Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2026/2022 24.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 1200 manat məbləğində pulun və ödənilmiş 32 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə yaxşı münasibətdə olmuşdur. 2021-ci ilin may ayında cavabdeh ona 1200 manat borc pul verməsi üçün müraciət etmiş və borcunu vaxtında qaytaracağını vəd etmişdir. Ancaq bir müddət keçəndən sonra borcu qaytarmağını tələb etsə də, cavabdeh borcunu hələ də qaytarmamışdır. Cavabdeh iddiaçı ilə əlaqə saxlayan zaman ona olan borcunu da qəbul edir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia qəbul etmədi və bildirdi ki, onun iddiaçıya olan borcu 1200 manat deyildir, Belə ki iddiaçıdan 425 manat borc almışdır. Onun 300 manatını tam ödəmişdir. Qalan 125 manatı isə hissə-hissə ödəməyə razıdır. İddiaçı ödədiyi məbləği 4 ay ərzində hər ay 75 manat olmaqla kartdan çəkmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi haqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, ancaq iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hər tərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 1200 manat məbləğində borc pul verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların, cavabdehin izahatının, habelə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı tərəfindən cavabdehə 1200 manat məbləğində borc pul verilməsi ilə bağlı tərəflərin izahatı ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclası zamanı cavabdehə 1200 manat məbləğində borc pul verildiyini bildirmiş, cavabdeh isə iddiaçı tərəfindən ona verilən pulun məbləğinin 1200 manat olması ilə razılaşmamış, sözügedən məbləğin 425 manat olduğunu və 300 manatının tam ödənildiyini bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə ki, iş materiallarında olan telefon vasitəsi ilə aparılmış danışıqların səs yazılarından görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 1200 manat məbləğində pul cavabdehin diqqətinə çatdırılmış, cavabdeh isə bunu inkar etməməklə iddiaçıya öz razılığını bildirmişdir. Həmçinin həmin yazışmaların ümumi mətninə nəzər yetirdikdə müəyyən edilir ki, iddiaçı cavabdehdən pulunu tələb etmiş, ona vaxt verdiyini və şərait yaratdığını bildirmiş, müxtəlif məzmunlu suallar ünvanlamış və cavabdeh tərəfindən razılıq almışdır. Ona görə də məhkəmə, telefon vasitəsi ilə aparılmış danışıqların səs yazılarını əks etdirən diski sübut növü kimi qəbul edir və nəzərə alır. Bununla yanaşı məhkəmə, cavabdeh tərəfin öz etirazlarının əsası kimi istinad etdiyi dəlilləri işin faktiki hallarına münasibətdə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli Plenum Qərarına əsasən, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsi ilə əlaqədar olaraq borcla bağlı mübahisədir. Ona görə də mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən əmələ gələn öhdəlikləri tənzimləyən hüquq normaların tətbiq edilməsi əsasında həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1+–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740–cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Göründüyü kimi sadalanan mülki hüquq normalarında qanunverici, fiziki və hüquqi şəxslərin qanunvericiliyə zidd olmayan müqavilələri azad surətdə bağlamaq hüquqlarının olmasını, sadə yazılı müqavilənin imzalandığı, şifahi əqdi isə şəxsin rəftarından məlum olduğu andan bağlanmış sayılmasını müəyyən etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehə 1200 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə həmin pulu iddiaçıdan almış və borcu qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yarandığından, iddia iddia təmin edilməli, 1200 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-2026/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2026/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver