.93 manat dəyərində APPLE ADAPTER, İmei kodu **********29122 olan İPHONE 14 PRO markalı telefon almışdır. Hazırda həmin telefon iddiaçıdadır. Həmin telefonun aylıq ödənişi ödənilmədiyinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehə qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən cəmi 2820 manat borcun və 48.20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. e-2(051)- 2404/2024 saylı mülki iş məhkəmənin icraatındadır. Göründüyü kimi qeyd olunan hallar o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında nə şifahi, nə də yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Məhkəmə mübahisənin qanuni həll edilməsi ilə bağlı öz qənaətini əsaslandırmaq üçün mülki qanunvericiliyin müqavilə, müqavilə azadlığı, müqavilə öhdəliklərinin yaranmasını nəzərdə tutan bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtinə görə borc verən pulu və ya digər əvəz edilən əşyaların mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürməli, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. İddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəf iddiaçıdan borc pul aldığını etiraf etmir. İddiaçı tərəf isə həmin halı sübut edə bilmir. Belə olan halda məhkəmə hazırkı iddia tələbində qanundan irəli gələn öhdəlik hüquq münasibətlərinin, yəni Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə uyğun olaraq varlanma ilə bağlı tələbin olub-olmamasınının yoxlanılmasını da işin qanununi həll edilməsi üçün zəruri hesab edir. Belə ki, bu vəziyyətdə tərəflərin bir-birinə müxtəlif tarixlərdə pul köçürmələri sevgi münasibətlərində olmalarından irəli gəldiyindən, bu hal Mülki Məcəllənin 666-cı maddəsinə əsasən bağışlama kimi qiymətləndirilməlidir. Burada bağışlamadan imtina üçün əsaslar da yoxdur. Bunun üçün imtinanın səbəbi olmalıdır. Bu hala yalnız Mülki Məcəllənin 673.1.2-ci maddəsi qismən uyğun gəlir. Həmin maddənin tələbinə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Sevgi münasibətlərində olma Mülki və Ailə Məcəlləri ilə birbaşa tənzimlənmədiyindən, hüquqi öhdəlik yaratmır. Sevgi münasibətlərində olma, bir çox hallarda nikahın bağlanması ilə nəticələnsə də, nikahın bağlanması daim şəxsi xarakter daşıyır və tərəflərin könüllü ittifaqı kimi təzahür edir. Yəni heç kim nikah bağlamağa məcbur edilə bilməz. Belə olan halda tərəflər nikah bağlamamağa görə bir-birilərinə qarşı tələblə də çıxış edə bilməzlər. Qanunda bu qaydalardan istisna nəzərdə tutulmamışdır. Göründüyü kimi Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulmuş tələb ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri tərəfin yerinə yetirmədiyi hallara şamil edilmiş, digər hallar qanunun əhatə dairəsinə daxil edilməmişdir. Belə olan halda cavabdehə münasibətdə iddiaçının bağışlamadan imtina etməsinə əsaslar yoxdur. Eyni zamanda cavabdeh əsassız varlanmış şəxs hesab edilə bilməz, çünki onun əldə etdiyi pul vəsaitinin hüquqi əsası həmin pulun ona iddiaçı tərəfindən hədiyyə edilməsidir. Hazırda isə iddiaçı tərəf bağışlamaqdan imtina ilə bağlı tələb irəli sürməmiş, nə də həmin tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdehə münasibətdə əsassız varlanma ilə bağlı tələb istisna edildiyindən, iddia tələbində qanundan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, iddiaçının cavabdehə 8820 manat məbləğində pulu borc kimi verməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, həmçinin cavabdehə münasibətdə əsassız varlanma ilə bağlı tələb istisna edildiyindən, iddiaçının subyektiv hüququ pozulmamışdır. Ona görə də iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı 8820 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar