Məhkəmə qərarları › İş №2(051)-2044/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2044/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2044/2021 23.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 1098.5 manat əsas, 194.37 manat cərimə borcu olmaqla, ümumilikdə 1292.87 manat borcun və 20 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 17.05.2019-cu il tarixli, MHDK00658 saylı və 18.07.2019-cu il tarixli MHDK00853 nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı cavabdehə ilkin ödəniş məbləği daxil olmaqla 917 manat və 1299 manat dəyərində məişət əşyalarını nisyə satmış və məhsullar cavabdehə təhvil verilmişdir. Lakin müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, onun 1098.5 manat əsas, 194.37 manat cərimə borcu olmaqla, cəmi 1292.87 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.05.2019-cu il tarixli, MHDK00658 saylı, 18.07.2019-cu il tarixli MHDK00853 saylı nisyə alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı cavabdehə siyahısı təhvil-təslim aktında göstərilən malları satmış, cavabdeh isə iddiaçıya həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 17.05.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği də daxil olmaqla, cəmi 917 manat dəyərində, 18.07.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı cavabdehə cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği də daxil olmaqla, cəmi 1299 manat dəyərində olan məişət əşyalarını təhvil vermişdir. İşdə olan 17.05.2019-cu il tarixli, MHDK00658 saylı alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən, cavabdeh 12 ay müddətində hər ayın 17-dən gec olmamaq şərti ilə 68 manat, 18.07.2019-cu il tarixli MHDK00853 saylı alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən, cavabdeh 12 ay müddətində hər ayın 18-dən gec olmamaq şərti ilə 108 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 31.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 17.05.2019-cu il tarixli, MHDK00658 saylı müqaviləyə əsasən 339.8 manat əsas, 59.63 manat cərimə borcu, 18.07.2019-cu il tarixli MHDK00853 saylı müqaviləyə əsasən 758.7 manat əsas, 134.74 manat cərimə borcu yaranmışdır. İşdə olan cavabdehə ünvanlanmış 08.09.2021-ci il tarixli tarixli bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı təşkilatla cavabdeh arasında bağlanmış 17.05.2019-cu il tarixli, MHDK00658 saylı, 17.05.2019-cu il tarixli MHDK00658 saylı nisyə alqı-satqı müqavilə sinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə 68 manat məbləğində ödəniş etməsi şərti ilə cəmi 917 manat (cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla), 18.07.2019-cu il tarixli MHDK00853 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə 108 manat məbləğində ödəniş etməsi şərti ilə cəmi 1299 manat (cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində olan məişət əşyalarını nisyə satmışdır. Müqavilələrin şərtlərinə əsasən cavabdeh hər ay ödəniş etməli olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun iddiaçı təşkilata 1098.5 manat əsas borcu yaranmış, öhdəliyini yerinə yetirmədiyinə görə cavabdehin əsas borcuna iddiaçı təşkilat tərəfindən 194.37 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış 17.05.2019-cu il tarixli, MHDK00658 saylı, 18.07.2019-cu il tarixli MHDK00853 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı təşkilatın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehdən 17.05.2019-cu il tarixli, MHDK00658 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 339.8 manat əsas borc, 18.07.2019-cu il tarixli MHDK00853 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 758.7 manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, müvafiq olaraq 2 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 2 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 1098.5 manat əsas və 2 manat cərimə borcu alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1098.5 (min doxsan səkkiz manat əlli qəpik) manat əsas və 2(iki) manat cərimə borcu olmaqla, ümumilikdə 2000.5(iki min manat əlli qəpik) manat pul tutulub İddiaçınə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat pul alınıb İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar