Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2041/2022 23.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi,Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Mingəçevir şəhər “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Mingəçevir şəhər “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında İddiaçı nümayəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.1969-cu ildə X15 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.1969-cu ildə Cavabdeh3, xx.xx.1975-ci ildə X16, xx.xx.1971-ci ildə X9, xx.xx.1973-cü ildə X10 və xx.xx.1972-ci ildə Cavabdeh2 adlı beş nəfər uşaqları ölüşdür. Uşaqların hər biri ailə qurmuş, hər birinin ayrı-ayrılıqda yaşayış evləri var və öz ailələri ilə birlikdə yaşayırlar. İddiaçının əri Ramiz Hüseynov xx.xx.2015-ci ildə vəfat etmişdir. İddiaçı əri ilə birgə nikahda olduqları müddətdə Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 №-li evin 34 №-li mənzilini almışlar. İddiaçı ərinin sağlığında əri ilə birlikdə, ərinin ölümündən sonra isə özü həmin mənzildə yaşamışdır və hazırda da həmin mənzildə yaşayır. Mənzil iddiaçının ərinin adına qeydə alınmışdır. İddiaçı mənzildə yaşadığına görə ərinin ölümündən sonra üzrlü səbəbə görə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariusa müraciət etməmişdir. Sonra Mingəçevir “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş, imtina məktubundan imtinanın səbəbi kimi mirasın bölüşdürülməsi barədə vərəsələr arasında mübahisə olması göstərilmişdir. X1, Seyidova(Hüseynova) Xalidə Ramiz qızı və X10 notarial qaydada təsdiq edilmiş ərizə verərək mirası qəbul etmədiklərini, mirası qəbul etmək niyyətində də olmadıqlarını bildimişlər. Lakin digər vərəsələr, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mirasın yalnız iddiaçı tərəfindən qəbul edilməsi ilə bağlı iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razılıq veməmişlər. Eləcə də digər cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi həmin vərəsələrin razılığı olmamasını əsas göstərərək iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Hesab edir ki, mirasın yalnız iddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilməli və iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Ona görə ki, ərinin ölümündən sonra vərəsə kimi yalnız iddiaçı miras mənzildə yaşamaqla, mənzili idarə etməklə, qoruyub saxlamaqla mirası faktiki olaraq qəbul etmişdir. Digər vərəsələr, eləcə də cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə atasının ölümündən sonra mənzildə yaşamamışlar, mənzilin qorunub saxlanmasında iştirak etməmişlər, mənzildə qeydiyyatda yoxdular və ya mənzildə hər hansı bir əşyaları yoxdur, eləcə də mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə verməmişlər. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, həqiqətən də atasının adına qeydə alınmış mənzildə yaşamamışdır, uzun müddətdir ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır, özünəməxsus fərdi yaşayış evi var. Atasının ölümündən sonra da atasından miras qalmış mənzildə yaşamamış, həmin mənzildə qeydiyyatda deyil, mənzildə hər hansı bir əmlakı da yoxdur. Eləcə də atasından qalmış mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna ərizə verəmimişdir. Ona görə ki, atasından miras qalmış mənzilə onun ehtiyacı yoxdur. 2020-ci ildə oğlu vəfat etmiş, vəfat etmiş oğlu barədə anası, qardaşı xoşagəlməz söz demiş, bu səbəbdən də aralarındakı münasibətlər pozulmuşdur. Ona görə də atasından miras qalmış mənzilin vərəsə kimi yalnız anası tərəfindən qəbul edilməsinə razılıq ərizəsi verməmişdir və vermək istəmir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, uzun müddətdir ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır, ona, ailə üzvlərinə məxsus yaxşı şəraiti olan fərdi yaşayış evi var. O, atasının ölümündən sonra atasından miras qalmış mənzildə yaşamamış, həmin mənzildə hər hansı bir əşyası yoxdur, mənzildə qeydiyyatda yoxdur və ya atasından qalmış mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Ona görə ki, atasında miras qalmış mənzilə ehtiyacı yoxdur. Lakin son vaxtlar anası və qardaşı ilə münasibətləri pisləşdiyinə görə o, miras mənzilin anasının adına keçməsinə razılıq ərizəsi vermir. Qardaşının ehtiyacı olduğu vaxt ona vermiş olduğu qızılın qaytarılmasını da tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Mingəçevir regional ”Asan xidmət” Mərkəzində notariat ofisinə məhkəmə bildirişi göndərilmiş, lakin onun nümyəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, uzun müddətdir iddiaçı X13 ilə qonşudur. İddiaçı Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 №-li evin 18 №-li mənzilində əri Ramiz kişi ilə birlikdə yaşayırdı. Ərinin ölümündən sonra da həmin mənzildə İddiaçı tək yaşayır. Uşaqlarının, eləcə də cavabdelər Malik və Təranə adlı uşaqlarının həmin mənzildə yaşadıqlarını görməmişdir. X2 da məhkımə iclasında X3nun ifadəsinə uyğun ifadə verərək iddiaçı ilə uzun müddət qonşu olduğunu, iddiaçı Şükufə Nəsirovanın əri Ramiz kişi ilə birlikdə Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 №-li evin 34 №-li mənzilində yaşadığını, ərinin ölümündən sonra da hazırda da iddiaçının həmin mənzildə yaşadığını, onların uşaqlarının, eləcə də cavabdehlərin həmin mənzildə yaşamadıqlarını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Qeydiyyat vəsiqəsinin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 №-li evin 34 №-li mənzili 18 mart 1996-cı ildə X6 adına qeydə alınmışdır. İşdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı arasında 21 mart 1969-cu ildə Cəbrayıl rayon VVADQ şöbəsində nikah qeydə alınmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 13 iyun 2015-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Mingəçevir şəhər Qeydiyyat şöbəsindən verilmiş 23 avqust 2022-ci il taixli arayışdan görünür ki, X6 vərəsələri arvadı İddiaçı, oğlanları X17, Cavabdeh3, qızları X9, X10, Cavabdeh2dır. İşə əlavə olunmuş Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisində iddiaçı X7 cavab məktubunda göstərilir ki, mirasın bölüşdürülməsi ilə bağlı mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsi veilməsi mümkün deyildir. İşə əlavə edilmiş məhkəmənin sorğusuna Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisinin 26 oktyabr 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, xx.xx.2015-ci ildə vəfat etmiş X5 qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. İşə əlavə edilmiş X17, X14 və X8 notariat qaydada təsdiq olunmuş ərizələrində göstərilir ki, xx.xx.2015-ci il tarixdə ölmüş ataları X6 ölümündən sonra mirası, nədə ifadə olunmasında və harada olmasından asılı olmayaraq qəbul etməmişlər, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşlər, gələcəkdə mirasın qəbul edilmə müddətinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklər. İşə əlavə olunuş 9 saylı MİS-in əməkdaşlarının və qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilir ki, Cavabdeh2 və Cavabdeh3 mərhum X6 mülkiyyətində olan M.Hüseyn küçəsi 10 №-li evin 34 №-li mənzilində yaşamırlar və qeydiyyatda yoxdular. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1157.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, arvad(ər), valideynlər bərabər hüquqlu, birinci növbəli vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən qanunvericilik normalarından göründüyü kimi vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Ya mirasın açılması, ya da şəxsin vərəsəlik hüququ əldə etməsi mirası əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız mirası əldə etmək imkanı verir. Hər hansı bir şəxs tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və ya hərəkətləri ilə nümayiş etdirsin. Mirası qəbul etmək qanunvericiliklə nəzərdə tutulduğu qaydada, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 №-li evin 34 №-li mənzili X6 mülkiyyətində olmuşdur. Ramiz Hüseynov xx.xx.2015-ci ildə vəfat etmişdir. İddiaçı və cavabdehlər Ramiz Hüseynovun qanun üzrə birinci növbəli vərəsələridir. İddiaçı əri, miras qoyan Ramiz Hüseynovla birlikdə qeyd edilən mənzildə yaşamış, ərinin ölümündən sonra da həmin mənzildə yaşamaqla, əmlaka sahiblik etməklə, əmlakı idarə etməklə mirası faktiki olara qəbul etmişdir. Lakin digər vərəsələr, eləcə də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada, ya notariat kontoruna ərizə verməklə, ya da əmlakı idarə etməklə mirası qəbul etməmişlər. Cavabdehlər iddia tələbinə dair etiraz etsələr də qanunla müəyyən edilmiş qaydada mirası qəbul etdiklərini və ya üzrlü səbəbdən mirası qəbul etmək imkanı olmadığını təsdiq edən sübutu məhkəməyə təqdim etmədilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı əri X5 miras qalmış Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 №-li evin 34 №-li mənzilin miras əmlak kimi yalnız iddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. X5 miras qalmış Mingəçevir şəhəri M.Hüseyn küçəsi 10 №-li evin 34 №-li mənzilinin miras əmlak kimi yalnız İddiaçı tərəfindən qəbul olunması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-2041/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2041/2022
23.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver