Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-201/2024 13.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X4 Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən ona vurmuş olduğu maddi ziyana görə 475 manat məbləğdə pulun, işləmədiyi 15 gün müddətinə ona dəymiş 450 manat maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun və avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi üçün ödənilmiş 48.96 manat məbləğində pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə yazılı ərizə təqdim edərək, Cavabdeh1 ilə bərabər, Cavabdeh2 da iddiaya cavab verməli şəxs olduğundan, onun da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, Cavabdeh2 cavabdeh qismində cəlb etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərir və avtomobilinin təkərlərini dəyişmək üçün usta yanına getmiş, usta sonradan adını bildiyi Cavabdeh2 olmuşdur, həmin şəxs təkərləri dəyişən zaman əylənc yastığı «nakladka» deyilən hissənin dəyişdirilməli olduğunu bildirmiş və o, həmin hissənin dəyişmə qaydasını bilmədiyi üçün ustadan köməklik göstərməsini xahiş etmişdir. Rauf usta Sənan adlı ustanı çağırmış, sonuncu isə əylənc yastığını «nakladkanı» dəyişmiş və ona avtomaşının hazır olduğunu demişdir. Ondan sonra hər iki cavabdeh ona gedə biləcəyini demişlər, dəfələrlə sürüb gedə biləcəyini soruşmuş və onlar heç bir problem olmadığını və sürüb gedə biləcəyini bildirdikdən sonra o, avtomobilə əyləşmiş və avtomobili işə salıb arxaya verdiyi zaman əyləc tutmamış və maşını divara çırpılmış, nəticədə maşının arxa hissəsi zədələnmiş və o, özü də dizindən xəsarət almışdır. Həmin vaxt Cavabdeh1 avtomobilinə dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Avtomobilin zədələnmiş hissəsinin təmir xərci ona 475 manata başa gəlmişdir. 15 gün ərzində taksi fəaliyyəti göstərə bilməmiş və cavabdehin günahı ucbatından ailəsini dolandırmaq üçün 450 manat məbləğində qazancından məhrum olmuşdur. Belə ki, o, “Bolt” taksi şirkətində qeydiyyatda olan taksi sürücüsüdür. Onun gündəlik gəliri 50-80 manat arasında dəyişir. Ancaq orta hesabla ayda bir günü 30-40 manat təşkil edir. Hazırda da Cavabdeh1 onun günahı ucbatından deyil, təkər ustası Cavabdeh2 günahı ucbatından avtomobilinə ziyan dəyməsini bildirir. Hər iki usta barəsində Mingəçevir ŞPŞ-yə şikayətlə müraciət etmiş və araşdırma nəticəsində mülki qaydada məhkəməyə ziyanın ödənilməsi tələbi ilə bağlı müraciət etməyi tövsiyyə olunmuşdur. O, avtomobilinə hansı ustanın günahı ucbatından ziyan dəyməsini bilmədiyi üçün ona avtomobilini təmir etdirməyə söz verən usta Cavabdeh1 qarşı iddia qaldırmışdır. Odur ki, məhkəmədən cavabdehlərdən ona vurmuş olduğu maddi ziyana görə 475 manat məbləğdə pulun, işləmədiyi 15 gün müddətinə ona dəymiş 450 manat maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun və avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi üçün ödənilmiş 48.96 manat məbləğində pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 iddia ərizəsinə qarşı etirazında, həmçinin iştirak etdiyi məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etməmiş və əlavə olaraq göstərmişdir ki, iddiaçının avtomobilinə vurulmuş ziyan onun günahı ucbatından olmayıb. İddiaçı avtomobilini təkər təmir sexinə gətirib. Təkər təmirdəkilər tanış kimi avtomobilin əyləclərini dəyişməyi xahiş edib. O da tanış olduğu üçün dəyişib təkər təmir sexinə təhvil vermişdir. Avtomobilin əyləc sisteminin cavabdehliyini onlar daşıyır, yoxlayıb təhvil verməli idilər. İddiaçı nə onun qapısına avtomobil gətirməyib, nə də ona pul verilməyib. Bu hadisədən sonra sexin qarşısında səs-küy olmuşdur. Onlar da avtomobilin arxa buferini ustaya verib düzəltdirmək istəmişlər, gecikdiyinə görə gəlib arxa buferi götürüb təhqiredici sözlər deyərək şikayət edəcəyini bildirmişdir. Buferin təmiri 100 manat ziyan edər, etməz, amma iddiaçı bildirir ki, 475 manat edir. Bundan əlavə iddiaçı taksi fəaliyyəti göstərə bilmədiyi üçün qazancından olduğunu bildirmişdir. İddiaçı taksi fəaliyyətində yox, gözəllik salonu işlədir. Taksi fəaliyyətində işləsə belə 15 günə Mingəçevir şəhərində iddia ərizəsində göstərilən məbləğdə qazanılmır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddia ərizəsinə qarşı etiraz ərizəsində, həmçinin iştirak etdiyi məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etməmiş və əlavə olaraq göstərmişdir ki, o işləyərkən iddiaçı “Kia Optima” markalı avtomobilini təkərlərini dəyişmək üçün onun yanına gətirmiş, o, təkərlərini dəyişən zaman iddiaçı ona demişdir ki, maşının əyləc yastığını dəyişmək üçün ona bir usta tapsın. O da yan sexdən usta çağırmış, usta gəlmiş, maşının əyləc yastığını dəyişib getmişdir. Usta ona heç bir söz deməmiş, yalnız əyləc sisteminin hazır olduğunu demişdir. Ondan sonra o, təkərləri dəyişib maşının üstünə bağlamışdır. İddiaçı da maşını arxaya verəndə səkiyə dəymişdir. O, təkər dəyişən işləyir, əyləc yastığı dəyişə bilmir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, iddiaçının maşınını təmir etmiş, zəhmət haqqı ilə birlikdə 500 manat pul almışdır. Maşının arxa, qabaq buferi zədəli olmuşdur. İkisini də söküb düzəltmişdir. Maşın onlarda 2 gün qalmışdır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-yə ərizə yazaraq, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri "xxxx" MMC-nin yanında “Aska” ləqəbli ustanın ona məxsus olan “Kia Optima” markalı avtomobilin əyləc sisteminin nakladka deyilən hissəsini dəyişdiyini, lakin işini düzgün görmədiyi üçün avtomobilinin əyləc sisteminin işləməyərək divara çırpıldığını, nəticədə avtomobilinin əzildiyini, ona maddi ziyan dəydiyini bildirmişdir. Cavabdeh1 iddiaçıya məxsus avtomobilin əyləc yastığını (nakladkanı) dəyişdirdiyini, Vüsalənin isə avtomobili sürüb getmək istəyərkən tormuz sistemi işləmədiyi üçün avtomobilin arxa hissəsinin barıya dəyib barının üzərinə çıxdığını, hadisənin baş verməsinə səbəb əyləc yastığını (nakladkanı) dəyişdikdən sonra tormuz sistemini yoxlamaq lazım olduğunu etiraf etmiş, X1 məlumatı əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. İşdə olan Lada MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, “Kia Optima” markalı **-XN-*** dövlət nömrə nişanlı avtomobilin təmirinin cəmi dəyəri 475 manat təşkil edir. İşdə olan Lada MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çekdən görünür ki, 48.96 manat məbləğində pul MMC-yə ödənilmişdir. İş materiallarına əlavə edilmiş sürücülərin əməkdaşlığa dəvət edilməsi ilə bağlı elandan görünür ki, zəmanətli qazanc 30 manat göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli fəaliyyət növü barədə məlumatdan görünür ki, fəaliyyət növü barədə müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********239500 nömrəli) aidiyyəti üzrə 11 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə ********** saylı VÖEN-lə vergi uçotuna alınmış və əsas fəaliyyət kodu 5610301çayxanalar tərəfindən xidmətlərin göstərilməsi, əlavə fəaliyyət kodu isə 4932001-Taksi fəaliyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdehlər tərəfindən vurulmuş ziyanın dəyərini, işləmədiyi günlərdə ona dəymiş ziyanın dəyərini və avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi üçün pul ödəməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı avtomobilinin təkərlərini dəyişmək üçün cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 müraciət etmiş, o, təkərləri dəyişən zaman əyləc yastığının (nakladkanın) dəyişdirilməli olduğunu bildirmiş və iddiaçı həmin hissənin dəyişmə qaydasını bilmədiyi üçün Cavabdeh2 köməklik göstərməsini xahiş etmişdir. Sonuncu isə Cavabdeh1 çağırmışdır. Cavabdeh1 isə iddiaçının avtomobilinin əyləc yastığını dəyişmiş və öz işlədiyi yerə getmişdir. Ondan sonra cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 avtomobilin təkərlərini dəyişmişdir. Avtomobilin əyləc yastıqları və təkərləri dəyişdikdən sonra iddiaçı avtomobilə əyləşmiş və avtomobili işə salıb arxaya verdiyi zaman əyləc tutmamışdır. Əyləc yastığını (nakladkanı) dəyişdikdən sonra tormuz sistemini yoxlamaq lazım olduğu halda yoxlanılmamışdır. Məhkəmə iclası zamanı bu faktların mövcudluğu tərəflərin izahatları və təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından, məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Belə ki, Cavabdeh1 Mingəçevir ŞPŞ-nin TB-də verdiyi izahatında iddiaçıya məxsus avtomobilin əyləc yastığını (nakladkanı) dəyişdirdiyini, iddiaçının isə avtomobili sürüb getmək istəyərkən tormuz sistemi işləmədiyi üçün avtomobilin arxa hissəsinin barıya dəyib barının üzərinə çıxdığını, hadisənin baş verməsinə səbəb əyləc yastığını (nakladkanı) dəyişdikdən sonra tormuz sistemini yoxlamaq lazım olduğunu etiraf etmişdir. Bu hallar cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda da öz əksini tapmışdır. Lakin iddiaçı avtomobilə vurulmuş ziyanın ödənilməsi ilə bağlı 475 manat, işləmədiyi 15 gün müddətinə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı 450 manat, avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi üçün ödənilmiş 48.96 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair tələb irəli sürmüşdür. Cavabdeh1 isə iddiaçının avtomobilinin əyləc yastığını (nakladkanı) dəyişdiyini, iddiaçının avtomobilini təkər təmir sexinə gətirdiyini, əyləc yastığını (nakladkanı) dəyişib təkər təmir sexinə təhvil verdiyini, avtomobilin əyləc sisteminin cavabdehliyini onların daşıdığını, iddiaçının tələb etdiyi 475 manatla razı olmadığını, iddiaçının taksi fəaliyyəti göstərə bilmədiyi üçün tələb etdiyi 450 manatla da razı olmadığını bildirmişdir. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 iddiaçının avtomobilini təkərlərini dəyişmək üçün onun yanına gətirdiyini, maşının əyləc yastığını yan sexdən çağırdığı ustanın gəlib dəyişib getdiyini, əyləc yastığı dəyişə bilmədiyini bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud olmuş hüquq münasibətinin xarakteri müəyyən edilməli, həmçinin həmin münasibətlərdən irəli gələn tələbin qanuni əsaslarına görə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və yaxud həmin hüququn cavabdehlər tərəfindən pozulub-pozulmaması araşdırılmalıdır. Məhkəmə iddiaçı ilə cavabdehlər arasında öhdəlik hüquq münasibətinin mövcud olub-olmaması ilə bağlı qənaətə gəlir ki, iddiaçı ilə cavabdehlər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətinin yaranması mövcud olsa da, həmin müqavilə üzrə iddiaçının subyektiv hüququ yalnız Cavabdeh1 tərəfindən pozulmuş, lakin cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 tərəfindən onun subyektiv hüququ pozulmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı özünə məxsus avtomobilin şinlərini dəyişdirmək üçün cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 müraciət etmiş, həmin vaxt avtomobilin əyləc yastıqlarının dəyişdirilməsi zərurəti yaranmışdır. Ona görə də iddiaçı Cavabdeh2 həmin hissələrin də dəyişdirilməsini xahiş etmiş, lakin sonuncu avtomobilin əyləc sistemi üzrə zəruri biliklərə malik olmadığına görə qonşuluqda işləyən, iş üzrə Cavabdeh1 müraciət etmiş, Cavabdeh1 da iddiaçı ilə muzd müqabilində razılaşmış və avtomobilin əyləc yastıqlarını dəyişmiş, lakin cavabdeh əyləc yastıqlarını dəyişdikdən sonra mexaniki hərəkətlə əyləc sisteminin maye ilə doldurulmasını təmin etməmiş, nə də həmin işin görülməsinin zəruriliyini iddiaçıya və yaxud Cavabdeh2 izah etməmişdir. Nəticədə, avtomobilin əyləc sistemi işlək vəziyyətdə olmamışdır. Ona görə də iddiaçı avtomobilini hərəkət etdirdikdən sonra qəza törətmişdir. Bununla da Cavabdeh1 iddiaçı tərəfindən verilmiş sifarişi tam və qüsursuz yerinə yetirməmiş və iddiaçı maddi zərərə məruz qalmışdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən podrat və tapşırıq müqavilələri haqqında mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi sadalanan mülki hüquq normalarında fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olması, sadə yazılı müqavilənin imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilənin isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılması müəyyən edilmiş, lakin şifahi formada müqavilənin bağlanması anının isə tərəflərin qarşılıqlı münasibətindən, davranışından və rəftarından asılı olduğu göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında yazılı və ya notarial qaydada təsdiqlənməli olan müqavilənin bağlanması istisna edilsə də, iddiaçı ilə cavabdehlər arasında şifahi formada podrat müqaviləsinin şərtlərinə uyğun razılaşma mövcud olmuşdur. Belə ki, iddiaçı avtomobilinin şinlərinin dəyişdirilməsi üçün Cavabdeh2la, əyləc yastıqlarının dəyişdirilməsi üçün isə Cavabdeh1 ilə muzd müqabilində razılaşmışdır. Bununla da onlar arasında şifahi formada əvəzli podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqaviləsi üzrə Cavabdeh2 sifarişi qüsursuz şəkildə yerinə yetirmiş, lakin Cavabdeh1 sifarişi icra edərkən podratın nəticəsi qüsurlu olmuşdur. Hər iki halda iddiaçı razılaşdırılmış muzdu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-ci maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2 və 779.2.1-ci maddələrinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir. Göründüyü kimi qanunverici podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericiliyin yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilməsini mümkün hesab etmişdir. Belə olan halda məhkəmə qənaətə gəlir ki, podratçının müqavilədə nəzərdə tutulan işi qüsursuz icra etmək vəzifəsi müəyyən edildiyindən, sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi, həmçinin tapşırığı ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində dəyən zərər üçün məhz podratçı və yaxud vəkalət alan məsuliyyət daşımalıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh1 iddiaçıya məxsus avtomobilin əyləc yastığını (nakladkanı) dəyişdirmişdir. Əyləc yastığını (nakladkanı) dəyişdikdən sonra əyləc sistemini yoxlamaq vəzifəsi olmasına baxmayaraq, bunu etməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh1 işi ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Bu hal Mingəçevir ŞPŞ-də aparılmış araşdırma zamanı Cavabdeh1 izahatında öz əksini tapmışdır. Göründüyü kimi avtomobilin əyləc yastığını (nakladkanı) dəyişdikdən sonra əyləc sistemini yoxlamaq Cavabdeh2 deyil, Cavabdeh1 vəzifəsi olmuşdur. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 isə sözügedən avtomobilin təkərlərini dəyişərkən öz işini qüsursuz yerinə yetirmişdir. Ona görə də iddia tələbi cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 münasibətdə əsaslı deyildir. Məhkəmə hesab edir ki, iddiaçı avtomobilə vurulmuş ziyanın təsdiq edilməsi üçün nəqliyyat vasitəsinin təmirinə dair smeta təqdim etmiş, bununla da “Kia Optima” markalı **- XN-*** dövlət nömrə nişanlı avtomobilin təmirinin cəmi dəyərinin 475 manat təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh tərəf isə öz etirazının əsası kimi heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə avtomobilə vurulmuş ziyanın məbləğinin 475 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Məhkəmə iddianın iddiaçının işləmədiyi 15 gün müddətinə ona dəymiş 450 manat maddi ziyan tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı ********** saylı VÖEN-lə vergi uçotuna alınmış və əsas fəaliyyət kodu 5610301çayxanalar tərəfindən xidmətlərin göstərilməsi, əlavə fəaliyyət kodu isə 4932001- Taksi fəaliyyətidir. Sürücülərin əməkdaşlığa dəvət edilməsi ilə bağlı elanda isə zəmanətli qazancın 30 manat olduğu göstərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞyə ərizə yazaraq, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri "xxxx" MMC-nin yanında “Aska” ləqəbli ustanın ona məxsus olan “Kia Optima” markalı avtomobilin əyləc sisteminin nakladka deyilən hissəsini dəyişdiyini, lakin işini düzgün görmədiyi üçün avtomobilinin əyləc sisteminin işləməyərək divara çırpıldığını, nəticədə avtomobilinin əzildiyini, ona maddi ziyan dəydiyini bildirmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində iddiaçı taksi fəaliyyəti göstərə bilməmişdir. Həmin müddət də 14 günü əhatə etdiyindən, məhkəmə ziyanın məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 450 manat deyil, yalnız işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, bir günü 30 manat hesablanmaqla, 420 manat məbləğində qismən əsaslı hesab edir. Avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi üçün ödənilmiş 48.96 manat məbləğində pul ilə bağlı məhkəmə hesab edir ki, bununla bağlı iddiaçı Lada MMC-yə həmin pulun ödənilməsini təsdiq edən çek təqdim etdiyindən iddia bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsin görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. “Kia Optima” markalı **-XN-*** dövlət nömrə nişanlı avtomobilin təmirinin cəmi dəyəri 475 manat təşkil edir. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Bu da onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya vurduğu maddi ziyanı tam həcmdə ödəməlidir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, cavabdeh iddiaçıya maddi zərər vurduğuna görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçının cavabdehə qarşı həmin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 475 manat, işləmədiyi 14 gün üçün dəymiş maddi zərərə görə 420 manat məbləğində pul, avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi üçün ödənilmiş 48.96 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 dəymiş maddi zərərə görə 475 (dörd yüz yetmiş beş) manat, işləmədiyi 14 gün üçün dəymiş maddi zərərə görə 420 (dörd yüz iyirmi) manat, cəmi 895 (səkkiz yüz doxsan beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh1 avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi üçün ödənilmiş 48.96 (qırx səkkiz manat doxsan altı qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-201/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-201/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver