Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2032/2021 12.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2.400 (iki min dörd yüz) ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mərhum qızı İlhamə 1991-ci ildə cavabdehlə ailə həyatı qurmuşdur. Bir müddət mənzil şəraitləri çətin olduğu üçün valideynlərinin evində yaşamışdılar. Lakin sonralar torpaq sahəsi əldə etdikləri üçün ev tikdirməyə başladılar. Cavabdeh dəfələrlə, evin tikilməsi üçün ondan pul istəmişdir, o da gücü çatan qədər köməklik etmişdir. 2018-ci ildə cavabdeh evin daxili və xarici təmiri üçün ondan 4000 (dörd min) manat pul istəmiş və ona pulun təcili lazım olduğunu, əgər özündə yoxdursa, belə olan halda Rusiya Federasiyasında yaşayan qızı Zibadan istəməsini demişdir. O da qızı İlhamənin evində söz-söhbət olmasın deyə, qızı Zibadan cavabdehə lazım olan 4000 manat pul istəmişdir. Onun bu xahişindən sonra qızı Ziba ona oradan borc alıb göndərəcəyini demiş, lakin həmin pulu bir müddət sonra qaytarmaq lazım olduğunu bildirmişdir. Bunun müqabilində 2019-cu ilin yay aylarında Rusiyadan gələn (adı yadında olmayan) Mingəçevir şəhər sakininin vasitəsilə qızı Ziba 2400 ABŞ dolları məbləğində pulu ona göndərmişdir. O, da həmin pulu qısa müddətdə qaytarmaq şərtilə keçmiş kürəkəni olan cavabdehə vermişdir. Cavabdeh aldığı pulu 6 ay müddətində ona qaytaracağına söz vermişdir. O cavabdehə həmin 2400 ABŞ dollarını bacısı Qeydafənin yanında vermişdir. Lakin qızı İlhamə onkoloji xəstə olduğu üçün və başı onun xəstəliyinə qarışdığından, cavabdehə verdiyi pulu deyilən vaxtda alıb qaytara bilməmişdir. Qızı İlhamənin xəstəliyi günü-gündən daha da ağırlaşdığından, bütün fikri qızına yönəlmişdir. 2020-ci ilin əvvəlində qızı ağır onkoloji xəstəlikdən vəfat etmişdir. 2020-ci ilin ortalarında cavabdehə aldığı pulu qaytarmaq lazım olduğunu bildirdikdə, cavabdeh ilk vaxtlar ona qısa müddət ərzində borcunu qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh borcunu qaytarmamışdır. O, sonuncu dəfə pulu ondan istədikdə, cavabdeh onu təhqir etməklə yanaşı, ona heç bir borcu olmadığını və İlhamə öldükdən sonra hərşeyin bitdiyini bildirmişdir. Cavabdeh aldığı borcu qaytarmadığı üçün Mingəçevir şəhər Prokurorluğuna və şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin orqanlar isə ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyək bildirdi ki, iddiaçı onun keçmiş qayınanasıdır. Mərhum arvadı İlhamə onkoloji xəstəlikdən əziyyət çəkdiyindən, 2020-ci ilin əvvəllərində vəfat etmişdir. Evini öz vəsaiti hesabına təmir etmişdir. O, heç vaxt iddiaçıdan borc pul almamışdır. Bundan əlavə mərhum arvadının müalicəsi üçün atasına məxsus olan evi satmış və onun müalicəsinə xərcləmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, habelə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin evini təmir etdirmək məqsədi ilə iddiaçıdan 2.400 ABŞ dolları məbləğində borc pul almasını sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehin keçmiş qayınanasıdır. Lakin cavabdehin iddiaçıdan evinin təmiri üçün 2400 ABŞ dolları borc pul alması, ona görə də cavabdehin iddiaçıya 2.400 ABŞ dolları məbləğində borclu olması barədə tərəflərin izahatları ziddiyyətli olduğundan məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehə evinin təmiri məqsədi ilə 2.400 ABŞ dolları məbləğində borc pul verdiyini bildirmiş, cavabdeh tərəf isə həmin halı qəbul etməmişdir. Belə olan halda iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi daşıyır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə iddiaçıya öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün sübutlar təqdim etməsini təklif etmiş, lakin iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının göstərdiyi hallar öz izahatından başqa heç bir sübutla təsdiq olunmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında nə şifahi, nə də yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Məhkəmə mübahisənin qanuni həll edilməsi ilə bağlı öz qənaətini əsaslandırmaq üçün mülki qanunvericiliyin müqavilə, müqavilə azadlığı, müqavilə öhdəliklərinin yaranmasını nəzərdə tutan bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtinə görə borc verən pulu və ya digər əvəz edilən əşyaların mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürməli, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. İddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəf iddiaçıdan evində təmir işləri görməsi üçün borc pul aldığını etiraf etmir. İddiaçı tərəf isə həmin halı sübut edə bilmir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, həmçinin iddiaçının cavabdehə 2400 ABŞ dolları məbləğində borc pul verməsi öz təsdiqini tapmadığından, iddiaçı hazırkı tələbi irəli sürərəkən subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddianı irəli sürərkən subyektiv hüquqa malik olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı 2.400 (iki min dörd yüz) ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2032/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2032/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver