Məhkəmə qərarları › İş №2(051)-203/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-203/2025

26.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-203/2025 26.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlaka payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlaka payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış mənzilinin bütövlükdə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Daha sonra iddiaçıların nümayəndəsi Vəkil ərizə verərək, ünvan 1 ünvanında yerləşən yaşayış mənzilinin bütövlükdə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməklə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi belə əsaslandırılmışdır ki, anaları X10 xx.xx.2007-ci ildə vəfat etmişdir. Ondan bir otaqdan ibarət mənzil miras qalmışdır. Həmin mənzil xx.xx.2024-cü ildə ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ əsasında Aliyənin adına qeydiyyata alınmış və mənzilə dair çıxarış verilmişdir. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən analarının 8 övladı olmuşdur. Onlardan hazırda 6 nəfəri yaşayır, 2 nəfəri isə vəfat etmişdir. X3 analarından əvvəl xx.xx.1996-cı ildə vəfat etmişdir. X1 xx.xx.1975-ci ildə, X19 xx.xx.1995-ci ildə xəstəlik səbəbindən vəfat etmişdir. xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1 Göyçay rayonunun Çaxırlı kəndində, Cavabdeh2 Bərdə rayonunun Otuzikilər kəndində, Cavabdeh3 Rusiya Federasiyasında ailəsi ilə birlikdə yaşayırlar. Miras əmlakın olduğu ünvanı analarının sağlığında tərk etmişlər, sonralar miras əmlakla heç bir bağlılıqları olmamış, mirası qəbul etməmiş və belə bir təşəbbüs də göstərməmişlər. İddiaçılar qismində mirasqoyanla birlikdə onlar, onun vəfatından sonra isə daimi olaraq mübahisəli mənzildə yaşamışlar. Miras mənzilin bütün idarəçiliyi, saxlanması onlar tərəfindən həyata keçirilmiş və hazırda da bu hal davam etməkdədir. Miras əmlakla bağlı notariusa müraciət etmiş, onlara xx.xx.2024-cü il tarixli, 1417 saylı məktubla məhkəməyə müraciət etməsi barədə cavab verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, atasının və anasının sağlığında ailə qurub Göyçay rayonu, Çaxırlı kəndinə köçmüşdür. Anasının sağlığında anasına Tamella baxmışdır. Anası vəfat edəndə yası Tamella götürmüşdür. İlqar və Nazilə doğulandan həmin mənzildə yaşayır. Anasının sağlığında və öləndən sonra evin ehtiyaclarını Tamella, İlqar və Nazilə qarşılamışdır. Bacısı Nailə atasının-anasının sağlığında ailə qurub Bərdə rayonunun Otuzikilər kəndinə köçmüşdür. Fatma 1979-cu ildən ailə qurub Rusiyaya köçüb. Atası Yusif, qardaşları Yunis və Yaşar anasının sağlığında vəfat etmişlər. Ona görə də qeyd olunan mənzilin Tamella, İlqar və Nazilənin adına keçməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, atasının və anasının sağlığında ailə qurub Bərdə rayonunun Otuzikilər kəndinə köçmüşdür. Anasının sağlığında anasına Tamella baxmışdır. Anası vəfat edəndə yası Tamella götürmüşdür. İlqar və Nazilə doğulandan həmin mənzildə yaşayır. Anasının sağlığında və öləndən sonra evin ehtiyaclarını Tamella İlqar və Nazilə qarşılamışdır. Bacısı Kamilə atasının-anasının sağlığında ailə qurub Göyçay rayonu, Çaxırlı kəndinə köçmüşdür. Fatma 1979-cu ildən ailə qurub Rusiyaya köçüb. Atası Yusif, qardaşları Yunis və Yaşar anasının sağlığında vəfat etmişlər. Ona görə də qeyd olunan mənzilin Tamella, İlqar və Nazilənin adına keçməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-T 096272 №li xx.xx.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1962-ci il tarixdə Yevlax rayon, Aşağı Bucaq kəndində doğulmuşdur. X8, anası X7r. xx.xx.2024-cü il tarixli ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. 106740 №li xx.xx.1971-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1971-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X8, anası X9. xx.xx.2024-cü il tarixli ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə 14 saylı MİS tərəfindən verilmiş 14 №li arayışlardan görünür ki, İddiaçı1 və İddiaçı3 qeydiyyatsız, İddiaçı2 isə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayırlar. Hüquqların dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 28.6 kv.m. olan mənzil tam payla xx.xx.2024-cü ildən ********** qeydiyyat nömrəsi ilə X5 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli Mingəçevir Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1930-cu il tarixdə Yevlax rayonu, Bucaq kəndində anadan olmuş X2 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024-ci ilədək aparılmış və əri X12 (vəfat edib), qızı Cavabdeh3, oğlu X18 (vəfat edib), qızı X13, qızı X17, oğlu X19 (vəfat edib), oğlu İddiaçı2, qızı X11 və qızı İddiaçı3 olması aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli 1417 №li Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən X14 verilmiş cavab məktubundan görünür ki, mirasın bölüşdürülməsi haqqında mübahisənin həll olunanadək vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamış, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. AZ-İ № 243841 saylı xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. AZ-İİ № 410214 saylı xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1996-cı il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X19 xx.xx.1995-ci il tarixdə Rusiya Federasiyası, Şelkovo şəhərində vəfat etmişdir. AZ-İİ № 408382 saylı xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində vəfat etmişdir. İşin müəyyən olunmuş halları: Miras qoyan 2007-ci ildə ölmüşdür. O, öldükdə qanun üzrə birinci növbə vərəsələrdən uşaqları Fatma, Tamella, Nailə, Kamilə, İlqar, Nazilə sağ olmuşlar. Miras qoyanın ölümündən sonra miras əmlaka faktiki olaraq Tamella, İlqar, Nazilə sahiblik etmiş və əmlakı idarə etmişlər. Digər vərəsələr həmin vaxt notariat ofisinə mirası qəbul etdikləri barədə ərizə verməmiş və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamamışlar. Qeyd olunan mənzilə dair çıxarış şəxs öldükdən sonra 2024-cü ildə alınmışdır. Ondan sonra Tamella vərəsəlik şəhədatnaməsi alınması üçün notariat orqanına müraciət etmişdir. Notariat orqanı tərəfindən vərəsələr arasında ixtilaflar olması səbəbindən məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 28 dekabr 2023-cü il tarixədək qüvvədə olan: 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Miras qoyan 2007-ci ildə öldüyündən mirasın qəbulu məsələsi 2023-cü ilin dekabrından əvvəlki qaydada tənzimlənməlidir. Şəxs öləndə qeyd olunan mənzilə iddiaçlar tərəfindən sahiblik edildiyindən və mənzil onlar tərəfindən faktiki idarə edildiyindən həmin mənzilə iddiaçıların bərabər payları müəyyən edilməlidir. Bununla yanaşı cavabdehlər Cavabdeh1, Cavabdeh2 miras əmlakın iddiaçılar arasında bölüşdürülməsinə etiraz etməmişlər. Digər tərəfdən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin evi analarının sağlığında tərk etmişlər. Onlar mirası faktiki olaraq idarə etməmiş, ona sahiblik etməmişlər. Eyni zamanda onlar mirasın qəbulu ilə bağlı qanunla nəzərdə tutulmuş müddət ərzində notariat orqanına müraciət etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 28.60 kv.m olan mənzilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinə 1/3 hissədə pay müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 1 (Yeni qaydalarla: AZ 4507, Mingəçevir şəhəri, Nəriman Nərimanov prospekti, 80, M1, m3) ünvanında yerləşən 1 otaqdan ibarət ümumi sahəsi 28.60 kv.m olan mənzilə 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 və 1/3 hissədə İddiaçı3 payı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar