Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-205/2021 08.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı və cavabdeh Quluzadə Türkel Hakim oğlunun iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Quluzadə Türkel Hakim oğluna qarşı «icrarəyə verilmiş əmlakdan çıxarılma, tikilmiş tikililərin sökülməsi və müqavilə üzrə yaranmış borcun ödənilməsi » tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Quluzadə Türkel Hakim oğlunun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50 kv/m olan qeyriyaşayış sahəsindən çıxarılmasına, həmin ərazidə qeyri qanuni cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsinə və xx.xx.2020-ci il tarixdən cavabdeh ərazidən çıxarılana qədər yığılan borcun cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50 kv/m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. xx.xx.2020-ci il tarixdə o həmin ərazini Quluzadə Türkel Hakim oğluna müqavilə ilə icarəyə vermişdir. Müqaviləyə əsasən Quluzadə Türkel Hakim oğlu hər ay ona 300 manat pul ödəməli idi. Lakin cavabdeh cəmi bir ay 200 manat pul ödəmiş və özbaşına həmin ərazidə tikintilər inşa etmişdir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh ərazini tərk etməkdən, tikilinin sökülməsindən və pulun ödənilməsindən imtina edir. Ona görə də Quluzadə Türkel Hakim oğlunun ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50 kv/m olan qeyri-yaşayış sahəsindən çıxarılmasına, həmin ərazidə qeyri qanuni cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsinə və xx.xx.2020-ci il tarixdən cavabdeh ərazidən çıxarılana qədər yığılan borcun cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Quluzadə Türkel Hakim oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o fərdi qaydada fəaliyyət göstərən sahibkardır. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı ilə icarə müqaviləsi bağlamış və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən istifadə etməyə başlamışdır. Lakin müqavilə şərtlərinə baxmayaraq ölkədə baş vermiş pandemiya və sərt karantin rejimi ilə əlaqadar aylıq icarə haqqını lazımi qaydada icra edə bilməmişdir. Hazırda da demək olar işləyə bilmirlər və qazancı yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.50 kv. metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2017-ci ildən qeydə alınmışdır. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.50 kv. metr ümumi sahədən ibarət qeyriyaşayış sahəsini 3 il müddətinə aylıq 300 manat olmaqla Quluzadə Türkel Hakim oğluna icarəyə vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı iddia predmeti olan qeyri yaşayış sahəsinin və orada olan əmlakın özünə məxsus olduğuna əsaslanaraq cavabdehdən geri alınmasını, cavabdeh tərəfindən qeyri qanuni tikilmiş tikilinin sökülməsi və müqavilə öhdəliklərindən irəli gələn icarə icarə müqaviləsi üzrə yaranmış aylıq ödənişlərin qaytarılması üzrə yaranan mübahisədir. Qanunvericiliyin tələbindən və tərəflər arasında bağlanmış və notarial qaydada təstiq edilmiş müqavilə şərtlərindən də göründüyü kimi iddiaçı özünə məxsus qeyriyaşayış sahəsini icarə müqaviləsi əsasında cavabdehin istifadəsinə versə də cavabdeh müqavilə şərtlərini pozaraq öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra edə bilməmişdir. Belə ki, cavabdeh sözügedən müqavilənin şərtlərinin pozulmasına əsas kimi ölkədə və dünyada baş vermiş pandemiyanı əsas gətirsə də sözügedən hallarda (forsmajor) hansı tədbirlərin görülməli olması və ya hansı güzəştlərin olması öz əksini tapmamışdır. Əksinə cavabdeh tərəfindən ona icarəyə verilmiş qeyri-yaşayış sahəsində qeyri-qanuni və özbaşına tikilinin aparılması iddiaçının müqavilə öhədəliklərindən irəli gələn hüquqlarını pozmuşdur. Belə olan halda İddiaçı tərəfindən Cavabdehə məxsus qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-qanuni tikinin sökülməsi tələbində tam haqlıdır. İddiaçı icarə müqaviləsi üzrə hesablanmış borcun alınması tələbində haqlı olsa da müqavilədə göstərilən miqdarda yəni hər ay 300 manat olaqla yığılan borcun alınması məqsədə müvafiq deyil. Belə ki, hamıya məlum olduğu kimi 2020-ci ilin mart ayından ölkədə baş vermiş pandemiya ilə əlaqədar ölkədə karantin rejimi sərtləşdirilmiş və ticarət və iaşə obyektlərinin fəaliyyəti fasilələrlə də olsa dayandırılmışdır. Ölkə ərasində dövlət səviyyəsində sahibkarlara sözügedən məsələ ilə əlaqədar güzəştlər olduğu bir halda iddiaçı tərəfindən göstərilən məbləğin tələb olunması məqsədə uyğun deyil. Ona görə də iddia həmin hissədə qismən yəni icarə haqqı kimi hər ay 100 manat olmaqla hesablanıb cavabdehdən alınaraq iddiaçıya verilməsi məqsədə müvafiqdir. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İcarə müqaviləsinin mahiyyətindən görünür ki, icarəyə verən Dövlət əmlakından icarəçiyə qarşılıqlı razılıq ilə müəyyənləşdirilmiş haqq müqabilində istifadə etməyə icazə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub qət e t d i: İddia tələbi qismən təmin edilsin. Quluzadə Türkel Hakim oğlu ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsində inşa edilmiş qanunsuz tikili sökülsün. xx.xx.2020-ci il tarixdən cavabdeh Quluzadə Türkel Hakim oğlunun ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay 100 (bir yüz) manatdan hesablanmaqla yığılan borcu cavabdeh Quluzadə Türkel Hakim oğlundan alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-205/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-205/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver